Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Ərdoğanın yerinə o keçəcək” – Azərbaycan həmləsi diqqət çəkdi

Tarix: 16-12-2023 10:26     Baxış: 4224 A- / A+



Manevr.az politoloq Cümşüd Nuriyevin Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Prezident Vladimir Putin deyir ki, Qarabağı Rusiya yox, Ermənistan tərk edib və bununla bağlı Moskvaya məlumat verməyib, onunla məsləhətləşməyib. Rusiya liderinin dəfələrlə təkrarladığı bu ikibaşlı açıqlamasının izahı necədir?
- Elə ikibaşlı da şərh etmək olar. Son zamanlarda Rusiyanın Azərbaycana münasibətində müsbət məqamlar nəzərə çarpır. Rusiyalı politoloqlarının şərhi üzərində analız apardım, mənə məlum oldu ki, birmənalı şəkildə Azərbaycanı bu və ya digər formada dəstəkləyirlər.
Bunu imperiya ambisiyaları ilə etmirlər, Azərbaycanı öz iradəsi ilə hərəkət edən dövlət kimi təqdim edirlər. İndiyədək Rusiyada Azərbaycana qarşı belə münasibət yox idi. Bu, birmənalı şəkildə Putinin göstərişidir, bu göstəriş kənardan gələ bilməz. Çünki həmin politoloqlar bu və digər şəkildə Rusiyanın hüquq-mühafizə orqanları və kəşfiyyatına bağlı insanlardır. İçlərində tanıdıqlarım da, tanımadıqlarım da var.
Bir sözlə, Putinin Azərbaycanla bağlı mövqeyində kifayət qədər müsbət dəyişikliklər var, bunu danmaq olmaz. Məsələ budur ki, Rusiya Cənubi Qafqazdakı mövqelərini qorumaq üçün Azərbaycanla münasibətlərini normal saxlamalıdır. Bu da bizim milli maraqlarımıza xidmət edir.
Rusiya son üç ildə Azərbaycan əleyhinə nə güclü təbliğat aparıb, nə də bizə maneə yarada bilib. Ruslar erməniləri də yaxşı tanıyırlar, bilirlər ki, ermənilərin gələcəkdə bölgədə qalmaları region üçün problem deməkdir. Çünki ermənilər Fransa və Amerikanın əllərindədir.
Rusiya çalışacaq ki, erməniləri yox, Azərbaycanı dəstəkləsin. Bu, bizə sərf edirsə, niyə də olmasın?!

- Belə bir fikir də var ki, Rusiyanın Azərbaycana indiki loyal münasibəti Ermənistanın mövcud hakimiyyətinin qərbpərəst olması ilə əlaqəlidir. Belədirsə, Ermənistandakı mümkün iqtidar dəyişikliyinin Rusiya-Azərbaycan əlaqələrinə təsiri necə ola bilər?
- Bunu proqnozlaşdırmaq çətindir. Amma mən inanmıram ki, Rusiya bundan sonra Ermənistanda özünə uyğun adamı hakimiyyətə gətirsin və ya gətirə bilsin. Çünki bilir ki, hakimiyyətdə kim olur-olsun, erməni xisləti maraqları yenə sata bilər. Ermənistan da indi belə bir dəyişikliyə hazır deyil.
Müharibədə məğlub olmasına baxmayaraq, Paşinyan yenidən seçildisə, indi Rusiyanın bu cəhdlərinin heç bir nəticəsi olmayacaq. Rusiya bunu dərk edir. Amma istəyirlər ki, Köçəryanın oğlunu (Levon) hakimiyyətə gətirsinlər. Ermənistanda isə bunu istəmirlər. Köçəryanın oğlu hakimiyyətə gətirilənədək Ermənistan hakimiyyəti lazımi məsələləri həll edəcək.
Ermənistan indi çalışır ki, Azərbaycanla sülh sazişini imzalasın. Biz də bütün platformalardan yararlanmağa çalışırıq: Avropa, Rusiya və ya ABŞ - bizim üçün heç bir fərqi yoxdur. Hansı platforma milli maraqlarını təmin edirsə, Azərbaycan ora gedir. Çünki birincisi, qalib bizik, ikincisi, danışıqlar masasında söz sahibi Azərbaycandır.
Azərbaycan da sülh sazişinin şərtlərini qoyub, indi tərəflər arasında bununla bağlı mübadilə var. Belə bir durumda Rusiyanın Ermənistanda dövlət çevrilişi edib özünə uyğun komanda və ya adamı hakimiyyətə gətirmək ehtimalı çox aşağıdır.

