Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Skoliozdan əziyyət çəkənlərə həkim məsləhəti

Tarix: 06-10-2018 18:34     Baxış: 2324 A- / A+
Skoliozdan əziyyət çəkənlərə həkim məsləhəti

Müasir dövrdə insanlar daha az hərəkət edir, oturaq həyat tərzinə üstünlük verirlər. Bu da onurğa xəstəliklərinin yaranmasına və geniş yayılmasına səbəb olur. Skolioz, yəni onurğa sütununun yana doğru əyilməsi də belə xəstəliklərdən biridir.

Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkim-neyrocərrahı, tibb üzrə fəlsəfə doktoru Cəmil İskəndərov məlumat verib.

Skolioz və kifoz problemləri və onların müalicəsi haqqında danışan həkim deyib: "Kifoz adlanan bir deformasiya da var ki, bu zaman onurğa arxaya doğru əyilir. Onurğa deformasiyalarının müalicəsi cərrahiyyənin ən mürəkkəb əməliyyatlarından biri hesab olunur. Buna baxmayaraq, son dövrlərdə Azərbaycanda, o cümlədən klinikamızda bu cür əməliyyatlar geniş şəkildə onurğa cərrahiyyəsində ciddi təcrübəyə malik cərrahlar tərəfindən icra edilir. Yəni, yeni fəaliyyətə başlayan cərrahın bu cür əməliyyatlar etməsi çox çətindir, hətta demək olar ki, qeyri-mümkündür. Bunun üçün uzun illər keçilən təcrübə şərtdir".

Həkim ATU-nun klinikasında belə əməliyyatların neyromonitorun nəzarəti altında icra olunduğunu deyib: "Neyromonitor onurğa əyriliyini düzəldərkən sinirlərin zədələnməsinin müəyyən dərəcədə qarşısını almaqda bizə kömək edir. Skolioz əhali arasında çox geniş yayılmış xəstəliklərdən biridir. İnsanlar onun əməliyyatından çəkinir və riskli olduğunu düşünürlər. Məhz neyromonitorun tətbiqi nəticəsində biz bu riskləri minimuma endirmiş oluruq".

C.İskəndərov onurğa problemləri ilə bağlı hər gün yalnız ona 30-40 nəfərin müraciət etdiyini qeyd edib: "Xəstələrin əksəriyyəti belə əməliyyatların insanı şikəst etməsi ehtimalı ilə maraqlanır. Lakin müasir dövrdə bu növ cərrahi müdaxilələr zamanı mikrocərrahi alətlərdən, mikroskopdan geniş istifadə olunur, daxili rentgenoskopiya tətbiq edilir. Bizdə demək olar ki, əməliyyat zamanı və ya sonra problemlə qarşılaşma hallarına rast gəlinmir. Yarana biləcək təhlükənin qarşısını almaq üçün mümkün olan bütün vasitələrdən istifadə edirik. Nəticədə xəstələrimizdə nevroloji ağırlaşmalar olmur".

Neyrocərrah yetərli sayda skolioz əməliyyatlarının icra olunduğunu və uğurla nəticələndiyini vurğulayıb. Həkim bu əməliyyatın onurğanın formalaşması prosesinin tam bitmədiyi dövrdə, yəni 14-17 yaş aralığında icra olunacağı təqdirdə problemin aradan qalxma ehtimalının daha yüksək olduğunu qeyd edib: "Bəzən kiçik yaş qruplarına aid xəstələrin davamlı korset müalicəsi almalarına baxmayaraq, əyrilik artır. Onda uşağın müəyyən yaşa çatmasını gözləmədən əməliyyat icra olunur. İdeopatik, yəni səbəbsiz skolioz hallarında çalışırıq ki, xəstəni 14 yaşına qədər korsetlə müalicə edək. Müsbət nəticə əldə etmədikdə isə cərrahi müdaxiləyə ehtiyac yaranır. Skoliozdan əziyyət çəkənlərin aptekdən özbaşına korset alması tövsiyə edilmir. Çünki skoliozun dərəcəsindən, bədən quruluşundan, xəstənin çəkisindən asılı olaraq müalicə korsetləri xüsusi hazırlanır. Düzgün seçilməyən korsetin taxılması skoliozun daha da dərinləşməsinə səbəb ola bilər", - deyə, neyrocərrah qeyd edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar