Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

İranın Kərbəla müsibəti üzərində qurduğu biznes imperiyası - ARAŞDIRMA

Tarix: 09-12-2022 17:35     Baxış: 4274 A- / A+



                                                                                                    

“Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,
Gəlsə, düşər bu dəştidə dərdü bəlaya, gəlməsün”.

 İran rejiminin Əhli-beyt eşqini gəlir mənbəyinə çevirməsi, şiə inancı üzərində biznes qurması Natəvanın Hüseynə ünvanlanan Kərbübəla beytini günümüzün reallığına uyğunlaşdırmaq və bu sözlərlə möminlərə çağırış etmək zərurəti yaradıb: “Söylə möminlərə, ey səba, Kərbəlaya gəlməsin, gəlib mollaların biznesini çiçəkləndirməsin”;


Çünki Kərbəladan Məşhədə qədər uzanan müqəddəs məkanlar molla rejimi üçün iman yox, gəlir qaynağına çevrilib. Və azərbaycanlılar da daxil olmaqla milyonlarla zəvvarın niyyəti Əhli-Beyt eşqi ilə Kərbəla müsibətini yad etmək, müqəddəs məkanlara baş çəkməklə dini borclarını yerinə yetirmək olsa da, ürəklərindəki imanla çıxdıqları bu yolda küfəlilər İmam Hüseyni aldatdıqları kimi, molla rejiminin də onları aldatdığından xəbərsizdirlər. Bu acı reallıq Kərbəla müsibətinin İran ayətullahları tərəfindən necə istismar edildiyinə diqqət etməyi zəruri edir, ən azından, inanclı insanların onların imanından sui-istifadə edildiyini bilməsi baxımından.

Ayətullahların Kərbübəla biznesi

Kərbəla şiə dünyasının müqəddəs ocağıdır və İslam aləmində də Əhli-beytin bu torpaqlarda yaşadığı zülm 14 əsr sonra da yad edilir. İl boyunca Kərbəlaya və Nəcəfə milyonlarla zəvvar axın edir. Bu kütləvilik hər il Aşuradan 40 gün sonra baş tutan Ərbəin ziyarətində xüsusilə seçilir.

Və zəvvarlar Kərbəlaya - İraq torpaqlarına “eşq səfərinə” çıxsalar da, bu səfərin təşkilatçısı da, qazananı da İran mollalarıdır. Molla rejiminin Ərbəin ziyarətindən siyasi-ideoloji hədəfləri naminə gen-bol istifadə etdiyi həqiqəti də var:

- İraq üzərində, eləcə də bu ölkədə yerləşən şiələrin müqəddəs məkanlarında təsir-monopoliyalarını saxlayırlar;
 - Şiə dünyasını bu ziyarət üzərində İran rejiminin ideoloji xəttinə uyğun birləşdirirlər;


Nyu-York Tayms” yazır ki, “şiə bayramı İranın İraqda güc nümayişinə çevrilib”. Bu həqiqəti hətta SEPAH-a bağlı “Məşriq” qəzeti də “Ərbəin İran üçün güc nümayişidir” sözləri ilə etiraf edir.

Lakin Ərbəin mərasimi, ümumilikdə il boyu baş tutan Kərbəla-Nəcəf səfərləri molla rejiminin təkcə ideologiyasına yox, həm də biznesinə işləyir. Bu kontekstdə zəvvarların İraq torpaqlarına getməsinə baxmayaraq, bu ölkənin qazanc əldə etməməsi, yaxud gəlirin çox az olması da təsadüfi deyil.

İraqlı yazıçı və jurnalist Adnan Əbu Zeed “Al-Monitor”da qələmə aldığı yazısında qeyd edir ki, 2003-cü ildən bəri İraqın müqədəs yerlərini ziyarət edən şiə zəvvarların sayı əhəmiyyətli dərəcədə artsa da, ölkə iqtisadi baxımdan faydalı gəlir əldə etmir.

Buna bir sıra texniki-təşkilati problemlər təsir etsə də, əsas faktor Kərbəla-Nəcəf ziyarətinin İranın monopoliyasında olmasıdır.

Birincisi, Ərbəin yürüşünə qatılan zəvvarların böyük qismi – Cənubi Qafqaz, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya coğrafiyasından gələnlər - əvvəlcə İrana səfər edir;

Səbəb zəvvarların ənənəvi qaydada İran-İraq sərhədindən başlayaraq, Kərbəlaya qədər olan 80 kilometrə yaxın məsafəni piyada qət etməsidir. Bu yürüşü, əsasən İran polisləri müşayiət edir. Yürüşdə Xomeyni fondu müəyyən qədər xərcə düşür: yemək və su verilir, o cümlədən, çadır və sanitar qovşaqlar qurulur;

Hərçənd, molla rejimi bunun qarşılığında külli miqdarda gəlir əldə edir:

- Zəvvarlar İran ərazisində olduğu müddətdə pul xərcləyirlər: bura oteldə qalmaqdan tutmuş dini mərkəzlərin ziyarətinə qədər çox şey daxildir;
 - Ərbəindən öncə əksər zəvvar İranda ziyarətgahlara gedir, orada zəkat verir və bütün bu gəlirlər rejimin nəzarətində olan “İmam Xomeyni Əmrinin İcrası Qərargahı” və Astan Qüds Rəzəvi – “İmam Rzanın hərəmi” fonduna axır (hər iki fondun vergidən azad olması mollaların heç nə xərcləmədən külli miqdarda gəlir əldə etməsinə şərait yaradır);


İkincisi, Kərbəla və Nəcəfdə otellərdən tutmuş ticarət mərkəzlərinə qədər bütün bazarda İran ayətullahlarının güclü təsiri var: bu obyektlər ya qeyri-rəsmi formada molla rejiminin nümayəndələrinindir, yaxud onlar böyük paya sahibdirlər;

Üçüncüsü, Kərbəla və Nəcəfdə toplanan zəkat və nəzir pullarının böyük qismi yenə İranda molla rejiminin qurduğu fondlara axır: çünki rejiminin dayağı olan “vilayəti-fəqih” nəzəriyyəsinə görə, şiə dünyasınında xüms, zəkat, nəzir kimi dini ianələri yalnız “müctəhidlər” (dini məsələlərdə hökm verənlər) ehtiyacı olanlar arasında bölüşdürə bilər və bu mexanizm ayətullahlara Allah yolunda verilən zəkatdan “şir payı” əldə etmələrinə imkan verir; bunu mollaların və övladlarının lüks həyatına baxdıqda daha aydın görmək mümkündür;

İran rejiminin Ərbəin ziyarətinin təşkilinə xərclədiyi pullar əslində sağ cibindən çıxarıb, sol cibinə qoymasıdır və İraq torpaqlarına səfər edən milyonlarla zəvvarın hər birinin səfərə xərclədiyi – qalmaq, müqəddəs yerləri ziyarət, verdikləri zəkat, nəzir və s. – puldan külli miqdarda gəlir əldə edir. 2014-cü ildən etibarən Ərbəin ziyarətində iştirak edən zəvvarların sayının artan xətlə davam etməsi də ayətullahların gəlirlərini artırıb: 8 il öncə bir milyon yarım olan rəqəm hazırda 25-30 milyona çatıb.

“Röyters” agentliyinə danışan İraq hökumətindəki mənbələr bildirirlər ki, Kərbəlada hər il 50 milyona yaxın zəvvarın ziyarət etdiyi İmam Hüseyn türbəsində taxta qapılardan tutmuş bəzəkli şüşələrə qədər hər şey İrana məxsusdur.

Agentlik “İran İraqda ziyarətgahları və nüfuzunu genişləndirir” məqaləsində yazır ki, Kərbəla və Nəcəfə tam nəzarət edən Tehran rejimi şiələrin müqəddəs məkanında biznes mexanizmi yaradıb:

- Müqəddəs məkanlarının təmir edilməsini, yenilərinin inşasını İran şirkətləri həyata keçirir: bu şəbəkəyə SEPAH-a bağlı “Kövsər” fondu nəzarət edir;
- Fondun yerli rəhbərliyi SEPAH-ın Nəcəfdəki komandiri və korpusun ən az iki rəsmisindən ibarətdir;
- İnşaat işlərində bütün mühəndislər Tehranda SEPAH-a bağlı “Şəhid Beşheti Universiteti”nin məzunlarıdır;
- Bu layihələr İran üçün müqəddəs məkanlara nəzarət və toplanan gəlirlərin əldə edilməsinə xidmət edir: misal üçün, Zeynəb türbəsinin tikintisi üçün “Kövsər” fondu İraq hökuməti ilə 650 milyon dollarlıq müqavilə imzalayıb;
 - İran rejimi Kərbəla və Nəcəfdəki müqəddəs ziyarətgahlardan həm də sanksiyaların “dəlinməsi” məqsədilə istifadə edir: bu məkanların tikintisi adı ilə İraqa daşınan materiallar başqa yerlərdə də istifadə edilir, beləliklə, ayətullahlar din adı altında həm də siyasi-iqtisadi planlarını icra edirlər;


İraqın keçmiş millət vəkili Dhia Əl-Əsədi bildirir ki, “2003-cü ildə Səddamın süqutundan sonra İran gözünü şiələrin müqəddəs ziyarətgahlarına dikib”.

Ayətullahların Kərbalə müsibəti üzərində qurduqları biznesin bir hissəsi də İranda – Məşhəd və Qumdadır və burada gəlirlər birbaşa onların ciblərinə axır.

