Xəbər lenti
Zəfərimizi Xankəndidə qeyd edəcəyik - Üç ay qaldı...
Hazırda regionda vəziyyət gərgindir. Ermənistan ordusu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçılar təxribatları davam etdirir. Təxribatların davam etməsi fonunda Azərbaycan ordusunun düşmənə layiqli cavab verməsi qaçılmaz görünür.
Zəfər gününə qədər Azərbaycan ordusu hərbi əməliyyatlar keçirə bilərmi? Bu il Zəfər Günü sevincini Xankəndidə keçirə bilərikmi?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, hər bir azərbaycanlı bu il 10 noyabr Zəfər gününün ildönümünü Xankəndidə qeyd etməyi arzulayır:
"Bunun üçün çox ciddi cəhdlə diplomatik kanallarda, eyni zamanda xarici görüşlərdə ən yüksək səviyyədə işlər gedir. 10 noyabr Zəfər Günününü ildönümünə iki aya yaxın vaxt var. Bu ərəfədə ermənilərin istər diaspor səviyyəsində, istər digər havadarları səviyyəsində aktivliyinin şahidi olduq. Lakin diplomatik kanallarda, hətta BMT səviyyəsində onların fiaskoya uğramasına şahidlik etdik. Yəni biz diplomatik cəhətdən öz addımlarımızı atırıq. Bizim əsas məramımız, məqsədimiz sülh müqaviləsinin imzalanması və sülh yolu ilə reinteqrasiya prosesini həyata keçirməkdir. Bundan sonra digər məsələlər haqda danışmaq olar".
Deputat vurğulayıb ki, Xankəndidəki separatçıların atdığı addımların, onların Azərbaycana qarşı etdiyi və edə biləcəyi təxribatların qarşısını almaq iqtidarındayıq:
Bu, həm də hərbi yolla ola bilər. Ona görə də, düşünürəm ki, əsas məqsəd sülhə nail olmaq, sərhədlərin delimitasiya və demarkasiyasını aparmaq, Böyük Qayıdışın həyata keçirilməsi və qayıdan həmvətənlərimizin təhlükəsizliyinin təminatı bu gün ən mühüm məsələlərdir. Düşünürəm ki, bu istiqamətdə Ali Baş Komandan siyasəti səviyyəsində ən ciddi addımlar atılır. Şuşada Zəfər Günümüzü qeyd etdiyimiz kimi, yaxın müddətdə Xankəndidə də zəfərimizi qeyd edə bilərik".
Hərbi ekspert Üzeyir Cəfərov zəfərimizi gecikdirən, buna mane olan güclərin olduğunu deyib.
"Baş verən proseslər, 44 günlük Vətən müharibəsinin yekununda yaşadığımız o duyğuları daha geniş, daha əhatəli yaşamağa imkan vermir. Çünki buna mane olan konkret güclər və qüvvələr var. Biz bu məsələlərlə bağlı bir qədər səbir nümayiş etdirməliyik. Proseslər elə gedir ki, beynəlxalq güclər Azərbaycanı separatçılarla danışıqlar masasına çağırırlar. İstədiyimizi əldə etmək üçün işimizi davam etdiməliyik. Bölgəyə aidiyyəti olan və olmayan insanlarla işlər aparılmalıdır. Sözsüz ki, təxribatlar olacağı təqdirdə Azərbaycan Ordusu bu təxribatların qarşısını alacaq. Amma bütövlükdə 2020-ci ilin noyabrında müharibənin nəticəsi ilə əlaqədar yaşadığımız şadyanalığın eynisini yaşamaq üçün hələ tezdir. O məqam yetişməyib".
O qeyd edib ki, işğaldan azad olunan ərazilərdə vətəndaşlarımızın tam təhlükəsiz yerləşməsindən sonra Qarabağ məsələsinin tarixin yaddaşına köçdüyünü demək olar:
"Mən həmişə demişəm ki, bizə oranı təmziləmək üçün 7 gün lazımdır. Amma bundan sonra da bizə xeyli vaxt lazım olacaq ki, onların orada basdırdıqları minaları, orada qurduqları şeytan yuvalarını aradan qaldıraq və insanlarımız üçün normal şərait yaradaq. Bu gün insanlarımız Laçının Zabux kəndinə köçürlər. Amma məsələ burasındadır ki, bizim insanlarımız hələ tam şəkildə Şuşaya, Laçına, Kəlbəcərə digər yaşayış məntəqələrimizə köçməlidir. Bizim insanlarımız rahat şəkildə öz yurdlarına köçüb, təhlükəsizlikləri təmin olunmuş şəkildə yaşamağa başladıqda əsl bayram olacaq".
Ü.Cəfərovun fikrincə, Azərbaycan güc amilindən istifadə edə bilər:
"Hərbi əməliyyatların zaman-zaman məqamı yetişib. Ordu da hazırlıq göstərişi alıb. Ancaq sonra bəlli səbəblərə əsasən qərar verilməyib. Lakin Azərbaycan vəziyyətə uyğun hərəkət edəcək. Heç nə olmayacaq deyə bilərik, amma vəziyyət qarşı tərəfdən qızışa bilər. Azərbaycan haqlı olduğu halda nə qədər üstünə gəlirlər, nələrdəsə onu günalandırırlar. Azərbaycan çalışır ki, bəzi məsələləri sakit məcrada, diplomatik yolla həll etsin. Görək, bu nə qədər alınacaq. Görünən odur ki, böyük təxribatlar olacaqsa, Azərbaycan məcburiyyət qarşısında qalıb güc amilinə əl atmalı olacaq. Artıq bunun işartıları var".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar