Xəbər lenti
Ərdoğana qarşı birləşənlərin savaşı başladı – Qapalı görüşdəki davanın detalları
Türkiyədə “altılı masa” platformasında birləşən müxalifət vahid namizədi müəyyən etmək məqsədilə 12-ci dəfə görüş keçirdi. Görüşdə namizədin müəyyən edildiyi deyilsə də, adı açıqlanmayıb. Rəsmi məlumata görə, namizəd martın 6-da açıqlanacaq.
Hərçənd, masada fikir ayrılığının olduğu aydın görünür. “Müəyyən edildi” deyilən namizədin adının açıqlanmasının 6 marta saxlanılması da bunu deməyə əsas verir.
“Altılı masa”da bir-birinə qarşı olan iki əsas fiqur var: CHP lideri Kamal Kılıçdaroğlu və İYİ Partiyanın sədri Meral Akşənər;
Akşənər Kılıçdaroğlunun “vahid namizəd” olmasını istəmir. Lakin son toplantıda açıqlanmasa belə “vahid namizəd” kimi Kılıçdaroğlunun önə çıxdığı görünür. Masada təmsil olunan Səadət Partiyası (Təməl Qaramollaoğlu) və Demokrat Partiyası (Gültəkin Uysal) Kılıçdaroğlunu dəstəklədiklərini öncədən elan ediblər. DEVA (Əli Babacan) və Gələcək (Əhməd Davudoğlu) partiyaları daha çox neytral qalmağa üstünlük verir. Əsas etiraz edən tərəf İYİ Partiyadır.
Merel Akşənərin Fox Tv-yə son müsahibəsi də göstərdi ki, İYİ partiya Kılıçdaroğlunun namizədliyinə qarşı sərt mövqe sərgiləyir. Bu müsahibə görüşdən öncə verilmişdi və belə görünürdü ki, Akşənər “vahid namizəd”in müəyyən ediləcəyi toplantıda əlini gücləndirmək gedişi etdi. Lakin görüş onun istədiyi kimi keçməyib.
Jurnalist Murat Sabuncu görüşlə bağlı əldə etdiyi məlumatları yayıb. Məlumatlara görə, Meral Akşənər Kılıçdaroğlunun namizədliyinə qarşı çıxıb.
“Partiyamın aldığı qərar belədir ki, namizəd İmamoğlu, ya da Yavaş olsun, bu, qəbul edilməsə, masadan ayrılacağıq” – Akşənər deyib.
İstanbul bələdiyyəsinin sədri olan Əkrəm İmamoğlu CHP üzvü olsa da, seçkilərdə namizəd olmaq niyyətindən də əl çəkmir, lakin bunu açıq şəkildə yox, Akşənər vasitəsilə dilə gətirir. Ankara bələdiyyəsinin sədri olan Mansur Yavaş da CHP-lidir, onun “vahid namizəd” olması təklifi əvvəldən gündəmdədir, lakin Yavaş “altılı masa”da onunla bağlı vahid mövqe olacağı təqdirdə, namizəd olmağa razılaşacağını deyib.
Məlumata görə, toplantıda Yavaş və İmamoğlunu təklif edən Akşənərlə Kılıçdaroğlu arasında söz dueli yaşanıb.
Akşənər: “Bu iki şəxs olmasa, masadan gedəcəyik”.
Kılıçdaroğlu: “Onlar bələdiyyə sədrləri olaraq vəzifələrini davam etdirəcəklər”.
Akşənər: “O zaman mən bunu partiyamda müzakirə etməliyəm”.
Kılıçdaroğlu: “Lazım olarsa, beş partiyanın imzası ilə bir açıqlama verə bilərik”.
Akşənər: “Mən qalxıb gedim?”
Məlumata görə, digər partiyalar müdaxilə edərək, mübahisəni sakitləşdirib. Daha sonra belə qərar verilib ki, Kılıçdaroğlu və Akşənər partiyalarında müzakirələr aparacaq və martın 6-da “vahid namizəd” elan ediləcək.
Görüşdən sonra CHP və İYİ partiya üzvlərinin sosial şəbəkələrdə verdiyi açıqlamalar gərginliyin pik həddə olduğunu deməyə əsas verir.
CHP-lilər Kılıçdaroğlunun fotolarını paylaşaraq, “Başlayırıq” yazıb.
İYİ partiya üzvləri isə “Millət 5-dən böyükdür” açıqlamalarını verib.
Proseslər İYİ Partiyanın “Altılı masa”dan ayrılacağı yönündə inkişaf edir. Məlumatlara görə, M.Akşənər partiyada fövqəladə toplantı çağırıb. Toplantıda son qərarın veriləcəyi gözlənilir. Hətta İYİ Partiyanın “Altılı masa”dan ayrılaraq, Məmləkət (Muhərrəm İncə) və Zəfər (Ümid Özdağ) partiyaları ilə ittifaq quracağı haqda informasiyalar da gündəmə gəlib.
Baş verənlər Ərdoğana qarşı birləşən Türkiyə müxalifətinin daxilində çatların olduğunu göstərir. Seçkilər yaxınlaşdıqca, daxili mübarizə daha açıq müstəviyə keçir və bu vəziyyət ən çox Ərdoğana sərf edir.
Asif Nərimanlı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar