Aralarında prezident Ərdoğan, xarici işlər naziri Hakan Fidan, MİT müşaviri İbrahim Kalın, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın da olduğu izdihamlı heyətin ilk dayanacağı paytaxt Bağdad olacaq. Prezident Bağdaddan sonra Ərbilə gedəcək.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, Türkiyənin "Hürriyet" qəzetinin əldə etdiyi məlumata görə, İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin dəvəti ilə reallaşan səfər zamanı iki ölkə arasında 30-a yaxın müqavilənin imzalanması gözlənilir. "Hürriyet"ə məlumat verən qaynaqlar bildiriblər ki, məqsəd Türkiyə ilə İraq arasında son zamanlar sürətlənən ikitərəfli münasibətləri hər sahədə inkişaf etdirmək və müqavilə əsaslarını gücləndirərək institusional çərçivə təmin etməkdir. Bu istiqamətdə ən mühüm addım iki ölkə arasında bir müddətdir razılaşdırılan mövzu, yəni İraq torpaqlarının terror təşkilatı PKK-dan təmizlənməsi ilə bağlı atılacaq.
Məlumata görə iki lider aşağıdakı mövzuları müzakirə edəcək:
- İki ölkə arasında uzun müddət davam edən danışıqlarda əldə edilmiş Birgə Əməliyyatlar Mərkəzinin yaradılmasına dair razılaşma Strateji Çərçivə Sənədinə daxil ediləcək. Mərkəzdə İraq Mərkəzi Hökuməti, Regional Hökuməti və Türkiyədən əsgərlərin iştirakı gözlənilir. Ərdoğanın səfəri zamanı Birgə Əməliyyatlar Mərkəzinin strukturu və nə vaxt həyata keçiriləcəyi kimi mühüm detallar dəqiqləşdiriləcək. Türkiyə əməliyyat bölgələrinə yaxın mülki vətəndaşların qorunması üçün tədbirlərin görülməsini istəyir.
- Hakurk, Metina, Zap və Qaranın təhlükəsiz sahə olması təmin ediləcək.
- İraq-Suriya sərhədində PKK/YPG ünsürlərinin aktivliyini azaltmaq üçün konkret addımların atılması kimi məsələlərə də qərar veriləcək. Mənbələr deyib ki, görüşün konkret addımlara çevrilməsi gözlənilir.
İraq tərəfi Ərdoğanın səfərinə böyük əhəmiyyət verir. İraqın baş naziri Məhəmməd Şiyə əs-Sudani səfəri belə dəyərləndirib: "Türkiyə prezidentinin İraqa səfəri keçici bir səfər olmayacaq. İki ölkə arasında ilk dəfə olaraq məsələləri təxirə salmaq əvəzinə həll etmək iradəsi var".