- Sülh danışıqlarından gözləntiniz necədir? Baş nazir Nikol Paşinyan müqavilənin imzalanmasının çox real olduğunu söyləyir.
- Ermənistan sülh müqaviləsini imzalamaq məcburiyyətindədir. Çünki hadisələrin gedişi göstərir ki, Ermənistan bölgədə yavaş-yavaş təklənir. Ən yaxşı sirdaşı və dostu İranın da Ermənistandan narazılığı var, eləcə də Rusiyanın. Bu narazılıqlar istənilən vaxt Ermənistan üçün başqa nəticələr verə bilər. Bu baxımdan, sülh müqaviləsini imzalamaq Ermənistana daha çox lazımdır.
Sülh müqaviləsinin imzalanmasından sonra sərhədlərin delimitasiya və demarkasiyası gəlir. Gedişat göstərir ki, məsələlər müsbət həllini tapacaq. Gələn ay Bayramov və Mirzoyan Vaşinqtonda görüşəcək, yəqin ki, bundan sonra Brüssel yenə özünü gündəmə gətirəcək, ardınca da Moskva... Amma artıq Azərbaycan və Ermənistan öz aralarında danışır.
Hesab edirəm ki, Rusiya və ya Putin iki ölkənin anlaşmasında maraqlıdır. Çünki Zəngəzur dəhlizinin açılmasını istəyirlər. Yəni sabah bu müstəvidə müsbət nəsə baş versə, Moskva bunu dəstəkləyəcək.

- Zəngəzur dəhlizi məsələsi necə həllini tapacaq? Ermənistan təkid edir ki, nəzarət onda olmalıdır, amma keçid rejimini sadələşdirə bilərlər.
- Ermənistan bu məsələnin yer aldığı 10 noyabr bəyanatına hələ 2020-ci ildə imza atıb. Həmin bəyanatın 9-cu bəndinə görə, nəzarət Rusiyada olmalıdır. İndi Ermənistan hiyləgər gediş etmək istəyir. Paşinyan ikiüzlü siyasət aparır. "Sülh qovşağı" adlı bir layihə gündəmə gətiriblər. Ermənistan bu çərçivədə Orta Dəhlizdə, yaxud Azərbaycanla Türkiyə arasındakı nəqliyyat dəhlizləri üzərində söz sahibi olmaq istəyir.
Bu, Amerikanın planıdır. Amma bu planın alınma ehtimalı çox aşağıdır. Hətta çalışırlar ki, bu dəhliz Azərbaycan və Türkiyənin pulu hesabına həyata keçsin. Bu da çətin məsələdir.
Bütün çətinliklərə baxmayaraq, Zəngəzur dəhlizinin açılma ehtimalı çox yüksəkdir. Ermənistan buna mane ola bilməyəcək.

- Türkiyə xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri həm ölkəmizdə, həm də Ermənistanda müzakirə mövzusuna çevrilib. Hətta buna ABŞ Dövlət Departamenti də reaksiya verdi. Sizcə, qardaş ölkənin baş diplomatı Bakıya niyə gəlmişdi?
- Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsində qərar alıb ki, hərbi və xarici siyasət sahələrində birgə fəaliyyət göstərsin.
Bundan başqa, qardaş Türkiyə 2015-ci ildə milli təhlükəsizliklə bağlı bir strategiya qəbul edib. Həmin strategiyada türk dövlətlərinin təhlükəsizliyi məsələsi öz əksini tapıb. İlk dəfədir ki, bu məsələ Türkiyənin təhlükəsizlik strategiyasında yer alır. Türkiyə bir lider dövlət kimi hərəkət edir. Artıq Ərdoğan da dünyanın beş liderindən biridir, o, belə bir status qazanıb. Təkcə türk dünyası yox, İslam dünyasından da məsul lider kimi Ərdoğan və ya Türkiyəni qəbul edirlər. Hakan Fidan da Türkiyədə söz sahibi olan isimlərdən biridir, hətta deyim ki, ölkənin gələcək prezidenti olacaq adamdır.
Birmənalı şəkildə Ərdoğandan sonra prezident Hakan Fidan olacaq. Bunu görürəm. Bunu anlamaq üçün onun fəaliyyətlərinə və hərəkətlərinə diqqət etmək kifayətdir, bunu görməmək mümkün deyil. Əlbəttə, öz maraqlarına xidmət etməklə yanaşı, bu maraqlarını Azərbaycanla uyğunlaşdırırlar. Hakan Fidanın Bakı səfərində məqsədlərdən biri də budur.
Üstəgəl, gələcək xarici siyasəti birgə formalaşdıracaqlar. Xarici iqtisadi siyasəti bir araya gətirməlidirlər, digər yandan, milli təhlükəsizlik konsepsiyalarını uyğunlaşdırmaq lazımdır. Çünki Azərbaycanın milli təhlükəsizlik konsepsiyası 2014-cü ildə qəbul edilib və orada yer alan məsələlərin çoxu yerinə yetirilib.
Azərbaycan milli təhlükəsizlik konsepsiyasını və hərbi doktrinasını bu və digər formada dəyişməlidir. Çünki biz NATO standartlarında olan Türkiyə modelini qəbul etmişik. Bir də Azərbaycanla Türkiyə arasında mədəni sahədə vahid dil məsələsi var. Artıq iki ölkə arasında vahid dil və əlifba formalaşır.
Mədəniyyətlə bağlı 2008-ci ildən bəri TÜRKSOY-un xətti ilə çox işlər görülüb. Hakan Fidan bütün sahələr üzrə vahid strategiyaları müəyyənləşdirmək üçün gəlmişdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar