Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni vilayəti ilə adaş olan eks-prezidentin diaqnozu

Tarix: 28-08-2022 14:52     Baxış: 3301 A- / A+




Bu gərgin dönəmdə, ABŞ və Fransanın səfirlərinin dövlətimizə qarşı, yumşaq desək, etinasızlıq, ağır desək, burada yazılması mümkün olmayan adlı hərəkətinin ümummilli hiddət doğurduğu günlərdə dostlardan biri sosial mediada arxivə baş vurub, rəhmətlik deputat Şamil Qurbanovun təxminən 20 il öncə parlamentdə dediyi "Jak Şirak qudurub" ifadəsini xatırladıb.
Üstündən çox keçib, günü və saatı ilə yadımda deyil, amma o sözün parlamentdə deyiliş tərzini göstərən telesüjet (ANS-dəydi) bugünkü kimi yadımdadır. Şamil müəllim o sözü biliksiz tələbəyə "2" yazıb kursda saxlayırmış kimi ciddi sifətlə və lakonik şəkildə dedi, deyəndən sonra pauza da verdi.
İndiki cavanların çoxu bilməz, Jak Şirak o vaxtlar Fransanın prezidenti idi. Həmin plenar iclasda Fransanın və digər Avropa ölkələrinin diplomatları da iştirak edirdilər. Müəllim bu sözü deyəndən 1 dəqiqə sonra, güman ki, Jak Şirakla bağlı deyilən ifadə tərcümə olunan kimi diplomatlar ayağa qalxdılar və analarının dalınca sudan çıxıb ard-arda düzülən ördək balaları kimi zalı tərk etdilər.
Şamil müəllim o sözü niyə dedi, nədən məhz həmin gün, dilomatların üzünə qarşı söylədi, bunu araşdıran olmadı. Sadəcə, bildiyimiz o idi ki, ortada erməni məsələsi var.
Çünki Jak Şirakı yaxşı tanıyırdıq, o da təxminən indiki Makron kimi bir şey idi, Türkiyə və bizimlə "erməni davası" aparırdı, hər yerdə onları müdafiə edir, qanun-filan qəbul etdirirdi. Güman ki, o ərəfədə o, ya parlamentdə yeni bir erməni qanunu qəbul etdirmişdi, ya da Xankəndidən qoparaqlanaraq Parisə getmiş nümayəndələrlə görüşmüşdü.
Nəsə belə bir haqq-hesab idi. Bu da Faxralı elinin alim oğlu Şamil müəllimə əsas vermişdi ki, Jak Şirakın "hidrofobia, lissa - sudanqorxma" adlanan, ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyasına yoluxmasından, yəni qudurmasından quşqulansın.
O vədələr ermənilər Jak Şiraka çox qohumsulanırdılar. Çünki Ermənistanda Şirak adlı vilayət var (mərkəzi Gümrü şəhəridir), ordan çıxış edərək Jak Şiraka yaxınlaşmaq olur. Bəlkə də ermənilər cənab Şirakın şəcərəsini öz üsulları ilə araşdırıb belə bir qəti qənaətə gəlmişdilər (və onun da boynuna qoymuşdular) ki, müsyö Şirakın dədə-babası Fransaya Şirakdan köçüb gedib. Lazım olan adamı erməni çıxarmağa bir candırlar axı...
Xüləs, bu söhbət o vaxt çox böyüdü. Hökumət də deputatın qəfil dediyi bu sözdən, eləcə də diplomatların MM zalından nümayişkaranə şəkildə çıxmasından, sonrakı açıqlamalarından pəjmürdə olmuşdu. Avropapərəst qüvvələr Jak Şirakın təhlükəli infeksiyaya yoluxmasından çox, deputatın bu sözünün ölkəmizin Avropaya inteqrasiyası yolunda əngəl olacağından narahat idilər. Ortalıqda bu cür terminlər uçuşurdu: "Qərb dəyərləri", "Avropa standartları", "şəxsi ləyaqət hissinə hörmət", "dövlətlərarası münasibətlərin sivil məcrası"-filan.
Bir sözlə, elliklə yığışıb Şamil müəllimi, rusca desək, "neprav" çıxarmağa çalışırdıq. Yadımda qalmayıb, o vaxt müəllim bu sözünə görə Fransa dövlətindən üzr istədimi, istəmədimi, amma onu dəqiq bilirəm ki, üzr videosu yayılmadı.
Bəlkə də cənab Qurbanovu yalnız ona görə qınamaq olardı ki, nədən filoloq ola-ola tibb alimi kimi diaqnoz açıqlayıb.
Allahdan, sonradan Jak Şirakda həmin zoonoz virus infeksiyası aşkarlanmadı və o, uzun ömür yaşadı, 2019-cu ildə, 87 yaşındaykən başqa xəstəlikdən vəfat etdi.
Sadəcə, 2011-ci ildə az qala J.Şirakı tutacaqdılar. Heç demə, müsyö Paris meri işləyəndə ictimai-siyasi planda xeyli qudurğanlığa qol qoyub, vəzifəsindən sui-istifadə edərək milyonlar mənimsəyib, dövlət vəsaitini dağıdıb, çırpışdırıb. Amma yaşını nəzərə alaraq onu tutmadılar.
Yəni o vaxt Şamil müəllim heç də haqsız sayılmazdı. Allah ona rəhmət eləsin. ABŞ və Fransa səfirinin Şuşaya getməməsinə isə görünür, ayrıca bir diaqnoz qoyulmalıdır. Dünyada viruslar çoxdur, kim bilir, hansına yoluxublar.msavat.com


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar