Xəbər lenti
Uşaqlar arasında ən çox rast gəlinən pozuntular: Görmə zəifliyi, skolioz və danışıq qüsuru
Azərbaycanda son illər ərzində uşaqların profilaktik müayinəsi aparılarkən onlarda daha çox görmə qabiliyyətinin zəifləməsi, danışığında qüsurun olması, onurğa sütununda skoliozun aşkarlanması ilə bağlı problemlər aşkarlanır.
Manevr.az bildirir ki, 2018-ci ildə Azərbaycanda 2 milyon 430 min 900 uşaq profilaktik müayinəyə cəlb edilib.
Onların 2000 nəfərində eşitmə qabiliyyətinin, 13400 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2300 nəfərində danışığının qüsurlu olduğu, 2600 nəfərində skolioz aşkarlanıb.
Qeyd edək ki, sadalanan hallar son illər ərzində uşaqlar arasında ən çox rast gəlinən pozuntu hallarıdır.
2015-ci ildə isə müayinə olunan 2 milyon 412 min 400 uşağın 2000 nəfərində eşitmə, 9100 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2000 nəfərində danışığın qüsurlu olduğu, 2100 nəfərinin skoliozlu olduğu məlum olmuşdu.
2015-ci ildə qaməti pozulmuş 1200, 2016-cı ildə 1600, 2017-ci ildə 1600 uşaq aşkarlanmışdı.
2016-cı ildə isə müayinə olunan 2 milyon 460 min 400 nəfər uşağın 2200 nəfərində eşitmə qabiliyyətinin, 10 100 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2500 nəfərində danışığın qüsurlu olduğu, 2800 nəfərin skoliozlu olduğu məlum olmuşdu.
2017-ci ildə Azərbaycanda 2 milyon 457 min 400 uşaq profilaktik müayinə edilib ki, onların 2000 nəfərində eşitmə qabiliyyətinin, 13 300 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2800 nəfərində danışığının qüsurlu olduğu, 3 000 nəfərində skolioz aşkarlanıb.
Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin sayının artmasından narahatlığını bildirib.
Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasının əməkdaşı, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərov deyib ki, onurğa problemi ilə bağlı hər gün yalnız ona 30-40 nəfər müraciət edir.
Onun sözlərinə görə, uşaqlar üçün düzgün seçilməyən korsetin taxılması skoliozun (onurğa sütununun yana doğru əyilməsi) daha da dərinləşməsinə gətirib çıxarır.
C.İskəndərov bildirir ki, skolioz əməliyyatlarının onurğanın formalaşması tam bitməmiş bir dövrdə - 14-17 yaş aralığında icra edilməsi daha yaxşı olardı. Belə halda əməliyyat sayəsində onurğa əyriliyinin bərpası maksimal dərəcədə mümkündür.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva bildirib ki, Azərbaycanda hazırda ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox refraksiya patologiyası (yaxından görmə, uzaqdan görmə, astiqmatizm və s .) aşkarlanır.
Onun sözlərinə görə, refraksiya patologiyasına uşaqlar arasında daha çox rast gəlinir: "Planşet, telefon və televizorlardan 2 yaşadək uşaqların istifadəsinə məhdudiyyət qoyulmalıdır. Çünki planşetlər, telefonlardan düzgün olmayan şəkildə istifadə edilmə uşaqlarda kompüter görmə sindromuna səbəb olur. Göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanmaya, kitab oxuma zamanı ara məsafənin 30 sm olmasına xüsusi diqqət yetirilməlidir. Televizoru izləmə məsafəsi optimal şəkildə seçilməli, işığın düşməsinə xüsusi diqqət yetirilməlidir. Ona görə analar həm gələcəyimiz olan körpələrimizi qidalandırmalı, həm də onları gözün profilaktikası üçün digər zərərli vərdişlərdən uzaq tutmalıdırlar".
Milli Oftalmologiya Mərkəzinin Uşaqlarda gözün patologiyası şöbəsinin həkimi Aysel Əkbərova deyib ki, Azərbaycanda qohum evlilikləri uşaqlıq dövründə görmə pozğunluğuna gətirib çıxarır. Yetkin insanlarla müqayisədə uşaqlıq dövründə zəifgörmə səbəblərinin çoxunun qarşısını almaq daha çətindir. Buna görə də uşaqlarda reabilitasiya tədbirlərindən faydalanmaq əhəmiyyətlidir.
Mərkəz rəsmisi hesab edir ki, erkən dövrlərdə reabilitasiya tədbirlərinə başlamaqla funksional görmənin təkmilləşdirilməsi mümkündür. Məktəbəqədər 4-6 yaş dövrü reabilitasiya üçün zəifgörmə cihazlarının başlanıldığı dövrdür:
"Uşaq bu dövrə nə qədər tez başlayarsa, gələcəkdə bu cihazlardan istifadə daha rahat olacaq. Bu cihazların sayəsində uşağın təhsil fəaliyyətində müstəqil iştirakı mümkün ola bilər. Amma bu dövr həmçinin kosmetik narahatlıq və psixoloji reaksiyaların ən çox rast gəlindiyi dövrdür. Bu yaşda uşaqlarda zəifgörmə cihazlarından imtina edilə bilər. 4-6 yaşlı belə uşaqlar artıq digər uşaqlardan daha fərqli olduğunu başa düşür, 7-8 yaşlı uşaqlar isə bu fərqi yaradan zəifgörmə cihazlarına qarşı reaksiya verməyə başlayır. Zəifgörmə reabilitasiyasında, xüsusilə uşaqlıq dövründə tətbiq olunan reabilitasiya işində qrup işi çox önəmlidir. Oftalmoloq, pedaqoq və ailə bu qrupun ən mühüm elementləridir"./trend/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar