Xəbər lenti
Erməni diversantların məhkəməsi- onları hansı ağır cəza gözləyir?
Rəsmi İrəvanın mövqeyindən də belə anlaşılır ki, iki əsgərimizi Bakıda cəza çəkən diversantlarla dəyişmək təklifi ediləcək
Ermənistanda məhkəmə azərbaycanlı hərbçi Hüseyn Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib.Hüseyn Axundov digər əsgər Aqşin Bəbirovla birlikdə aprel ayında əlverişsiz hava şəraitində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində azaraq Ermənistan ərazisinə keçiblər. Əsgərlərin hər ikisi Ermənistanda həbs edilib və onlara “silahla sərhədi qanunsuz keçmək” maddəsi ilə ittiham irəli sürülüb. Axundov həm də Zəngəzur mis-molibden zavodunun gözətçisini öldürməkdə ittiham olunub. Bundan əvvəl Bəbirov 11,5 il müddətinə azadlıqdan məhrum edilib.
Ermənistanın baş naziri Nikol Paşinyan ötən ay deyib ki, iki Azərbaycan hərbçisinin ekstradisiyasını müzakirə etməyə hazırıq. “Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz”, - deyə Paşinyan bildirib.
Yada salaq ki, mayın 26-da sərhədin Zəngilan rayon istiqamətində iki erməni diversant - Harut Hovagimyan və Karen Qazaryan saxlanılıb. Həyasızlığa bax ki, Ermənistan İstintaq Komitəsi ordumuzun Zəngilan istiqamətində yaxaladığı və barələrində cinayət işləri başlanmış erməni diversantlarla bağlı “adam oğurluğu” maddəsi ilə “cinayət işi” başlayıb. Üstəlik, Beynəlxalq Məhkəməyə müraciət ediblər. Azərbaycan tərəfi sərhəd bölgəsində ayrı-ayrı vaxtlarda saxladığı 10-a yaxın erməni hərbçisini və mülki şəxsi qeyd-şərtsiz, heç bir şərt olmadan geri verib.
Azərbaycan Prezidenti mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə bunun dözülməz olduğunu deyib həmçinin bildirib: “Əgər siz bu razılaşmanı pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz".
Mayın 28-də isə Prezidentin Laçında azərbaycanlı əsirlərlə bağlı dediyi sözlər erməni tərəfinə son xəbərdarlıq xarakteri daşıyırdı. Sitat: “İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər, əgər kimsə yolu azsa, əgər belə bir hal baş verərsə, maksimum iki günə o adamlar qaytarılmalıdır. Biz buna əməl edirdik. Onları maksimum iki gün saxlayıb, sorğu-suala tutub qaytarırdıq, mülki vətəndaşları da, hərbçiləri də. Görün, onlar nə etdilər?! Onlar, birincisi, yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətini alçaldıblar, döyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər və artıq məhkum ediblər. Bu, harada görünüb?”
Paşinyanın mövqeyindən də belə anlaşılır ki, onları Bakıda cəza çəkən diversantlarla dəyişmək təklif ediləcək. Bundan sonra nə olacaq? Ermənilər ələ keçirilən əsirlərimizi niyə qəsdən ağır maddələrlə ittiham edir? Erməni diversantlara da ağır cəza veriləcəkmi?
Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycan tərəfi həbs olunan erməni təxribatçılara, diversantlara qarşı humanizm prinsiplərindən irəli gələn cəzalar təyin edir. Bu, sərf Azərbaycanın sülhpərvərliyinin nümayişidir. Əslində isə erməni diversantlar ən sərt cəzaya layiqdir və gedişat onu göstərir ki, qarşı tərəf üçün diversantlarının həyatı maraqlı deyil: “Ötən il Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvünə hökm oxundu. Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin Azərbaycan ərazilərində törətdikləri, planlaşdırdıqları diversiya cinayətlərinə görə mühakimə olundular. Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviçin 5 il, digərlərinin isə həmin maddə ilə 2 il azadlıqdan məhrum edildilər. Bu məhkəmə prosesi başa çatar-çatmaz erməni diversantlara humanist cəzalar təyin olunması sosial şəbəkələrdə müzakirəyə çıxarıldı.
Məhkəmə hüquqi aspektləri əsas tutaraq hökm verdi. Amma heç şübhəsiz ki, indiki həssas durumda məsələyə həm də siyasi və regional aspektlərdən yanaşma da doğru sayılır. Məhkəmədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətkar əməlləri, ölkəmizə qarşı davamlı olaraq apardıqları terrorçuluq, təxribat hərəkətləri təkzibedilməz sübutlarla təsdiq edildi. Məhkəmə zamanı şahid və təqsirlədirilənləri ifadəsi bunları bir daha sübuta yetirdi. Məhkəmə hökmü o deməkdir ki, Ermənistan beynəlxalq arenada artıq rəsmi sənədlə, sübutlarla terrorçu dövlət kimi xarakterizə ediləcək".
Hüquqşünas deyib ki, cinayət işində Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı planlaşdırdığı, bəzilərini həyata keçirməyə cəhd etdiyi, qismən və müəyyən dərəcədə reallaşdıra bildiyi terror mahiyyətli cinayət əməlləri tam sübut olunub: “Ən vacib məqam ondan ibarətdir ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı törətdiyi və sübut olunan, erməni diversantların dilindən səslənən ifadələrlə təsbit edilən cinayət əməllərinə görə ayrıca bir cinayət işi başlanacaq. Belə ki, bunu üçün prokurorun vəsatəti əsasında məhkəmə xüsusi qərardad çıxarıb və prokurorluğa göndərilib.
Paralel olaraq məhkəmədə mühakimə olunan, hökm oxunan şəxslərə rəhbərlik etmiş Ermənistan vətəndaşı, polkovnik-leytenant Arsen Qazaryan və digər vəzifəli şəxslər barəsində beynəlxalq axtarış elan edildi.
Həmçinin məhkəmə prosesinin gedişində də aşkara çıxdı ki, ermənilər hərbi xidmətə getmək, döyüşmək istəməyiblər. Bunu diversantlar ifadələrində təkrar-təkrar, xüsusi vurğu ilə deyir və çalışırdılar ki, protokola düşməsinə nail olsunlar. Onlar məhkəmə iclaslarında verdikləri sərbəst ifadələrində deyirdilər ki, onlar Qarabağda xidmətə zorla, ölümlə, həbslə təhdid edilərək göndəriliblər. Ermənistanın siyasi-hərbi rəhbərliyi hərbi xidmətdən yayınmaq adı ilə həmin şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə təhdid etməklə məcburi hərbi xidmətə, döyüşə göndərib. Hətta diversantlar imdad diləyərək bildirirdilər ki, Azərbaycan xalqına və Ordusuna qarşı hər hansı cinayət törətmək niyyətləri, istəkləri olmayıb, buna zorən, ağır təhdidlərlə məcbur ediliblər. Mühakimə olunan ermənilərlə bağlı bir məqam da diqqəti cəlb etdi. Onların anket məlumatları dəqiqləşdirilərkən üzə çıxırdı ki, demək olar ki, hamısı işsiz, ağır sosial şəraitdə yaşayan ermənilərdir. Bəziləri fəhləlik, ağır işlərdə çalışmaq üçün dəfələrlə xarici ölkələrə gediblər, minimum ehtiyaclarını ödəmək üçün ən çətin işləri görüblər. Məhkəmələrində diversantlar faktiki olaraq bədbəxt erməni xalqının nümayəndələri olduqlarını ortaya qoydular, onlar hətta bunu göz yaşları içində özləri etiraf edirdi.
Azərbaycan dövləti hər zaman bəyan edib ki, bizim məqsədimiz erməni xalqı ilə düşmənçilik aparmaq deyil. Ermənistanın hərbi-siyasi canilərinin cəzalandırılmasına və əməllərinin ifşasına nail olmaqdır. Həmçinin qalib Azərbaycan öz məğrurluğunu, eyni zamanda humanizmini əsirgəməyib. Buna baxmayaraq, Ermənistan siyasi-hərbi rəhbərliyi diversantları ölkəmizə göndərməkdə davam edir".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar