Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a AB-nin baş diplomatı Jozep Borrellin Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı ölkəmizə qarşı səsləndirdiyi ittihamlar haqqında danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
"Buradan belə çıxır ki, onlar Bakı və İrəvandan əvvəl özləri üçün "sərhədləri" müəyyənləşdiriblər, yaxud da Paşinyanın təklif etdiyi variantları tanıyıblar. Borrellin açıqlaması məntiqsizsizdir, heç bir hüquqi əsası yoxdur və təbliğat xarakteri daşıyır. Əslində isə Ermənistana onun mövqeyini dəstəkləməyə hazır olduqlarını göstərmək istəyirlər. Ölkəmizə qarşı sanksiyaların tətbiqi üçün ciddi əsaslar və sübutlar olmalıdır. Bu yoxdur. Borrell hansı ərazi bütövlüyündən danışır? Ermənistanın Konstitusiyası və Müstəqillik Aktında açıq şəkildə həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddiaları var. Bəs bunu necə izah edəcəklər? Ermənistanın özü hələ 1975-1991-ci il xəritələrindən danışır. Yəni ortada nəticə yoxdur. Nəticı əldə olunandan sonra artıq tərəf olmaq mümkündür. Həm müzakirələrə çağırıb, həm də Ermənistanın "ərazi bütövlüyünə təcavüz ehtimalından" danışmaq ikiüzlülükdür".
Qeyd edək ki, Jozep Borrell Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı Azərbaycanın Ermənistan ərazilərinə qarşı "iddia"larından narahat olduqlarını bildirib, tərəfləri danışıqlara qayıtmağa çağırıb. O, eyni zamanda Ermənistanın ərazi bütövlüyünün hər hansı "pozulması halı"nı qəbuledilməz adlandırıb və bunun Azərbaycan- AB münasibətləri üçün ciddi nəticələri olacağını vurğulayıb.