Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ağdam-Xankəndi yolu bizi hara aparır? - ŞƏRH

Tarix: 16-09-2023 13:39     Baxış: 3160 A- / A+

İstər antiterror əməliyyatları, istər Qarabağ İqtisadi Rayonundakı və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işləri, iqtisadi layihələr, Laçında sərhəd postunun qurulması həm Ermənistanın, həm də erməni separatçıların boğazına keçirilən ip oldu.

Rusiya Qızıl Xaç Komitəsinin Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan ermənilərə yük çatdırması Azərbaycan üçün əhəmiyyətli irəliləyişdir. Çünki rəsmi Bakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində suveren hüquqlarını bərpa etməyə bir addım da yaxınlaşdı.

Separatçıların boğazına keçirilən ip

Döngəni bir qədər genişdən götürüb hərəkət nizamına böyük rakursdan baxmaq lazımdır, 2020-ci ilin 10 Noyabr Bəyanatı imzalanandan sonra Azərbaycan tədrici şəkildə məqsədlərini reallaşdırdı.

Burada statistika sadalamaq yox, Azərbaycanın ali məramının mahiyyətini önə çıxarmaqla prosesləri dərk etmək vacibdir.

Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti xidmət zonasındakı fəaliyyətini elə şəkildə qurdu ki, təbii şəkildə suverenlik hüququ bərpa olunsun.

İstər antiterror əməliyyatları, istər Qarabağ İqtisadi Rayonundakı və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işləri, iqtisadi layihələr, Laçında sərhəd postunun qurulması həm Ermənistanın, həm də erməni separatçıların boğazına keçirilən ip oldu.

Geniş strateji kontekstdə Azərbaycan Qarabağdakı hadisələrlə Ermənistanla sərhəddəki prosesləri regionda özünün maraqlarının təmini şəklində əlaqəli şəkildə inkişaf etdirdi və yaranan reallıqları danışıqların predmetinə gətirdi.

Qarabağ erməniləri üçün yeganə nicat

Ağdam-Xankəndi yolunun Qarabağ erməniləri üçün yeganə nicat olması prinsipinin formalaşdırılması əldə olunan razılıqların və Azərbaycanın Ermənistan üzərində diktələrinin məntiqi davamı kimi ortaya çıxır.

Yada salaq ki, Ağdam-Xankəndi marşrutunun açılması barədə razılıq Qərb mərkəzli danışıqların nəticəsində əldə edilmişdi, ancaq Rusiya sonradan prosesləri əlində cəmləşdirmək üçün həmin gündəliyə, necə deyərlər, barmaq etdi.

Rusiya Azərbaycanın maraqlarına yaxın olan manevrlərinin davamını Ağdam-Xankəndi yoluna TIR salmaqla gətirdi, hərçənd ki, regionda Moskvanın imperiya ambisiyalarının sonu gəlməyib.

Yəni Rusiya bunu birbaşa Azərbaycanın strateji yanaşmasının təminedici funksiyası kimi həyata keçirmədi, Moskvanın manevri Qərbin regiondakı təsir zəncirlərini qırmağa yönəlmişdi.

Ankara-Moskva tandemi

Düzdür, Kremlin tempi Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Soçidə keçirilən görüşündən sonra artdı.
Yəni ki, daha bir Rusiya-Türkiyə yaxınlaşması fonunda İrəvanla Moskva arasındakı körpülər yandırılır, Ermənistan regionda baş verən hadisələrin gedişatında Qərbi proseslərə cəlb etməyə çalışır.

Elə baş nazir Nikol Paşinyan administrasiyasının Qərblə Rusiyaya qarşı oynamaq cəhdləri kifayət edir ki, Rusiyanın əlinə İrəvanı hədəf gətirməyə bəhanələr düşsün.

Yeri gəlmişkən, İrəvanla Moskva arasında gərginliyin yüksələn xətlə davam etməsi Ağdam-Xankəndi yolunda cərəyan edən hadisələrin işığında diqqət çəkir.

Rusiyanın Ermənistana qulaqburması vermək üçün seçdiyi metod və üsulların praktiki təzahürləri yaxın zamanlarda üzə çıxa bilər, hələlik Moskva bu mövqeyini Qarabağdakı vəziyyət üzərindən vurğulayır.

Ağdam-Xankəndi yolunun Rusiya xətti ilə açılmasından sonra baş verə biləcək mümkün hadisələr Kremlin regionu şəkilləndirmək üçün növbəti cəhdlərinin yeni əlamətləri ilə müşayiət ediləcək.

Azərbaycan üçün iki məqam

Zaman kəsiyi vacibdir, Azərbaycan həmin intervalda Rusiya ilə razılaşmaların ruhunu bir neçə istiqamətdə öz xeyrinə inkişaf etdirmək çağırışı ilə üz-üzədir.

Birinci, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda açıq qalan məsələləri sürətlə həll etməyi bacarmalıdır. Hər açıq qalan məsələnin qapadılması sülhməramlıların regiondakı əməliyyat çərçivələrinin daraldılması deməkdir. Yəni problem yoxdursa, sülhməramlıların da qalmasına ehtiyac yoxdur.

Rusiya bundan fərqli olaraq regional iştirak səviyyəsini Qərbin qarşısında məğlub duruma salmamaq üçün sülhməramlıların Qarabağdakı mandatının uzadılmasında maraqlı tərəf kimi çıxış edə bilər.

İkinci, Azərbaycan Rusiya ilə əlaqələrin mahiyyətini elə şəkildə tərtib etməlidir ki, Qərbin regionla bağlı Bakının xeyrinə olan çalarları zədə almasın.

Hər halda, Ağdam-Xankəndi yolunun qeyd olunan səviyyədə açılması Rusiyaya bu imkanı da yaradır ki, o, bundan sonra Azərbaycanla Qarabağ erməniləri arasında təmasların moderatoru olsun.

Rusiyanın bu təşəbbüsdən xüsusi lisenziya əldə etmək cəhdi Moskvanın 10 Noyabr Bəyanatı üzrə müəyyən manipulyasiyalarına səbəb ola bilər.

Çünki Rusiya regionda iştirakını 10 Noyabr Bəyanatı ilə möhkəmləndirməkdə çox maraqlıdır. Bununla belə, diqqətə alınmalıdır ki, Rusiya Bəyanatın bəndlərinin icrası üçün Ermənistanın üzərinə ağır yük qoyan çağırışlarını artırır.

Qərb-Rusiya sövdələşməsi ehtimalı

Qərbə gəlincə, o, Ağdam-Xankəndi marşrutunun Rusiya Qızıl Xaç Komitəsinin üzünə açılmasından doğan itkiləri bərpa etmək üçün Laçın yolundan humanitar yükləri Qarabağa keçirməyə cəhd edəcək.

Bu məsələ sanki Rusiya-Qərb sövdələşməsi üçün də açardır, çünki Qərb dairələrindən Ağdam-Xankəndi yolunun açılması ilə əlaqədar müsbət bəyanatlar eşidilməkdədir.

Belə müsbət ton Qərbi Rusiya ilə sövdələşməyə girməyə vadar edən əlamətlərin nişanəsidir, hərçənd geniş ölçüdə tərəflər arasında dərin məzmunlu strateji rəqabət mövcuddur.

Türkiyə amili nəzərə alınır

Ümumi tabloda isə həm Qərb, həm də Rusiya qurduğu planlardan asılı olmayaraq bunu Türkiyədən yan keçirməyə nail olmaqda çətinlik çəkəcək. Buna görə də onlar Ankara ilə danışıqlar aparmaq məcburiyyətini hiss edirlər.

İran da Türkiyənin saldığı kölgəni nəzərə alır, bu səbəbdəndir ki, Ankara-Tehran danışıqlarının nəticəsi olaraq ikinci Azərbaycana qarşı ritorikasını yumşaltmağa can atır.

Hər bir halda Ermənistan çətin vəziyyətlə üzləşir, çünki onunla bağlı, daha doğrusu əleyhinə real addımların atılacağı günlər çox uzaqda görünmür.

Həmin praktiki hərəkətlərdə hərə özünə bir mövqe seçəcək, məsələn, Azərbaycan üçün sərhədlərin təhlükəsizliyi prioritetdirsə, Rusiyaya, İrana, Qərbə görə məsələ fərqli rəngdədir. Türkiyə Azərbaycanla strateji müttəfiqliyin xarakterindən irəli gələn yanaşmalarla regionda payını artırmağa çalışacaq. ("Kaspi" qəzeti)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar