Belə ki, sentyabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik vilayətinin Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşü zamanı döyüşə hazırlaşdıqlarını rəsmən elan edib.
"Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret əmr var",- deyə erməni general bildirib.
Qeyd edək ki, 44 günlük müharibədən dərs çıxarmayan Ermənistan hərbi xərclərini artıraraq, yeni silahlanmaya başlayıb. Rəsmi məlumatlara əsasən, 2023-cü ildə ölkənin müdafiə xərcləri 1,3 milyard dollar təşkil edəcək. Bu isə onu göstərir ki, Ermənistanın hərbi büdcəsi 40%-dən çox artacaq və tarixdə ilk dəfə olaraq 1 milyard dolları keçəcək. Eyni zamanda, hərbi xərclər ənənəvi olaraq büdcədə ən böyük maliyyə tutumu olan sosial proqram üzrə xərcləri ilk dəfə üstələyəcək.

Bundan əlavə, Ermənistanda ehtiyatda olan hərbi qulluqçuların təlimlərə çağırılmasına başlanılıb. Yerli KİV yazır ki, bildirişlər Müdafiə Nazirliyinin təklifi ilə hökumətinin qəbul etdiyi “müntəzəm planlı təlimlərin elan edilməsi haqqında” qərar əsasında paylanıb. Qərara əsasən, raket-artilleriya ixtisaslarına malik ehtiyatda olan hərbçilər müntəzəm olaraq planlaşdırılmış toplanışlara cəlb olunacaqlar. Təlimlər noyabrın 22-dək keçiriləcək.
Digər məlumata görə, son günlər Ermənistan-Azərbaycan sərhədindəki atışmalar zamanı qeydə alınan itkilər fonunda təlimlərə çağırış bildirişləri vətəndaşlar arasında ciddi təşvişə səbəb olub. Erməni valideynlər övladları ölümə göndərmək istəmədiklərini deyiblər.