Belə ki, bu günlərdə Ermənistanın media orqanlarından biri yeni təxribata əl atıb. Ermənistanın “Армениан бич портал” Teleqram kanalında bir video paylaşılıb və altından hədələyici xəbərdarlıq yazılıb. Ermənilər “Arsax hakimiyyətinin icazəsi olmadan Arsaxa (Dağlıq Qarabağa) səfər etmiş istənilən şəxs bizim üçün qanuni hədəfdir” deyə sərsəm və uydurma bəyanat yayıblar.
Mövzu ilə bağlı konkret.az-ın suallarını politoloq Əziz Əlibəyli cavablandırıb. O bildirib ki, Qarabağla bağlı Ermənistanda bir neçə yanaşma müşahidə edilir:
“İlk növbədə qondarma rejim prezidentlik institutundan imtina edərək yarımprezidentlik institutuna keçir. Guya orada baş nazirlik sistemi yaradılır. Əslində isə prezidentlik müstəqilliyin atributudur. Yarımprezidentlik və baş nazirlik anlayışları bir qədər fərqlidir. Elə ölkələr var ki, parlamentli respublikadır və ölkənin rəhbəri baş nazirdir. Görünür qondarma rejimin tör-töküntüləri özlərini gələcək uğursuzluqlarından sığortalamaq üçün indidən belə bir yola əl atır. Ermənilər Azərbaycanın onların “müstəqilliyini” ləğv edəcəyi təqdirdə prezidentlik institutunu olmadığını əsas gətirmək istəyirlər”.

Politoloqun fikrincə, bu təxribatlar Rusiya amili ilə də bağlı ola bilər:
“Bu təxribatlar ölkə rəhbərlərinin görüşü dövrünə təsadüf edir. Çünki ermənilər Azərbaycanı təxribata çəkməyə çalışır. Onlar guya sülhməramlıların olduğu ərazilərə Azərbaycan tərəfdən kimlərinsə gedib-gəldiyini söyləyirlər. Beləliklə, onlar bizi asanlıqla təxribata çəkməyə çalışır. Görünür Əliyev-Paşinyan görüşündə kifayət qədər ciddi addımlar atılıb. Ona görə də ermənilər sülh prosesini əngəlləmək üçün belə yollara ət atırlar. Düşünürəm ki, bu məsələ müəyyən qədər Rusiya amili ilə də bağlıdır. Azərbaycan tərəfi bütün bunları nəzərə almalıdır”.