Məşhədi ziyarət edən zəvvarların sayı hər il 25-35 milyon civarında olur. Hesablamalara görə, bir zəvvar üçün Məşhəd ziyarəti orta hesabla 1500 dollara başa gəlir. Lakin bu, məsafəyə görə dəyişə bilər, İrana daha yaxın ərazilərdən gələn zəvvarların xərci nisbətən az olur. “The Guardian” bu rəqəmləri 2015-ci ildə hazırladığı araşdırmasında qeyd edirdi. İndi isə həm zəvvar sayı (bu ilin rəsmi açıqlamasına görə 30 milyondan çox zəvvar qeydə alınıb), həm də xərclərin miqdarı artıb. O cümlədən, səfərlərin qiyməti gün sayına görə də müxtəlifdir.

Məşhəddə İmam Rzanın hərəmini ziyarət edən zəvvarlar təkcə şəhərdə qalmaq və digər ehtiyaclar üçün pul xərcləmir, həm də “xüms” və “zəkat”larını bura köçürür, o cümlədən, birbaşa ianələr olur. Bununla yanaşı, molla rejimi ziyarətgahın ətrafında bazar işlədir: Qurani-Kərim, xalçalar, kilimlər, tekstil malları, saatlar, möhürlər, sikələr, medallar, rəsmlər, qablar, təsbehlər və s. əşyalar satılır;

Bu ziyarətgahlardan əldə olunan bütün gəlirlərə Xameneyinin birbaşa nəzarətində olan Astan Qüds Rəzəvi – “İmam Rzanın hərəmi” fondu nəzarət edir. Fond İranda ayətullahların biznes imperiyasının əsas dayaqlarından biridir.

Bütün bunlarla yanaşı, mollaların Məşhəddə - şiələrin müqəddəs hesab etdiyi şəhərdə təşkil etdikləri “seks turizmi” onların Əhli-beyt eşqinin nədən ibarət olduğunu dəqiqliklə ifadə edir: müqəddəs yerləri ziyarət etməyə gələnlərə seks də təklif etməklə külli miqdarda pul qazanırlar, daha doğrusu, Əhli-beyti yolunu seks turizminin vasitələrindən birinə çeviriblər;

Bir neçə il öncəyə aid olan statistikaya görə, Məşhəddə 7300 hostel və qonaq evindən 1300-ü seks turizminə xidmət edir. Və qeyd etdiyimiz kimi, hər şeydən olduğu kimi, seks turizmindən əldə olunan gəlirlər də “İmam Rzanın hərəmi” fonduna daxil olur.

Bütün bu gəlirlər – şiələrin Əhli-beyt eşqi ilə xərclədiyi pullar hara gedir?

“Forbes” nəşri yazır ki, İranda adi vətəndaş 150-300 dollar qazanır, orta təbəqənin gəliri 400-700 dollardır. Ölkə əhalisinin 50 faizdə çoxu “mütləq yoxsulluq” şəraitində yaşayır və vəziyyət getdikcə pisləşir. Bu gün molla rejiminə qarşı etirazların kökündə dayanan əsas səbəblərdən biri də məhz sosial-iqtisadi vəziyyətdir. Bunun fonunda nəşr İranda 250 min milyonçunun olduğunu yazır və qeyd edir ki, koronavirus pandemiyası, eləcə də sanksiyalara baxmayaraq, milyonçuların sayı artmaqdadır.

250 min milyonçunun kimliyi də sirr deyil: mollalar və molla rejiminə bağlı olanlar;

Əli Xameneyi: dini liderin 200 milyard dolar sərvətə nəzarət etdiyi deyilir və bura ziyarətgahlardan toplanan pullar da daxildir;
Xomeyni və Rəfsancani ailəsi: adıçəkilən şəxslər ölsələr də, ailələrinə milyardlarla dollarlıq sərvət qoyublar və hazırda ölkənin əsas gəlirli sahələrində bu ailələr təmsil olunurlar;
- SEPAH generalları;
- Dini rəhbərə bağlı olan fondların sədrləri;
 - Dini rəhbərin bölgələr üzrə nümayəndələri;


Və piramidanı xatırladan bu mexanizm üzrə yuxarıdan aşağıya olmaqla molla rejimi lüks şəraitdə yaşayır. 2004-cü ildə Moskvada qətlə yetirilən jurnalist Pavel Klebnikovun “Milyonçu mollalar” kitabı bu suala doğru cavab tapmaq üçün əvəzsiz vəsaitlərdəndir.

Göründüyü kimi, inanclı şiə Kərbəlanı, Məşhədi ziyarət edir, Əhli-beyt eşqi ilə alışıb-yanır, mollalar isə bu imanı, bu eşqi və İmam Hüseynin xatirəsini biznesə çeviriblər.

Asif Nərimanlı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar