Manevr.az-ın xəbərinə görə, mövzunu konkret.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Arayikin bu əraziyə gəlməsi Azərbaycan və Ermənistan arasındakı münasibətlərin gələcək perspektivinə vurulan zərbədir: “Azərbaycan və Ermənistan arasında xüsusilə Brüsseldə keçirilən görüşlərdən sonra münasibətlərin normallaşdırılması ilə bağlı addımların atılması Rusiyanı ciddi narahat edir. Özəlliklə Rusiya XİN-in və mediasının ortaya qoyduğu mövqedən də, Qərb mərkəzli iki ölkə arasındakı münasibətlərin normallaşdırılmasına yönəlik addımları Kremlin qıcıqla qarşıladığı aydın görünür. Bu hadisələrin fonunda gah Ermənistanda aksiyalar təşkil edilir, gah Qarabağın kiçik bir hissəsində qalan “siyasətçi”lərdən və quldur separatçılardan müxtəlif təxribatçı açıqlamalar alınır. Bakı və İrəvan arasında delimitasiya ilə bağlı işçi qruplarının görüşünün keçirildiyi, Ermənistan hakimiyyətinin indiki dönəmdə Azərbaycanla münasibətlərin gələcəyi ilə bağlı daha konstruktiv və normal mövqe ortaya qoyduğu bir vaxtda sülhməramlıların terrorçu Arutyunyanın qanuni ərazilərimizə daxil olmasına göz yumması, rəsmi Bakı ilə Kreml arasında dekabr ayında imzalanan strateji müttəfiqlik bəyannaməsinin müddəalarına ziddir”.

Tural İsmayılov əlavə edib ki, baş verənlər Azərbaycan və Rusiya arasında Putinin də təsdiq etidyi mehriban qonşuluq siyasətinin təməllərinin sarsılması deməkdir: “Bundan başqa rus sülhməramlılarının terrorçu-separatçılara, Azərbaycanın ərazi bütövlüyünü təhdid edənlərə şərait yaratması, onların missiyasını nüfuzdan salır. Hesab edirəm ki, Rusiya son dövrlər davam edən anti- Azərbaycan ritorikasından və addımlardan əl çəkməli, eləcə də separatçıların ərazilərimizdə rahat gəzməsinin qarşısını almalıdır.