Xəbər lenti
Zelenskinin Bakıya zəngi anti-Azərbaycan qüvvələri hərəkətə keçirdi
Dövlət Dumasının deputatı deyib ki, guya Azərbaycan Ukraynaya silah verir və...
Ötən həftə Volodimir Zelenskinin Prezident İlham Əliyevə zəngi anti-Azərbaycan qüvvələri hərəkətə keçirib. Yada salaq ki, telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər.Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin ənənəsinə sadiq qalaraq yenə Azərbaycanla bağlı sərsəmləyib. K.Zatulin “Danışır Moskva” radiostansiyasına müsahibəsində deyib ki, guya Azərbaycan Ukraynaya silah verir: “Bu gün başqa bir mesaj var: Zelenski Əliyevlə danışdı, ona köməyə görə təşəkkür etdi. Niyə? Çünki Azərbaycan Ukraynaya silah verir, mina verir, özü də nə vaxtsa yox, 2022-ci ildə. Biz buna göz yumuruq. Göz yummağa məcburuq, çünki ağırlaşmaları istəmirik. Perimetri tutmağa çalışırıq, lakin vaxtaşırı geri çəkilməliyik”.
Göründüyü kimi, rus-erməni mediası Prezident İlham Əliyevin ukraynalı həmkarı Zelenski ilə telefon danışığında onun bizim prezidentə təşəkkür etməsinə müəyyən don geyindirməyə çalışırlar. Bunu elə təqdim edirlər ki, guya Azərbaycan Ukraynaya hərbi yardım edir. Halbuki burada söhbət hərbi yardımdan getmir. Zaman-zaman Azərbaycanla bağlı belə təxribat xarakterli məlumatlar olur. Elə bugünlərdə Rusiya mediası Azərbaycandan Ukraynaya guya silah tədarükü ilə bağlı məlumat yaymışdı. İddia olunurdu ki, Azərbaycanın 2022-ci ildə istehsal olunan 120 mm-lik 40M11 minaları Ukraynaya satılıb. Rusiya mediası ötən ilin iyununda da Ukrayna qüvvələrinin arsenalında Azərbaycan istehsalı olan 82 mm-lik 20N5 minaatanlar olduğunu yazmışdı. Ara-sıra belə məlumatlar da uydururlar ki, Azərbaycan dolayı yollarla təyyarələrlə Ukraynaya silah daşıyır. Ancaq bununla bağlı ortada bir fakt belə yoxdur. Belə məlumatları rus-erməni mənbələrinin tirajlaması, guya Zelenskinin də təşəkkür edərkən məhz hərbi yardımı nəzərdə tutması və bunun ərtafında ajiotaj yaratmasında məqsəd nədən ibarətdir?
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Zatulini işlənmiş material adlandırdı: “O, artıq ermənilərə belə lazım deyil. Bildiyiniz kimi, Paşinyan iqtidarı Zatulinin Ermənistana səfərini yasaqlayıb. O, Qarabağ erməniləri və Rusiyada erməni diasporunun bir hissəsindən başqa yararsız bir siyasi elementə çevrilib. Lakin unutmayaq ki, Rusiyada hələ də çox güclü erməni lobbisi var. Üstəlik, rus dövləti, ümumilikdə götürsək, hələ də ermənilərin yanındadır. Bütün bunlara rəğmən Azərbaycan-Türkiyə tandemi Rusiya üzərində çox ciddi işləməlidir. Rusiyanın Azərbaycan və Türkiyəyə ehtiyacı var. Rusiya Qərblə mübarizədə Türk-İslam dünyasını müttəfiq olaraq görmək istəyir. Çünki buna ehtiyacları var. Qərb bütün cəbhələrdə Rusiyanın üstünə gedir. Əvvəl prezident, sonra da xarici işlər naziri səviyyəsində rəsmi İrəvan Moskvanın vasitəçiliyi ilə Bakı ilə təması rədd etdi. Sonra isə Blinken Əliyevlə Paşinyanı görüşdürür. Bu cür saymazlıq Ermənistanın Rusiyaya silləsi idi. Moskva təbii ki, bunu nəzərə alır və fikrimcə, bunun cavabını da gözlətməyəcək. Qərb-Rusiya qarşıdurmasının episentrinə Baydenin gözlənilmədən Kiyevdə peyda olmasını da əlavə etsək, yuxarıda qeyd etdiyim kimi, Vaşinqtonun Şərqi Avropadan Cənubi Qafqaza qədər uzanan cəbhə boyu Moskvanın üstünə gəldiyini sezə bilərik. Bu cür vəziyyət Kremli Ankara və Bakı ilə daha da yaxınlaşdıra bilər. İrəvan Qərbə heç vaxt olmadığı kimi yaxındır. Moskva qəzəbləndikcə Bakı situasiyanı öz xeyrinə dəyişdirməyi bacarmalıdır”.
Rövşən Məhərrəmov
Rövşən Məhərrəmov
Hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Azərbaycanı ittiham etmək üçün heç bir əsasın olmadığını söylədi. Ekspert qeyd etdi ki, Azərbaycan ilk gündən Ukraynanın ərazi bütövlüyünü tanıyıb. Onun sözlərinə görə, dövlət rəsmiləri bu barədə dəfələrlə açıqlamalar veriblər: “Zelenskinin Azərbaycan Prezidentinə zəngi ilk dəfə deyil. Biz dost dövlətlərik. İlk növbədə bilməliyik ki, Rusiyadakı ermənipərəst deputatlar, politoloqlar, komissiya üzvləri bundan bizə qarşı məharətlə istifadə etməyə çalışırlar. Amma bu alınan deyil. Ona görə ki, hamı Zatulini tanıyır. Onun özünün Ermənistana buraxılması qadağan olunub. Öz çirkin əməllərindən əl çəkmir. Azərbaycana şər-böhtan yağdırır. Müəyyən bəhanələrlə hücumlar edir. Ərazi bütövlüyümüzü də dəfələrlə şübhə altına salıb. Zatulini ciddi bir insan kimi qəbul etmirəm. Rusiyanın özündəki siyasətçilər açıq-aşkar bilirlər ki, Zatulin Ermənistan tərəfindən maliyyələşir, dəstək alır. Silah məsələsinə gəlincə, bu barədə bir sıra media orqanlarında fikirlərimi demişəm. Əllərində heç bir sübut yoxdur. Azərbaycanın Ukraynaya silah təminatı barədə əllərində nəsə olsaydı, indi hər gün gözə soxmağa çalışırdılar. Azərbaycanın müxtəlif dövlətlərlə silah satışı ilə bağlı müqavilələri var. Son zamanlar ölkəmizdə bu sahə sürətlə inkişaf edir. Bu biznesdir. Silahlarımızı bütün dövlətlərə sata bilərik. Hansı ki, Ukrayna bizim silahları üçüncü dövlət vasitəsilə əldə edə bilər. Burada minaatanlardan söhbət gedir. Bunu Azərbaycan tərəfi bilməyə də bilər. Bir sözlə, bu ittihamlar əsassızdır. Digər tərəfdən, Rusiya niyə yadından çıxarır ki, 44 günlük müharibədə, eləcə də ondan qabaqkı dövrdə gecə-gündüz erməniləri silahlarla təmin edirdilər. Bunu Paşinyan da etiraf edib, dolayısı ilə Putin də. Onların bu istiqamətdə heç bir haqqı yoxdur ki, Azərbaycanı ittiham etsinlər. Bizə qarşı sübutsuz ittihamlar irəli sürmələri yersizdir. Baxmayaraq ki, Azərbaycanın əlində kifayət qədər sübutlar var. Elə götürək, "İsgəndər M" raketlərinin Azərbaycan ərazisinə atılmasını. “Bu İsgəndər M”lər Ermənistanda yoxdur. Haradan gəlib bu silahlar düşmən ölkəyə çıxıb? Sualın cavabı Rusiya tərəfdədir. Biz onları ittiham etməkdən, Zatulin, Solovyov kimiləri kənardan bizə ittihamlar yağdırırlar. Hətta Paşinyan çıxışında bildirmişdi ki, biz Rusiyaya bir milyard pul ödəmişik, onlar bizi silahlarla təmin etməyiblər. Rusiya tərəfi isə bildirdi ki, həmin silahları biz 44 günlük savaşda vermişik. Bu fakt onu sübut edir ki, Rusiya tərəfi 44 günlük savaşda erməniləri tam şəkildə silahlandırıb. Bilirsiniz ki, silahlar gəmilərlə İranın Ənzəli portuna gedirdi, oradan da maşınlarla Ermənistan ərazilərinə daşınırdı, oradan da Qarabağ ərazisinə gətirilirdi. Heç kəsə sirr deyil ki, Azərbaycan Ukrayna xalqına çoxlu sayda yardımlar edir. Bu yardımları etmək borcumuzdur. Unutmayaq ki, Vətən müharibəmizdə eyni hərəkətləri də Ukrayna bizə etmişdi. Biz dost, suveren ölkələriyik. Öz səlahiyyətlərimizə aiddir. Heç bir sübut, əsas olmadan silah satmağımızı deməklə heç nəyə nail ola bilməyəcəklər. Bu, ancaq və ancaq Azərbaycana qarayaxma kampaniyası kimi qəbul olunmalıdır. Bütün bunlardan Ermənistan çox məharətlə istifadə edir. Amma unutmamalıdırlar ki, Azərbaycan və Ukrayna prezidentləri hər gün bir-birinə telefon zəngi edə bilərlər. Rusiya ilə müharibə gedir deyə Azərbaycan rəhbəri başqa bir müstəqil ölkənin başçısı ilə danışa bilməz ki? Əlbəttə, bu onun səlahiyyətindədir. Bundan sonra da bu tipli danışıqların aparılması istisna deyil. Heç kəs buna müdaxilə edə bilməz. Xalq olaraq da, bu müharibədə Ukraynaya çoxlu yardımlar göndəririk. Bu davam edir və niyə də davamlı olmasın? Əgər Rusiya daim Ermənistanı dəstəkləyirsə, özü də bunu açıq şəkildə edirsə, biz bunu gözlərimizlə görüb, şahidi oluruqsa, nəyin müqabilində Ukraynaya yardım etməyək? Özü də burada humanitar yardımlardan söhbət gedir. Hesab edirəm ki, Ukrayna ilə münasibətləri daha da möhkəmləndirməliyik. Bu gün Ukrayna çox ağır bir vəziyyətdədir. Xalq çox ağır durum yaşayır. Hərbi sahədən daha çox mülki sahələr bombalanıb, sıradan çıxarılıb, binalar dağıdılıb. Ukraynada yaşayan çoxlu sayda azərbaycanlılar da var. Onların heç biri Ukraynanı tərk etməyib. Oranın vətəndaşı olaraq, öz vətəndaşlıq borclarını yerinə yetirirlər. Həmçinin Rusiya tərəfində rus vətəndaşı olan azərbaycanlılar var ki, ordunun tərkibində Ukraynaya qarşı müharibədə iştirak edirlər. Buna da Azərbaycan müdaxilə edə bilməz. Çünki onlar Azərbaycan vətəndaşları deyillər".
Tural İsmayılov
Tural İsmayılov
Politoloq Tural İsmayılov isə qeyd etdi ki, Rusiyada tamamilə vicdanını erməni lobbisinin çirkli pullarına satan adamlar siyasətçi adı ilə sərsəmləməklə məşğuldurlar: “Çox maraqlıdır ki, indiyə kimi Zatulin və onun timsalındakıların Azərbaycan və Türkiyə əleyhinə böhtanlarına cavab verməyən Rusiya rəsmiləri açıq-aşkar böhtanla məşğul olan siyasətçilərini yemləməklə məşğuldur. Zatulin gözünün içinə qədər yalan deyir. Anatomik quruluşundan belə pul üçün hər şeyi edəcəyini göstərən Zatulin və onun kimilərin Azərbaycanın Ukraynaya guya silah satışı etdiyi haqqında yalanları onsuz da ciddi qəbul edilə bilməz. Bundan başqa, Azərbaycan Prezidenti Zelenskinin zəngindən əvvəl də Putinlə danışıb. Ölkəmiz müstəqil geopolitik güc kimi regional maraqların üzərində olduğu məkandır. Azərbaycan Rusiyadan fərqli olaraq biryanlı siyasi xətt yürütmür. Eyni zamanda Azərbaycan işğalçı və aqressiv siyasətlərlə də heç vaxt barışa bilməz”.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar