Xəbər lenti
Arayik Arutyunyan Xankəndidən qaçıb?
Qondarma qurumun “xarici işlər nazirliyi” bəyanat yayaraq sərhəddə baş verənləri “ermənifobiya və soyqırım siyasətinin bariz təzahürü, beynəlxalq hüquq və normaların kobud şəkildə pozulması” adlandırıb. Bir gün əvvəl isə Araik Arutyunyan “İctimai Şura”nın yaradılması haqqında “fərman” imzalayıb. 17 üzvü olacaq şuranın nə qələt qarışdıracağı məlum deyil. Yada salaq ki, ötən həftə Xankəndidə “Artsaxın müdafiəsi uğrunda” adlı yeni qondarma hərəkat da yaradılıb. Bildirilir ki, hərəkat yeni “Qarabağ komitəsi” və ya “Artsax hərəkatı-2" olmaq və bütün erməniləri yenidən birləşdirmək məqsədi daşıyır. ”Əsas məqsəd istənilən şəraitdə Qarabağın Azərbaycana birləşdirilməsinin qarşısını almaqdır. Göründüyü kimi, Xankəndi İrəvanın aqressiyası ilə sinxron addım atır. Qarabağ separatçılarının başçısı Araik Arutyunyan və Xankəndidəki qondarma “parlament”in nümayəndə heyəti sentyabrın 15-də İrəvana gedib. “Səfər”də məqsədin son günlərin gərgin hadisələri ətrafında müzakirə aparmaq olduğu bildirilir.
“Ermənistan hakimiyyəti ilə mövcud vəziyyətlə əlaqədar siyasi məsləhətləşmələr planlaşdırılır. Müzakirələr çərçivəsində “Artsax xalqı”nın narahatlığı və “hakimiyyətin” mövqeyi təqdim olunacaq", - deyə Arutyunyanın mətbuat katibi Lusine Avanesyan bildirib.
Bu barədə politoloq Anar Əliyev “Yeni Müsavat”a şərhində bildirdi ki, Ermənistan təxribatlar törətməklə qarşıya qoyulan bütün məqsədlərin hamısını puça çıxardı: “Məsələ ondadır ki, Ermənistan tərəfi təxribatlar törətməklə yeni hərbi-siyasi reallıq formalaşdırmaq və bu şəraitin tələbinə uyğun olaraq həm Moskva formatında görüşlərdə, həm Brüssel formatında keçirilən görüşlərdə üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışırdı. Xankəndidəki separatçılarla sinxron addımlar da bunun üçündür. Amma son baş verən hadisələr, xüsusilə də Azərbaycan ordusunun qəti adekvat cavabı Ermənistan cəmiyyətində və Ermənistan siyasi elitasında, həmçinin Qarabağdakı erməni separatçılarda qarşıya qoyulan hədəflərə çatmağın mümkün olmadığı, əksinə Ermənistanın növbəti dəfə daha sərt dalana dirəndiyinə əminlik yaranmasına gətirib çıxardı. Həmçinin nəinki Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən, eyni zamanda həm də beynəlxalq təşkilatlar tərəfindən Ermənistandan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tələblərin yerinə yetirilməsinin vacibliyinin daha sıx şəkildə səsləndirilməsinə səbəb oldu. Xüsusilə İrəvanda 14 sentyabrda axşamdan başlayaraq keçirilən aksiyalar və bu aksiyalar zamanı səsləndirilən fikirlər, Nikol Paşinyanın həm parlamentdə çıxışı zamanı, həm də sosial şəbəkələr üzərindən xalqa müraciəti zamanı səsləndirdiyi fikirlər onu göstərir ki, Ermənistan artıq Azərbaycanla qısa müddət ərzində sərhədlərin delimitasiyası istiqamətində addımlar atmaqdan və sülh danışıqlarından başqa yolunun qalmadığını, əks halda, Azərbaycan tərəfindən daha ciddi şəkildə cəzalandırılacaqlarını dərk edirlər".
Politoloq qeyd etdi ki, eyni zamanda iki gündür Xankəndidə baş verən hərəkətlilik, separatçı qüvvələr tərəfindən sərsəm bəyanatların səsləndirilməsi, yeni qondarma təsisatların yaradıldığının elan edilməsi, Qarabağın heç bir halda Azərbaycanın tərkibində olmayacağının, Ermənistanın Azərbaycanla imzalayacağı bütün sənədlərin “DQR” tərəfindən qəbul edilməyəcəyinin səsləndirilməsi onu göstərir ki, baş verən hadisələr İrəvanla Xankəndi separatçılarının sinxron hərəkət etməsidir və öncədən planlaşdırılmış addımlardır: “Bununla beynəlxalq ictimaiyyətə İrəvanın və Qarabağdakı separatçıların fərqli mövqeyə sahib olduqlarını, İrəvanın Xankəndi ilə bağlı qərar verə bilməyəcəyi görüntüsünü yaratmağa çalışırlar. Lakin hesab edirəm həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də BMT Təhlükəsizlik Şurasında məsələnin müzakirəyə çıxarılması və müzakirə istiqamətləri onu göstərir ki, dünya ictimaiyyəti də, beynəlxalq təşkilatlar da artıq erməni riyakarlığını, erməni iki üzlü siyasətini dərk edir. Bölgədə səmimi şəkildə münasibətlərin qurulmasında maraqlı olan tərəflər, beynəlxalq təşkilatlar artıq Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə səsləyir və bu öhdəliklər içərisində Qarabağla bağlı bir ifadənin belə yer almasını istəmirlər. Baş verən hadisələr onu göstərir ki, əslində Azərbaycan nəinki Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini və sülh gündəliyini, eyni zamanda hərbi prosesləri, Ermənistanın ata biləcəyi istənilən təxribatları idarə etmək, nəzarətdə saxlamaq gücündədir. Həmin təxribatlardan yararlanaraq Ermənistana daha ciddi zərbələr vurmaq və Ermənistanı üzərinə götürdüyü öhdəliklərlə bağlı daha çıxılmaz vəziyyətə salmaq mümkündür. Baş verən hadisələr də bunu bir daha sübut etmiş oldu”.
A.Əliyev onu da bildirdi ki, Azərbaycan öz ərazisində-Qarabağda, eləcə də hələ delimitasiya həyata keçirilməmiş ərazilərdə hərbi əməliyyatlar keçirmək hüququna malikdir: “Azərbaycan Ermənistan ərazisində heç bir əməliyyat həyata keçirmir. Azərbaycanın bu gün həyata keçirdiyi əməliyyatlar sərhədlərin sovet dövrünə aid hərbi xəritələr əsasında delimitasiyası həyata keçiriləcəksə, böyük bir hissəsi Azərbaycana təhvil verilməli olan Azərbaycan əraziləridir. Ona görə də bunu dərk eləyən Ermənistan delimitasiya prosesini danışıqlar yolu ilə həyata keçirmək istəmir və delimitasiyanın qarşısını almağa çalışır. Bu proseslər qısa müddət ərzində sülh yolu ilə həyata keçiriləcəksə, işçi qruplar səviyyəsində həll ediləcəksə, bu gün Ermənistan silahlı qüvvələrinin dayandığı bir çox ərazilər, xüsusilə də yüksəkliklər boşadılaraq Azərbaycan tərəfinə təhvil verilməlidir və veriləcək. Digər bir maraqlı məqam da ondan ibarətdir ki, beynəlxalq hüquqda aydın şəkildə qeyd olunur ki, tərəflər bir-birinin ərazi bütövlüyünü, sərhəd bütövlüyünü tanımayıbsa, heç bir ərazini özünə aid qəbul edə bilməz. Yəni Ermənistan Azərbaycanın sərhəd toxunulmazlığını və sərhədləri daxilində ərazi bütövlüyünü tanımayıbsa, indiki ərazilərin ona aid olduğunu, Azərbaycan Ordusunun da əməliyyatlar keçirdiyi ərazilərin ona aid olduğunu heç bir halda səsləndirə bilməz və belə bir iddiada çıxış etmək də mümkün deyil. Bu ərazilərin rəsmən qarşılıqlı şəkildə Ermənistana və ya Azərbaycana aid olduğu qəbul edilməyibsə həmin ərazilərdə Azərbaycanın əməliyyatlar keçirməsi tam beynəlxalq hüquqa uyğundur və BMT Nizamnaməsinə əsaslanır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar