Manevr.az-ın xəbərinə görə, mövzunu konkret.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, bu gün informasiya müharibəsi sahəsində Rusiya Qərbə və Ukraynaya uduzur: “Bütövlükdə Rusiya əleyhinə yazılan bir çox məqalələrdə və bu ölkədə baş verdiyi iddia olunan hadisələrdə reallıq faktorundan daha çox spekulyasiyalara istinad edilir. İndiki məqamda Putinin qaçıb gizlənməsi ilə bağlı yayılan məlumatlar qətiyyən reallığı əks etdirmir. Demək olar ki, Putin hər gün görüşlər keçirir və bununla bağlı media orqanlarında məlumatlar yayılır. Bundan əlavə hazırda Rusiyada qismən səfərbərliklə bağlı müəyyən narazılıqlar hökm sürsə də, bütövlükdə cəmiyyətin böyük kəsimdə etiraz aksiyalarından, mitinqlərindən, yaxud hakimiyyət nümayəndələrinə və Prezidentə qarşı təhdidlərindən söhbət getmir. Belə olan təqdirdə Putinin qaçıb gizlənməsi ilə bağlı olan xəbərlərin dezinformasiya xarakteri daşıdığını deyə bilərik”.
Politoloq əlavə edib ki, indiki məqamda Kreml rəhbərinin ölkədən qaçmaq ehtimalı da heç bir formada real deyil: “Rusiyanın daxilində hakimiyyətə qarşı geniş xalq kütlələrinin etiraz və mitinqlərindən söhbət getmir. Hazırda Rusiya işğal etdiyi ərazilərdə qanunsuz referendumlar həyata keçirib və onun nəticələrini elan etməklə məşğuldur. Eyni zamanda Rusiya-Ukrayna savaşında hansısa bir səngimə və ya nüvə silahından istifadəyə gətirəcək kəskin radikal aqressivləşmədən söhbət getmir. Belə olan təqdirdə Putinin Rusiyadan qaçmaq ehtimalı inandırıcı deyil”.