F. Mustafa əlavə edib ki, erməni silahlı qüvvələri yenə təxribatlara əl atır: "Sülhməramlı qüvvələrin arxasında gizlənib, öz silahlılarını işə salır, məkrli planlarını həyata keçirirlər. Atəş açırlar, Azərbaycan əsgərini şəhid edirlər. Azərbaycan da konkret iradəsini ortaya qoydu. Hərbi əməliyyatlara istənilən zaman başlaya biləcəyini göstərdi”.
F. Mustafa bildirib ki, Azərbaycan nəzərdə tutulanlardan artığını etmir, prosesin yekunlaşmasını tələb edir: “Yəni Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən -Qarabağdan çıxmalı və Ermənistana çəkilməlidir. Əks halda Azərbaycan onları məhv edəcək. Əgər onlar düşünürlərsə ki, uzun illər silahlı qüvvələrlə Azərbaycan ərazisində mövcud olacaqlar, yanılırlar. Bu, mümkün olmayacaq. Elə son əməliyyatla da Azərbaycan nəyə qadir olduğunu onlara bir daha göstərdi".
F. Mustafa deyib ki, Rusiyanın da burada deyəcəyi bir söz yoxdur: "Monitorinq Mərkəzindən hansısa formada açıqlama verilməməsi göstərir ki, onlar tərəflərə real vəziyyətlə əlaqəli məlumat veriblər. Erməni hərbi birləşmələrinin ipə-sapa yatmadığını, istənilən an təxribat törətməyə hazır olduğunu sübut edən texniki müşahidə imkanları ilə bunu müəyyən edərək tərəflərə veriblər. Bu səbəbdən tərəflər ittihamedici mövqe sərgiləmirlər. Rus sülhməramlıların məsələyə baxışında ittihamedici notlar yoxdur. Yalnız ABŞ-dan növbətçi bəyanat gəldi. Burada da ancaq Qarabağda toqquşmadan bəhs edilir, Azərbaycana ittiham yoxdur. Azərbaycan da bu məsələlərə daxili işləri kimi baxır, deyir ki, bura mənim ərazimdir. Əgər erməni burada yaşamaq istəyirsə, mənimlə uzlaşmalıdır. Yoxsa, mənə müqavimət göstərməklə yaşamaq istəyirsə, başını əzəcəyəm".
Deputat diqqətə çatdırıb ki, indi əvvəlki dövr deyil, strateji yüksəkliklər Azərbaycanın nəzarətindədir: “Buna baxmayaraq, ermənilər qeyri-qanuni məskunlaşdıqları Laçını tərk etmək istəmir, dəhliz vasitəsi ilə Qarabağa silah keçirməyə davam etməyə çalışırlar. Azərbaycan buna göz yummalıdırmı?
Bizim xaricdə oturan bəzi başıboşlar var. İndiyə qədər deyirdilər ki, üçtərəfli razılaşma xəyanətdir, əleyhimizə olan sənəddir və s. Amma zaman nəyi göstərir? Biz bu sənədə istinad edərək addım-addım yüksəklikləri götürürük. Laçın məsələsini həll edirik. Yəni ortada ölkə başçısının iradəsi var, problem addım-addım həll olunur. Amma siyasi anlayışı olmayanlar yenə də deyirlər ki, problemi birdəfəlik həll edək. Anlamırlar ki, boksda hər şeyi birinci raundda həll etmirlər. Amma bunlar tələb edirlər ki, birinci raundda vurub yerə yıxmalısan. Bəs, yerdə qalan 14 raundda maraqlı qüvvələr bunun əvəzini səndən çıxmağa çalışsalar, qarşılarında necə duracaqsan? Ona görə də, Azərbaycan addım-addım sərhədlərinə doğru irəliləyir və ağıllı xarici siyasət yeridərək razılaşmadan kənara çıxmır. Laçını götürməyə nə var? Səbrlə yol çəkildi, indi erməniyə deyirik ki, şələ-şülənizi yığıb əkilin, anlaşmada nə varsa həyata keçirin. Bunu etməsəniz, Azərbaycan özü edəcək. Son addım erməniyə anladır ki, bütün bunlar zarafat deyil.