Xəbər lenti
Paşinyanın Qətər qələti - Bakı 1923-dəki səhvini təkrarlamayacaq!
Ermənistan rəhbəri hələ də arzu olunanı gerçək kimi təqdim edir; İrəvan Bakının dostlarına girişib?..
İrəvan rəsmilərinin Bakı ilə sülh oyunu davam edir. Bu dəfə də Ermənistan baş naziri Nikol Paşinyan “parlayıb”. Belə ki, Qətərdə səfərdə olan Paşinyan dünən mənzil-qərargahı bu ölkədə yerləşən “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə belə bir cümlə işlədib: “Qarabağ məsələsinin Azərbaycanla sərhədlərin delimitasiyasına dəxli yoxdur”.Nikol Vovayeviç heç şübhəsiz, bununla ilk növbədə öz ölkəsindəki daxili auditoriyanı, daha dəqiqi, onun radikal kəsimini sakitləşdirməyə çalışıb. Onun tez-tez istifadə elədiyi “Dağlıq Qarabağ məsələsi, ərazi yox, insan haqları məsələsidir” sevimli ifadəsi də hiyləgərcəsinə məhz ölkəmizə qarşı ərazi iddiasını pərdələməyə hesablanıb. Hətta şərt kimi Azərbaycanla sülh müqaviləsi üçün Bakıya edilən cavab-təkliflərin arasında da yer alıb.
Ancaq bunlar arzuolunanı gerçək kimi təqdim eləməyə yönəlik boşuna cəhddir. Nədən ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü məlum 5 bənddən kənar heç bir şərti qəbul etməyəcək. Çünki Qarabağdakı etnik ermənilərin hüquqları məsələsi bizim daxili işimizdir və hər hansı kənar qüvvə ilə, ölkə və ya təşkilatla bunu müzakirə eləməyə hazırlaşmırıq, o ki ola kapitulyant Ermənistanla.
Yəni erməni baş nazir növbəti dəfə blef, qələt edib. İş də ondadır ki, sərhədlər dəqiqləşəndən sonra Ermənistanın ölkəmizə qarşı ərazi iddiası gündəmdən çıxmış olacaq. Bu haqda Azərbaycan Prezidenti İlham Əliyev az öncə verdiyi müsahibələrinin birində aydın şəkildə bildirdi. Sülh müqaviləsinin imzalanması da eyni anlama gələcək.
Erməni rəsmilərinin “məntiqi”ndən isə belə çıxır ki, sərhədlər dəqiqləşsə də, sülh müqaviləsi imzalansa da, “Qarabağ problemi” mövcud olacaq, çünki bunlar “fərqli məsələlərdir”. Təbii ki, bütün bunlar erməni tərəfinin arzusudur. Arzularla yaşamaq isə ruslar demiş, ziyanlı məşğuliyyət sayılmaz...
*****
Təbii ki, konstitusiyasında hələ də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alan Ermənistanın rəhbərindən fərqli yanaşma gözləmək canavardan vegetarianlıq gözləmək qədər absurd olardı. Hərçənd N.Paşinyan guya Azərbaycanla ədalətli sülh axtarışında olan mötədil qüvvələri təmsil edir. Aydındır ki, cəmi iki il öncə “Qarabağ Ermənistandır və nöqtə” deyən, Araikin “inauqurasiyası”nı Şuşada təşkil etdirən, Şuşada qondarma “dqr”ə yeni “parlament” binası tikdirən, 44 günlük müharibə zamanı isə dinc şəhər və qəsəbələrimizi, hətta Bakını “İsgəndər” və digər taktiki raketlərlə qəddarcasına bombalamaq əmri verməklə yüzlərlə günahsız soydaşımızın, uşaqların qətlinə bais olan Paşinyan heç də “sülh göyərçini”, “süddən sıxan ağ qaşıq” sayılmaz. Bizdən ötrü o da Köçəryan, Sərkisyan, Ohanyan kimi hərbi canidir. Və şübhə olmasın, tipik erməni olaraq, onun da ürəyindən çox keçir ki, Azərbaycanın köksündə təzədən “Dağlıq Qarabağ” adlı bir mina qoyulsun və fitili yenə İrəvana verilsin.
Doğrudur, İrəvan “təzə mina”nı bu dəfə Rusiya ilə yanaşı, Avropanın, Qərbin əli ilə qoymaq istəyir, amma hədəf eynidir. Ancaq belə cəhdlərə rəğmən, Ermənistan 1923-cü ildəki kimi, ikinci dəfə buna nail ola bilməyəcək. Bakı 1923-cü ildəki səhvini bir daha təkrarlamayacaq! Çünki artıq öz dərsini artıqlaması ilə alıb. İşini möhkəm tutub. İndi dünyadakı və regiondakı vəziyyət bambaşqadır.
İndi yanımızda mövqeyimizi birmənalı dəstəkləyən, 124 dövlətdən ibarət Qoşulmama Hərəkatı var, 60-a yaxın ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Türk Dövlətləri Təşkilatı var, qardaş Türkiyə var, Şuşa Bəyannaməsi var. Hətta Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin son açıqlamalarından bəlli oldu ki, bu qurum da yavaş-yavaş ədalətli mövqeyə gəlməkdə, üzünü Azərbaycana çevirməkdədir...
*****
İƏT-dən söz düşmüşkən, Paşinyanın diqqətinə çatdıraq ki, onun səfərdə olduğu müsəlman ölkəsi Qətərin özü də həmin təşkilatın üzvüdür. Hansı təşkilat ki, keçmiş “Dağlıq Qarabağ məsələsi”ndə həmişə obyektiv, ədalətli mövqe tutub, erməni işğalını mütəmadi şəkildə pisləyib, Xocalı soyqırımını tanıyıb, 44 günlük savaşda Azərbaycanın yanında olub.
Eyni mövqe İƏT Xarici İşlər Nazirləri Şurasının bu il martın 22-23-də Pakistanın paytaxtı İslamabadda keçirilən 48-ci sessiyasında bir daha təsdiqlənib. Qəbul edilən yekun bəyanatda Azərbaycanla Ermənistan arasında əlaqələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında normallaşdırılmasına çağırış edilib. İşğal altındakı ərazilərdə törədilmiş erməni vəhşiliyi və talançılığı, erməni vandallığı, o sırada İslam mədəniyyəti abidələrinə qarşı törədilmiş mədəni soyqırım qətiyyətlə pislənib, Azərbaycana bundan sonra da öz haqq işində hərtərəfli siyasi, iqtisadi-maddi dəstək vəd olunub.
Bunu da qeyd edək ki, Azərbaycan İslam dünyasının aparıcı dövlətləri ilə, aparıcı ərəb dövlətləri ilə çox sıx əlaqələrə malikdir. Odur ki, Nikol Paşinyan və ya digər erməni rəsmiləri ərəb ölkələrinə ara-sıra bu kimi səfərlər eləməklə daşlaşmış gerçəyi öz xeyirlərinə dəyişə, Bakının dostlarını əlindən ala bilməzlər!
İslamofob Ermənistanın “hansı yuvanın quşu” olduğunu kim bilməsə də, müsəlman aləmi yaxşı bilir.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar