Hər dəfə Azərbaycanla sülh sazişi ortaya çıxanda "satqın", "xain" məsələsi Ermənistan gündəmini tutur. Baş nazir Nikol Paşinyan hakimiyyəti milli maraqları qurban verməkdə, Qarabağdan imtinada günahlandırılır.Getdikcə bu ittihamlar azalsa da, müxalifət hakimiyyəti günahlandırmaqda davam edir. Məsələn, ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirinin görüşündən dərhal sonra növbəti dəfə hakimiyyəti milli maraqları satmaqda, xəyanətdə ittiham etməyə başlayırlar. "Erməni xalqının arxasında gizli şəkildə təhlükəli proseslər gedir, müxtəlif formatlarda görüşlər keçirilir", - deyə "Hayastan" fraksiyasının deputatı Qeqam Manukyan bildirib.
"Danışıqlar Moskvada aparılsaydı, necə reaksiya olardı?"
Deputat vitse-spiker, Ankara ilə danışıqlarda xüsusi nümayəndənin Vaşinqtonda görüşə getməsinin səbəbləri ilə maraqlanıb. Manukyan təəccüblənir ki, Ermənistan-Türkiyə münasibətləri Ermənistan-Azərbaycan münasibətləri ilə bağlıdır. Manukyanın iddialarına cavab olaraq "Mülki müqavilə"nin nümayəndəsi Arman Yeqoyan cavab verib ki, Qarabağla bağlı Moskva və Vaşinqtonda aparılan danışıqların məzmunu demək olar ki, eynidir. Eqoyan sual edib ki, görəsən görüş Moskvada keçirilərdisə, o zaman opponentlərin fikri dəyişərdimi?
"Qarabağdan imtina edən hər kəs xəyanətdə mühakimə olunacaq"
"Qarabağdan imtina edən hər kəs Ermənistanda dövlətə xəyanətdə mühakimə olunacaq". Bunu isə Milli Assambleyanın iclasında "Ermənistan" müxalifət blokundan olan deputat Aqvan Vardanyan deyib. O əmindir ki, erməni soyqırımını inkar edənlər gec-tez günahsız qurbanların ruhu qarşısında cavab verəcəklər. "Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qoruya bilməyənlərə, eləcə də onların nəslinə ölkəmizdə yer olmayacaq", deyən Vardanyan əmindir ki, Ermənistan ordusunu, eləcə də Qarabağdakı separatçıların "ordusu"nu zəiflədənlər bağışlanmayacaq. "Erməni kimliyinin dayaqlarından birinə - Erməni Apostol Kilsəsinə hücum edən hər kəs qovulacaq...", - deyə Vardanyan "siyahı"nı davam etdirərək deyib. Onun sözlərinə görə, Ermənistanla müqayisədə güc heç bir şey deyil. "Və xahiş edirəm, indicə təsvir etdiyim Ermənistanın mövcud olacağına şübhə etməyin", - deyə müxalifətçi yekunlaşdırıb.
Başqa bir maraqlı versiyanı rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov irəli sürüb. "Nyus.am"a müsahibəsində Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini şərh edib və bildirib ki, "Azərbaycan hətta sazişin özündə Dağlıq Qarabağ terminindən istifadə etmək istəmir, xüsusən də Ermənistan Dağlıq Qarabağı Azərbaycanın daxili problemi kimi tanıyırsa. Sadəcə olaraq, İrəvan Dağlıq Qarabağı müəyyən şərtlərlə təslim edir. Bəs Ermənistan bunun müqabilində nə alacaq? Bilinmir". Ardınca da Laçında Azərbaycan sərhəd buraxılış məntəqəsinin quraşdırılmasına toxunur və qeyd edir ki, "bu məsələ Rusiyanın oyunu deyil".
Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaq əzmini təsdiqləyib
Öz növbəsində erməni politoloq, şərqşünas Andranik Hovhannisyan da Paşinyan hakimiyyətini milli maraqlı qurban verməkdə ittiham edir. "Bir sıra mənbələrə görə, ABŞ-da danışıqların elə ilk günündə Mirzoyan Ermənistan hakimiyyətinin "Artsax"ı (Qarabağı) Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaq əzmini təsdiqləyib. "Öz növbəsində Azərbaycan nümayəndə heyətinin üzvü nazir Bayramov bildirib ki, Azərbaycan Ermənistana qarşı ərazi iddialarını dayandıracaq, Ermənistanın regionda iqtisadi, nəqliyyat və logistika layihələrində iştirakına mane olmayacaq", - o yazıb.