Xəbər lenti
Həkim-firma işbirliyi: Cinayətkar tandem gələcəyimizi məhv edir
Səhiyyə Nazirliyi göstəriş olmadan süni qida təyin edən həkimlərin aşkar edilməsi üçün müvafiq tədbirlər hazırlayır. Nazirliyin bununla bağlı ictimaiyyətə açıqladığı məlumatda qeyd edilib ki, bəzən anaları süni qidalara yönəldənlərə rast gəlinir. Məlumatda bildirilir ki, körpələrə doğulduğu ilk gündən süni qida verilməsi Səhiyyə Nazirliyini, o cümlədən neonatal komissiyanın ekspertlərini də narahat edir.
Qeyd edək ki, süni uşaq qidalarının təbliğatının doğum evlərindən başlanılması inkarolunmaz faktdır. Doğum evlərində çalışan pediatrlarla işbirliyi quran süni uşaq qidalarının distribütorları bu yolla hər il yüzlərlə uşağı ana südü ilə qidalanmaqdan məhrum edərək süni qidaya cəlb edir.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev də Sputnik Azərbaycan-a açıqlamasında süni uşaq qidaları şirkətlərinin nümayəndələri ilə həkimlərin işbirliyi hallarının olduğunu təsdiqləyir. Səhiyyə Nazirliyinin baş pediatrı bildirir ki, bu cür halların qarşısını almaq məqsədilə iş aparılır. Həmsöhbətimiz bununla belə hesab edir ki, ananın övladını öz südü ilə qidalandırmaq fikri olarsa, onu kənar təsirlə fikrindən daşındırmaq olmaz: "Körpələrin ana südü ilə qidalanması elə bir təbiət qanunudur ki, ondan uzaqlaşmaq olmaz. Bu qanuna canlılar riayət etmədikdə, təbiət onlardan qisas alır. Biologiyanın qanunlarından birində göstərilir ki, tarixi təkamül prosesində canlılar o qədər spesifikləşib və adekvatlaşıb ki, hər bir canlının öz balası üçün hasil etdiyi qida maksimum spesifik və maksimum adekvatdır. Yəni, təbiətdə mövcud olan canlıların heç biri bir-birini təkrar etmir. Hər bir canlının öz balası üçün hasil etdiyi qida qədər ikinci qida növü təbiətdə mövcud deyil. Bir canlının öz balası üçün hasil etdiyi qidanın başqa canlının balasına verilməsi isə bioloji fəlakətdir. Şüurlu insanlar buna əməl etmirlərsə, sözsüz ki, doğulan uşaqların sağlamlığında müəyyən problemlərin yaranacağı qaçılmazdır. Bu, istənilən formada böyüməkdə olan uşaqların sağlamlığında, intellektində özünü biruzə verir. Dünyaya gələn uşağın yeganə qidalanması ana südü ilə baş verməlidir".
N.Quliyev deyir ki, Azərbaycanda əvvəlki illərlə müqayisədə ana südü ilə qidalanma faizi artıb: "Amma, istədiyimiz nəticəyə hələ də gəlib çata bilməmişik. 1992-ci ildə Azərbaycanda ana südü ilə qidalanan uşaqlar 25 faiz təşkil edirdi. Hal-hazırda isə bu rəqəm iki dəfə artaraq 48-52 faiz səviyyəsinə çatıb. Əsas hədəfimiz isə 95-98 faiz həddinə çatmaqdır".
Baş pediatr bildirir ki, ölkəmizdə ana südü çatışmazlığı subyektiv amillərlə bağlıdır: "Hamıda sual yaranır ki, ana südü ilə bağlı çatışmazlıq nədən yaranır? Araşdırmalar göstərir k, cəmi iki faiz halda ana südünün çatışmazlığına obyektiv səbəb ola bilər. Yəni, bu ananın istəyindən asılı olmayaraq, iki faiz halda müşahidə olunur. Yerdə qalan hallarda ana südünün çatışmazlığı subyektiv çatışmazlıqlarla bağlıdır. Düzgün qidalanmanın təmin olunmaması, anaların öz övladına süd vermək istəyinin olmaması birinci yerdə dayanır.
Bundan başqa, qida şirkətlərinin nümayəndələri bir qisim həkimləri də öz təsirlərinə salmağa cəhd edirlər. Deyirlər ki, "sən uşağa bizim süni uşaq qidasından yaz, əvəzində sənə maddi dəstək verəcəyik". Belə halların qarşısını almaq üçün Səhiyyə Nazirliyində ayrıca monitorinq qrupu yaradılıb. Onlar doğum evlərində yoxlama və nəzarət aparırlar və bu halların baş verməsinə imkan vermirlər".
N.Quliyev bildirir ki, ana südü ilə qidalanmadan kənar qalan uşaqlar çox böyük risk altına düşürlər: "Ana südü ilə qidalanmamanın fəsadlarını saymaqla qurtarmaz. Ümumiləşdirilmiş şəkildə demək olar ki, ana südü ilə qidalanan uşaqlarla süni qida qəbul edən uşaqları müqayisə etdikdə, xəstələnmə və ölüm halları təbii yolla qidalanan uşaqlara nisbətdə dörd dəfə çoxdur. Məsələn, diareya xəstəliyinə ana südü ilə qidalanmayan uşaqlarda 17 dəfə çox rast gəlinir".
Baş pediatrın sözlərinə görə, hazırda hamilə qadınlar və yeni ana olmuş qadınlar arasında uşağın ana südü ilə qidalandırılması ilə bağlı maarifləndirmə işləri aparılır.
Qeyd edək ki, statistik göstəricilərə görə, 2000-ci ildə 38.5 min körpə üç ayına qədər, 33.4 min körpə isə altı ayına qədər ana südü ilə qidalanıb. 2005-ci ildə üç ayına qədər ana südü ilə qidalanan körpələrin sayı 30.5 min, 2007-ci ildə 34.4 min, 2008-ci ildə 36.5 min, 2009-cu ildə 53.5 min, 2010-cu ildə 77.9 min, 2011-ci ildə 74.5 min, 2012-ci ildə 83.5 min, 2013-cü ildə 86.5 min, 2014-cü ildə 93.2 min, 2015-ci ildə 90.3 min, 2016-cı ildə 95.2 min, 2017-ci ildə isə 89.7 min nəfər olub. Altı ayına qədər ana südü ilə qidalanan körpələrin sayı isə həmin illərdə müvafiq olaraq 31.1, 36.6, 37.6, 39.3, 73.3, 71.1, 77.4, 78.8, 77.5, 73.7, 73.9 və 69.7 min olub. Maraqlıdır ki, 2000-ci ildən 2010-cu ilə qədər 1-2 yaş arasında olan körpələrin ana südü ilə qidalanması qeydə alınmayıb. Sonrakı illərdə isə bu yaş kateqoriyasında olan körpələrin ana südü içməsi halları kəskin çoxalıb. Belə ki, 2010-cu ildə 77 min, 2011-ci ildə 69.6 min, 2012-ci ildə 66.3 min, 2013-cü ildə 63.5 min, 2014-cü ildə 60.1 min, 2015-ci ildə 58 min, 2016-cı ildə 58.2 min, 2017-ci ildə isə 55.4 min körpə bir yaşına qədər ana südü içib. 2010 və 2011-ci illərdə isə 6.6 min körpə iki yaşına qədər ana südü ilə qidalanıb. 2012-ci ildə bu rəqəm 7.3 min, 2013-cü ildə 8.2 min, 2014-cü ildə 11.3 min, 2015-ci ildə 8.8 min, 2016-cı ildə 10 min, 2017-ci ildə 7.8 min olub.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə iddia edir ki, ölkəmizdə ana südü ilə qidalanma hazırda 44 faizi keçmir. Sputnik Azərbaycan-a açıqlamasında AİB sədri bildirir ki, bu gün ana südü ilə qidalanma səviyyəsinin artmasına mane olan amillərin kökündə həkim-firma işbirliyi dayanır: "Bizim Birliyə informasiyalar daxil olur ki, süni uşaq qidası satan şirkətlər doğum evlərində pediatrlarla əlbir işləyirlər. Həkim yeni doğulan uşağa ana südü ilə yanaşı, süni uşaq qidası da təyin edir. Buna səbəb kimi isə ananın südünün az olması, yaxud da keyfiyyətinin aşağı olması kimi səbəbləri göstərir. Doğum evində süni qida verilən uşaqlara, pediatrlar ana və uşaq evə yazılarkən də süni qida verməyi məsləhət görürlər. Hətta firmaların nümayəndələri həkimin uşağa süni qida yazıb-yazmadığını dəqiqləşdirmək üçün evə çıxan analara zəng edirlər. Onlardan uşağa ana südü, yoxsa süni qida ilə qidalandırdıqları barədə məlumat əldə etməyə çalışırlar. Sual yaranır ki, bu qadınların yenicə ana olduğunu, mobil əlaqə nömrəsini süni qida şirkətləri hansı yolla əldə edirlər? Bəllidir ki, həkimlərlə süni uşaq qidaları satan firmaların iş birliyinin nəticəsində... Səhiyyə Nazirliyi ana südü ilə qidalanma faizini yüksəltmək üçün işə elə doğum evlərindən başlamalıdır. Zahı qadınlara uşağına ana südü əvəzinə süni uşaq qidası yazan pediatrlar cəzalandırılmalıdır. Doğum evlərinə süni uşaq qidalarının buraxılmasının qarşısı alınmalıdır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar