Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Qız hamilədir, nikaha düşmək istəyirlər, hər ikisində HİV tapıldı...” - QANIN DONDUĞU YERDƏN REPORTAJ

Tarix: 10-07-2017 15:24     Baxış: 4569 A- / A+
“Qız hamilədir, nikaha düşmək istəyirlər, hər ikisində HİV tapıldı...”


Donorların Tibbi Müayinəsi şöbəsinə daxil olan kimi başda oturan həkim mənə baxıb: “Arıqdı, qan verə bilməz!” Tərəziyə çıxarır. 55.1 kilo.

Qanda hemoqlobinin miqdarı yoxlayırlar. O da yaxşı çıxır. 12.7.

Qan donoru olmağıma o şərtlə razılaşırlar ki, qan verməzdən əvvəl mütləq şokoladla çay içəcəyəm. Həkim-hematoloqun bəzi suallarını da cavabladım, Donor sorğu vərəqəsini imzalayıb mətbəxə keçirəm.

***

Mərkəzi Qan bankı 2000-ci ildə yaradılıb. Ona qədər isə müxtəlif adlarla fəaliyyət göstərib. 1945-ci ildə stansiya tipində olub. 2010-cu ildən filiallar yaradılıb. Bankın regionlarda 8 filialı var: Gəncə, Sumqayıt, Şirvan, Şəki, Quba, Mingəçevir, Lənkəran və Bərdə. Bu ilin ilk 3 ayı üzrə 25 mindən çox donor qan verib. Donorların sayı qışda daha çox olur, yayda, xüsusən də Ramazan ayında qan verənlərin sayı azalır.

***

Donor zalına keçib, Donor sorğu vərəqəsini təqdim edirəm. Kompüter arxasındakı xanım vərəqi alıb, yuxarıda başa keçməyimi deyir.

Eynəkli, ağ xalatlı qadın əlinə əlcək geyinə-geyinə mənə yaxınlaşır. Adımı soruşur, yaşımı soruşur.

- Əvvəl qan vermisiniz?

- Bir neçə dəfə.

Əllərini sıxıb saxlayıram və qalın iynə venama yeriyir.

- Can, can! İncitdim, qızım? Venan nazikdi. Ehtiyatla elədim ki, incitməyim.

- Yox, narahat olmayın.

- Arıq olmağına baxma, əla qanın var. Qapqara!

Qanım nazik şırnaqdan keçib, hemakona dolur. Hesab edilir ki, qan nə qədər tünd olarsa, hemoqlobini o qədər çoxdur. Tibb bacısının adını öyrənirəm. Sahibə. Aramızda səmimi münasibət yaranır. Əslən Qazax rayonundandır. 1988-ci ildən işləyir. Cavan oğul itirib. Şəhid anasıdır. Oğlu 1994-cü ildə Qarabağda şəhid olub. Bakıda onun adına məktəb də var. Danışdıqca, kədərlənir. Mövzunu dəyişirəm.

- Nə qədər qan götürəcəksiniz?

- Qan laxtalanmasın deyə torbada əvvəldən saqma maddəsi olur. İkisi birlikdə 280 qram götürürük.

Uzanıqlı olduğumdan aparatı görmürəm. Sahibə xalanın gözü isə aparatdadır. “Bəsdi” deyir, qolumdakı iynəni çıxarır.

- Yaxşısan, qızım?

“Əlayam!”, - deyib çıxıram.

***

Yığılmış qan Mərkəzi Qan Bankının Qan Tədarükü Şöbəsinə göndərilir. Orada hemakon Sentrifuqa aparatında 10-12 dərəcə temperaturda dəqiqədə 300 dövr vurmaqla 5 dəqiqə fırladılır. Bu prosesdən sonra qan yüngül və ağır təbəqələrə ayrılır. Yüngül olan plazma yuxarı, ağır eritrosit kütləsi dibinə çökür.

Plazmanı eritrositdən iki üsulla ayırmaq olur: əl üsulu ilə və avtomatik. Avtomatik üsulla plazma başqa torbaya boşaldılır. Digər torbadakı Saqma maddəsi eritrositlərə əlavə olunur. Saqma qidalı mühitdir. Qanın ömrünü uzadır, xarab olmağa qoymur. Beləliklə, qan -4 dərəcə temperaturda 36-42 gün qala bilir.

Analiz olunması üçün Transmissiv İnfeksiya Laboratoriyasına göndərilmiş qan nümunəsi 4 virus üzrə yoxlanılır: HİV, Sifilis, Hepatit B və C. 4 virusdan biri qanda müəyyən edilərsə, vətəndaş ora dəvət olunur və ona xəstəliyi haqda şəxsən məlumat verilir.

Təmiz qan sertifikatlaşdırılıb, bazaya yerləşdirilir. Yararsız qanlar isə utilizasiya olunması üçün 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilir.

Hazırda laboratoriyada 1500-dən çox qan nümunəsi var. Nikahdan əvvəl tibbi müayinədən keçən gənclərin qanları da burada yoxlanılır. Laboratoriyanın müdiri Sevinc Məhərrəmova əsəbidir. Səbəbini soruşuruq. Gənclərdən gileylənir.

