Manevr.az-ın xəbərinə görə, mövzunu konkret.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki,İran hər zaman Azərbaycana qarşı təxribatlara yol verib: “Tehran müxtəlif variantlardan istifadə edərək rəsmi Bakı ilə gərginlik yaratmağa çalışır. İranın bu addımı atması bir neçə səbəblə bağlıdır. Birincisi, İranın daxilində etirazların səngiməsi ilə bağlı fikirlər səsləndirilsə də, orada nümayişlər hələ davam edir. Etirazlarda isə Azərbaycan türklərinin çoxluq təşkil etməsi fars-molla rejimində narahatlıq yaradır. Ona görə də, İran daxildə baş verən gərginliyi daha çox ölkə xaricinə daşımaqla mövcud problemləri ört-basdır etməyə səy göstərir. Nəzərə almaq lazımdır ki, Çinin təkid və tələbi ilə İranın Səudiyyə ilə münasibətlərini normallaşdırmasından sonra Ər-Riyad əleyhinə hansısa fikirlərin səsləndirildiyini görmürük. Bu, o deməkdir ki, İran artıq ölkə daxilindəki vəziyyəti yayındırmaq üçün düşmən axtarışındadır. Beləcə fars-molla rejiminin fikrində Azərbaycan canlanır. Rəsmi Bakının İsraillə münasibətləri Tehranı özündən çıxarır və bu cür absurd səbəblərdən dolayı Azərbaycanla gərginlik yaratmağa çalışır”.
Politoloqun sözlərinə görə, Azərbaycan heç zaman öz ərazisindən qonşularına qarşı istifadə olunmasına icazə verməyib: “Bunu İran da yaxşı bilir. Amma rəsmi Tehran yenə də Azərbaycanı təxribata çəkməyi qarşısına əsas məqsəd kimi qoyub. Ermənistandakı səfirinin Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlama, İran elitasında Azərbaycanla bağlı səsləndirilən fikirlər Tehranın ölkəmizi təxribata çəkməyə çalışdığını sübuta yetirir. Səfirliyimizə edilən terror hücumu, bu hadisəni törədənlərin həbs olunmaması isə fars-molla rejiminin bir çox qaranlıq planlarından xəbər verir. Düşünürəm ki, İran daxildəki problemlərdən qaçmaq üçün Azərbaycandan istifadə etməyə çalışır. Amma rəsmi Bakı buna imkan verməyəcək”.