Xəbər lenti
Ceyhun Bayramov ABŞ-dan əliboş qayıtsa, Ordumuz əməliyyata başlayacaq
Bu gün Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayacaq. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, danışıqlar iyunun 29-dək davam edəcək.Məlumata görə, Dövlət katibi Entoni Blinken hər iki nazirlə ayrı-ayrılıqda danışıqlar aparacaq.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqları davam etdirəcək. Artıq hər iki nazir görüşdə iştirak etmək üçün ABŞ-da səfərdədir.
Növbəti Vaşinqton görüşündən gözləntilər nələrdir?
Mövzunu Modern.az-a şərh edən politoloq Natiq Miri bildirib ki, danışıqlarda Azərbaycan üçün fundamental və prinsipial olan məsələ Qarabağdır.
“Azərbaycan bütün təməl problemlərin içərisində öncəliklə Qarabağ məsələsini həll etməlidir. Azərbaycanın ərazi bütövlüyü təmin olunubsa belə, Qarabağ bölgəsinin bütün hissələrində Azərbaycanın suveren hüquqları bərpa olunmayıb. Bu da həmişə Azərbaycan dövləti üçün təhlükələr yarada bilər. Bundan istifadə edə biləcək regional və qlobal güclər var. Bu, heç kimə sirr deyil. Ona görə də, ilk növbədə bu yaranı sağaltmağa ehtiyac var. Doğrudur, düşünənlər var ki, sərhəd məsələsi, Zəngəzur dəhlizi Azərbaycan dövlətinin marağındandır və paralel həll olunmalıdır. Zəngəzur dəhlizi ilə bağlı fikir yaxınlaşması mövcuddur. Ermənistan Qərbin, xüsusilə də Avropa Birliyinin maraqları və tələbləri çərçivəsində addım atır. Ermənistan ərazisindəki infrastrukturlar bu ölkənin öz yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcək. İstər sərhəd qoşunları, istər gömrük strukturları, istər sanitar, bütün məsələlər Ermənistanın iddia etdiyi kimi bu dövlətin nəzarətində olacaq. Düzdür, bu məsələ hələ açıq qalır. Çünki Rusiya 10 noyabr sazişinə əsasən prosesin getməsini tələb edir. Ancaq bu faktdır ki, Ermənistan müddəalardan imtina edir. Rusiyanın edə biləcəyi nəsə yoxdur. Ermənistanla sülh müqaviləsi bağlamadan öncə Azərbaycan Qarabağla bağlı sənədə təsdiqedici imza atdırmalıdır. Baş nazir Nikol Paşinyan sözdə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, yaxud tanımağa hazır olduğunu bildirir. Bunu siyasi sənəddə təsbit edib imza atmağa ehtiyac var. Düşünürəm ki, Vaşinqton görüşündə Azərbaycanın tələb etdiyi ilk məsələ bu yöndə olacaq”, - politoloq deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanın irəli sürdüyü tələblərdən yayınmaq üçün müxtəlif manipulyasiyalara əl atacaq:
“Müəyyən fikir ayrılıqları var ki, əslində Ermənistan bunun üzərinə manipulyasiya etmək istəyir. Ermənistan kobud şəkildə Azərbaycanın daxili işlərinə qarışaraq, separatçı rejimi maliyyələşdirir və Qarabağ ərazisində öz ordusunu saxlayır. Paralel olaraq separatçı rejimlə Azərbaycan dövlətinin dialoq aparmasını və bunun beynəlxalq mexanizmlərin nəzarəti çərçivəsində həyata keçirilməsini tələb edir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyandan sonra siz bunu iddia və tələb edə bilməzsiniz. Çünki bu bir dövlətin suveren haqlarına təcavüzdür. Başqa bir dövlət necə Azərbaycanın öz daxilindəki milli azlıqlarla danışıqların hansı formada aparılmasına müdaxilə edə bilər? Belə bir şey dünya praktikasında varmı?
Beynəlxalq nöqteyi-nəzərdən Azərbaycanın mövqeyi güclüdür. Əgər Ermənistan rəhbərliyi Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiq edəcək bir sənədə imza atmağa razı olacaqsa, düşünürəm ki, digər məsələləri həll etmək daha rahatdır. Azərbaycan və Ermənistan arasında artıq Zəngəzur dəhlizi ilə bağlı problem qalmayıb. Bu gün sözügedən məsələ üçtərəfli məsələdən çox, Rusiya-Ermənistan probleminə çevrilib. Bu dəhliz qarşılılıq prinsipinə söykənir. Ermənistanda nə olacaqsa, eyniylə Azərbaycan sərhədində də o olacaq. Yəni onlar tərəfdən maneə olmasa, yumşaqlıq tətbiq etsələr, Azərbaycan da eyni davranacaq. Bununla bağlı problem yoxdur. Əgər ABŞ Azərbaycanın bu istiqamətdə mövqeyini qəbul edib, Ermənistana təsir edəcəksə, əlbəttə, çox böyük irəliləyişin olacağını düşünürəm”.
N.Miri hesab edir ki, danışıqlar fonunda erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması vacibdir:
“Dediyimiz sənəd imzalandıqdan sonra Ermənistan öz qoşunlarını tez bir zamanda Qarabağdan çıxarmalıdır. Bu, dolayısı ilə Ermənistanın maraqlarını ifadə edir. Çünki Qarabağda mövcud olan Ermənistan qoşunları və digər terrorçu ünsürlər bu gün Azərbaycan və Ermənistan dövlətinə qarşı müəyyən mənada həm də təzyiq mexanizmi olaraq istifadə olunur. Ona görə də Rusiya qoşunların Qarabağdan çıxarılmasını istəmir. Bu məsələ həll olunduqdan sonra sərhəd məsələsini də gələcəkdə müzakirə predmeti olaraq, dialoq formasında irəliyə aparmaq mümkündür. Çünki sərhəd məsələsi uzun prosesdir. 30 ildir ki, Azərbaycan müstəqil dövlətdir. Hələ də Rusiya və Gürcüstanla sərhəd məsələsində bütün işlər həll olunmayıb. Prinsipial olaraq, sülh sazişini imzalamaq üçün mütləq mənada Qarabağda olan problemləri həll etmək lazımdır. Mövcud problemin həll yolu rəsmi sənəddə ərazi bütövlüyünü təsdiq edib, konkret zaman kəsimində erməni qoşunlarının Qarabağdan çıxarılma öhdəliyini götürməklə mümkündür. Bu, həm də Rusiyanın təzyiq mexanizmlərini əlindən almaq demək olacaq”.
Politoloq onu da vurğulayıb ki, ABŞ silahlı erməni dəstələrinin Qarabağdan çıxarılmasında maraqlı olmalı və konkret mövqe ortaya qoymalıdır:
“Əgər ABŞ-da ağıllı, rasional siyasətçilər varsa, bu notlar üzərində çalışmaq lazımdır. Rusiyanın regionda varlığı ABŞ-ı narahat edirsə, rus qoşunlarının Qarabağı tərk etməsini istəyirsə, bunun üçün əvvəl Ermənistan qoşunları Qarabağı tərk etməlidir. Mən perspektiv görürəm. Ancaq bu, Ermənistanın nə qədər sülh sazişinə hazır olmasından və ABŞ-ın təzyiq mexanizmlərindən asılı olacaq. Əgər belə bir iradə olmayacaqsa, bugünkü Vaşinqton görüşü də digərlərindən fərqlənməyəcək. Düşünürəm ki, danışıqlar nəticəsiz qalsa, iyulun 21-də Brüssel formatında görüşə ehtiyac qalmayacaq. Azərbaycan artıq Qarabağ məsələsini birtərəfli qaydada özü bildiyi kimi həll edəcək. Antiterror əməliyyatı başlamalıdır ki, bu proses sürətlənsin. Əks halda bu cür oyunlarla Azərbaycanı gözləməyə məcbur edəcəklər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar