Maraqlıdır, Ermənistan Rusiyadan “xilas olmaqla” nəyə nail olmaq istəyir?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı konkret.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, ABŞ-ın Qafqaz siyasətini həyata keçirə biləcəyi yeganə dövlət Ermənistandır:
“Ermənistan Rusiyadan uzaqlaşmağa çalışır. Bu da təsadüfi deyil. ABŞ hazırda Ermənistanın üzərində güclü işləyir. Ağ Ev Rusiyanın SSRİ-ni yaratmaq siyasətini qəbul etmirsə, ilk növbədə Ermənistanı zərərsizləşdirməlidir. Bunu ABŞ rəsmiləri yaxşı başa düşür. Çünki Orta Asiya respublikaları və Belarus ABŞ üçün ciddi əhəmiyyət kəsb etmir. Dünyanın ən güclü dövlətinin maraq dairəsində olan yer Qafqazdır. Buna görə də Ağ Ev çalışır ki, asta hərəkətlərlə Rusiyanı zərərsizləşdirsin. Moldova bu və ya digər formada Rusiyanın əlindən “sürüşüb” çıxacaq. Gürcüstan isə Rusiyanın əlindən çıxıb. Azərbaycanın yanında Türkiyə kimi güclü dövlət var. Buna görə də ABŞ-ın Qafqaz siyasətini həyata keçirə biləcəyi yeganə dövlət Ermənistandır”.

Politoloq bildirib ki, ABŞ hazırda Rusiyanı çökdürməklə məşğuldur:
“Yəqin ki, yüksək çinli məmurlar, senatorlar Ermənistandan müəyyən razılıq alıb ki, bu danışıqları gündəmə gətirir. Ermənistanın ən güclü diaspor təşkilatı ABŞ-da yerləşir. Məlumdur ki, bu dövləti həmişə diaspor ayaqda saxlayıb. Ona görə də ABŞ təşəbbüsü ələ keçirib. Bayden administrasiyası həm diaspor, həm də digər vasitələrlə Fransanı zərərsizləşdirməyə çalışır. Fransa Prezidenti Emmanuel Makronun bu məsələdə siyasəti qeyri-müəyyəndir. O, Rusiya ilə mübarizəyə girişməkdən qorxur. Son 300 ildə Azərbaycanın torpaqlarının işğal edilməsində əsas səbəbkar Rusiya olub. Bizim Rusiya ilə siyasi və hərbi güclərimiz bərabər olmadığına görə, daha güclü dövlətlərin siyasi oyunlarını kənardan izləməliyik. ABŞ hazırda Rusiyanı çökdürməklə məşğuldur. Ermənistan da Rusiyadan uzaqlaşır. Bu bizə sərf edir. İndiki məqamda Azərbaycan gözləməli və proseslərin necə cərəyan etdiyini izləməlidir”.