- Evlənənlərin ağılı olsa, analizlərin cavabını gözləyib, sonra evlənərlər. Amma elə deyil. HİV-lə evlənirlər. Hazırda bir cütlük var, hər ikisi də HİV-lidirlər. Oğlan qızı qaçırıb. Qız hamilədir, nikaha düşmək üçün analiz veriblər, hər ikisinin qanında HİV aşkarlandı. Mənim əsəbimi başa düşməlisiniz.

* * *

Mərkəzi Qan Bankının həkim-terapevti Günel Əliyevanın sözlərinə görə, gün ərzində 100-120 arası donor qan verir. 18-65 yaş arası, boyu və çəkisi 55 kilodan çox olan fiziki və psixi sağlam insanlar donor ola bilər. Hamilələr, süd verən analar, hər hansı bir əlilliyi olanlar, gözləri zəif olanlar, mütəmadi dərman içənlər və xəstələr donor ola bilməz.

- Ötən ay Respublika Perinatal Mərkəzində müalicə olunan hamilə qadına səhv qan köçürülməsi ilə bağlı məlumat yayıldı. Qanaxması olan xəstəyə +II RH əvəzinə, -II RH rezuslu qan vurulub. Mərkəzin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova Lent.az-a açıqlamasında bildirib ki, əgər üzərində Qan Bankının +II RH möhürü vurulan qan paketinin içərisindən –II RH qan çıxırsa, bu zaman məsuliyyət Qan Bankının üzərinə düşür. Qanın səhv düşməsi mümkündürmü?

- Bizdə ən son texnologiyalara uyğun aparatura var. Qanların dəyişik düşməsi ola bilməz. Qanlar kodlaşdırılır. Qanların səhv düşməsi absurd bir şeydir.

G. Əliyeva 12 ildir ki, bu işdə çalışır. Qan qrupları ilə o qədər işləyib ki, deyir, tanış olduğu insanlardan ilk bürcünü yox, birinci qan qrupunu soruşur. Axı qan qrupu üzrə də insanların xarakterini müəyyən etmək olur.

- Tarixə nəzərə salsaq, ilk I və II qrup qanlar yaranıb. III köçəri insanların qrupudur. IV isə daha müasir qan qrupudur, əsasən qarışıq evliliklərdən yaranmış qrupdur. 1, 3, 4-cü qan qrupu olanlar daha çox liderliyə meylli olur. Xəstəliklərdə də fərq var. 1-ci qan qrupu olan insanlar daha çox mədə xorası, tənəffüs orqanları, bağırsaq xəstəliklərinə meylli olurlar, 2 və 3-cü qrupda daha çox infeksiya və onkoloji xəstəliklərə meylli olurlar. 4-cü qrupda bu xəstəliklərin hamısından ola bilər. Qarışıq faktorlardır.

***

Mərkəzi Qan Bankında barter üsulu ilə qan verilir. Ekstremal vəziyyətdə birbaşa verilir.

- Bu yaxınlarda belə hal olmuşdu. Çox təəssüf ki, o xəstəni itirdik. Ə.D.Məlikov adına 6 saylı Birləşmiş şəhər Xəstəxanasına güclü patologiya ilə hamilə qadın yerləşdirilmişdi. 19 yaşında gənc qadının ilk doğuşu idi. Böyrək çatışmazlığı vardı, nə qədər qan verdiksə, kömək edə bilmədik, ana öldü, uşağı qaldı. Onu yaşatmaq üçün bütün nazirlik ayağa qalxmışdı. Əlimizdən gələni etdik. Çox ağır patologiyası vardı.

***

Bankda qanı qanla əvəz edirlər. Həkim-terapevt heç bir halda pul haqda söhbətin gedə bilməyəcəyini deyir. Bank kimsədən pul istəmir. Neqativ halla rastlaşanlar bankın (907), yaxud Səhiyyə Nazirliyinin (9103) qaynar xəttinə şikayət edə bilər.

Mərkəzi Qan Bankından qan götürmək üçün xəstəxanandan tibbi personal xəstə adamı ilə birgə tələbnamə ilə gəlməlidir. Tələbnaməyə uyğun bazadan TDP – Təzə Dondurulmuş Plazma və digər qan komponentləri verilir. Qan xüsusi konteynerlərə daşınır.

Budur, əlində konteyner bir nəfər qeydiyyat şöbəsinə yaxınlaşır...

“Qız hamilədir, nikaha düşmək istəyirlər, hər ikisində HİV tapıldı...”
“Qız hamilədir, nikaha düşmək istəyirlər, hər ikisində HİV tapıldı...”
“Qız hamilədir, nikaha düşmək istəyirlər, hər ikisində HİV tapıldı...”
“Qız hamilədir, nikaha düşmək istəyirlər, hər ikisində HİV tapıldı...”
“Qız hamilədir, nikaha düşmək istəyirlər, hər ikisində HİV tapıldı...”
“Qız hamilədir, nikaha düşmək istəyirlər, hər ikisində HİV tapıldı...”
“Qız hamilədir, nikaha düşmək istəyirlər, hər ikisində HİV tapıldı...”
“Qız hamilədir, nikaha düşmək istəyirlər, hər ikisində HİV tapıldı...”


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar