Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gənclərə inam gələcəyə inam deməkdir

Tarix: 21-12-2021 18:49     Baxış: 4618 A- / A+
( Portret cizgiləri)

Ramin Məmmədzadə: “Müstəqil Azərbaycanın gələcəyi yalnız bizim savadlı övladlar yetişdirməyimizdən asılıdır”.
Son vaxtlar gənclərin irəli çəkilməsi, yüksək vəzifələrə təyin olunması böyük alqışa layiq işdir. Əlbəttə, bu, ölkə başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın apardığı çox düzgün siyasətin bariz nümunəsidir. Beləliklə, gənclərə yaşıl işıq yandırıldıqca, onlar bu inamı doğrultmaqla özlərini gələcəyin qurucusu kimi təsdiq edirlər. Belə gənclərdən biri də yazımın qəhrəmanı Ramin Məmmədzadədir. O, mənim işlədiyim 104-cü layihədə - SƏTƏM-də çalışır və gecə növbəsində Bitum və Heydər Əliyev adına Neftayırma zavodunun ərazisinə nəzarət edir. Onu ilk öncə geniş oxucu auditoriyası ilə daha yaxından tanış etmək istəyirəm:
Qısa arayış: Ramin Roməlı oğlu Məmmədzadə 1980-ci ilin may ayının 4-də Bakı şəhərində anadan olub.116 saylı tam orta məktəbdə oxuyub. Sonra Azərbaycan Dövlət Xarici Dillər Universitetində ingilis dili ixtisası üzrə təhsil alıb. Ali təhsilli mütəxəssis kimi Azərbaycan Neft Akademiyasında əməyin təhlükəsizliyi üzrə ikinci ixtisasa yiyələnib. Magistraturanı da Azərbaycan Dövlət Xarici Dillər Universitetində bitirib. İlk əmək fəaliyyətinə BİPİ Şirkətində başlayıb. Burada çalışdığı zaman ingilislərin işə tələbkarlığı nəticəsində Ramin Məmmədzadə öz peşəsini daha mükəmməl öyrənib, kamil bir mütəxəssis kimi yetişib.O, xasiyyətcə sanqvinikdir. Sanqviniklər (diribaş adamlar) – güclü, tarazlaşmış, daim hərəkətdə olan, məntiqə söykənən əsəb proseslərilə xarakterizə olunurlar. Onlar fəal və yaradıcılıqla işləməyə qadirdirlər. Çox asanlıqla bir emosional vəziyyətdən digərinə keçə bilirlər. Onlar əgər istəsələr, qarşılarına həlli çətin məsələlər qoyub, onları məntiqlə, səbrlə, rahatlıqla həll eləyərlər.
Hazırda Ramin MəmmədzadəAzərbaycanın ən böyük şirkətlərindən biri sayılan, təkcə respublkamızda yox, digər xarici ölkələrdə yüksək ixtisaslı kadrları ilə tanınan “AZFEN” Birgə Müəssisəsində baş direktor - əsl təşkilatçı və savadlı insan cənab Həmid Həsənovun rəhbərliyi ilə aparıcı vəzifələrdən birində çalışır. Ömrünün artıq 41-ci ilini sona çatdıran Ramin Məmmədzadəyə hər kəsin inamı, ümidi daha böyükdür.
-Sizin “AZFEN” Birgə Müəssisəsində əsas fəaliyyətiniz nədən ibarətdir?
-“AZFEN” Birgə Müəssisəsində SƏTƏM-də çalışıram. Burada işim sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunmasından (SƏTƏM) ibarətdir. Məqsədimizin, nəyə nail olmaq istəyimizin reallaşmasına çalışırıq. Yəni SƏTƏM siyasəti bizə imkan verir ki, işimizi effektiv şəkildə araşdıraq. Bu, dünyanın əksər inkişaf etmiş ölklərində mövcuddur. Burada planlaşdırma, təhlükəsizlik əməliyyatları, insanların sağlamlığının qorunması, ətraf mühit və hədəfə çatmaq üçün yollar fikirləşilir, həyata keçirilir. Hər bir işçinin vəzifəsi, gördüyü işlər elmi şəkildə aydınlaşdırılır. SƏTƏM siyasəti bir növ rəhbərlikdən asılıdır və onun qoyduğu düzgün iş prinsipini icra edir. Yəni bu şirkət nəyə və necə nail olmağı ortaya qoyur və SƏTƏM də bunu həyata keçirir. Bu, əlbəttə, çox çətin və cavabdeh bir işdir. SƏTƏM bu gün hər bir müəssisənin bel sütunudur desəm, daha dəqiq olar. Çünki dünyanın inkişaf etmiş ölklərində bu, belədir. Burada çalışan hər bir mütəxəssis çox savadlı, təmkinli, səbirli, yüksək peşəkar olmaqla yanaşı, uzaqgörən siyasətə də malik olmalı, gələcək uğurunu əvvəlcədən görməlidir.
-“AZFEN” Birgə Müəssisəsi bu gün Azərbaycanda ən çox uğur qazanan şirkətdir. Bir mütəxəssis kimi siz bu şirkət barədə nə deyə bilərsiniz?
-Bəli. 25 yaşı olan şirkətimiz həqiqətən də çox böyük və beynəlxalq səviyyəli layihələri uğurla həyata keçirir. Çoxlu tenderin qalibi olub. Bu da əlbəttə, yüksək səviyyəli, savadlı, təşkilatçı rəhbərimiz cənab Həmid Həsənovun və mütəxəssislərimizin sayəsindədir. Təbii ki, kollektiv özünə güvənir, çox böyük və mehriban bir ailəni xatırladır. Burada işçilərə yüksək qayğı ilə yanaşılır. Onların sağlamlığı ən önəmlidir. Bizim 104-cü layihənin rəhbəri, professor, çox savadlı, yüksək təşkilatçı cənab Araz Tağızadənin rəhbərliyi ilə burada çox böyük işlər görülür. Öhdəmizə düşən işləri çalışırıq vicdanla, ağılla, səbrlə, işçilər arasında fərq qoymadan, layiqincə, yüksək keyfiyyətlə yerinə yetirək. SƏTƏM-in, mühəndislərin, baş aparıcı mütəxəssislərin, briqadirlərin, bir sözlə, bütün işçi qrupumuz işə zərgər dəqiqliyi, məsuliyyətlə yanaşır. təbii ki, işçi qrupun üzərinə düşən cavabdehli işdə hamının birinci məqsədi gördükləri işiləri zərgər dəqiqliyi ilə yerinə yetirməkdir. Bizim bir ali məqsədimiz var: “Biz bu müəssisəsni öz xalqımız üçün yüksək səviyyədə, zərgər dəqiqliyi ilə tikirik ki, buradan xalqımız uzun illər lazım olan səviyyədə bəhrələnsin. Bu müəssisə xalqımıza, dövlətimizə böyük xeyir versin”.
-Bugünkü gənclərin elmə, təhsilə marağı bir gənc mütəxəssis kimi sizi qane edirmi?
-Bəzən edir, bəzənsə xeyr. Çünki əsrimiz elm, texnika əsridir. Gənclərimiz elmlə, texnikayla indi daha çox maraqlanırlar. Biz ali məktəbdə oxuyanda zəngin məlumatlar əldə eləyə bilmirdik. Gecə-gündüz Mirzə Fətəli Axundov adına kitabxanada olurduq. Orada qeydlər yazırdıq. Hətta bizə ksereokopiya eləməyə icazə vermirdilər. Yalnız kitabxanada oturub yazmalı idik. Amma indi şükür Allaha internet aləmidir. Nə məlumat istəyirsənsə, iki dəqiqəyə tapırsan. Deməli, indi gənclər üçün şans və şərait daha çoxdur. Gəlin, danmayaq ki, bəzi gənclər bir az tənbəllik edirlər. Atalarımızın çox maraqlı bir kəlamı var: “Ver yeyim, ört yatım”. Yəni əziyyət çəkmək istəmirlər. Amma işə cəhd edənlər, maraq göstərənlər də var. Ona görə də indi təhsil almağa, elm öyrənməyə çox gözəl imkanlar yaranıb. Ölkə başçımız cənab İlham Əliyev təhsillə bağlı mühüm qərarlar verib. Gənclərimiz bunlardan lazımi qaydada yararlanmalıdırlar. Çünki savadlı kadra hər yerdə ehtyac vardır. Xarici Dillər Universitetində rəhmətlik müəllimimiz Mansur Zeynallı belə deyirdi: “Elm-təhsil elə bir şeydir ki, mərməri də qırıb keçər”. Ona görə də elmin, elmli adamın qarşısında hamı acizdir. Ulu Tanrı buyurub ki, “səndən hərəkət, məndən bərəkət”. Evdə oturmaqla heç kim heç nəyə nail ola bilməz. Gərək əziyyət çəkəsən. Məşhur filosof Herder isə belə deyib: “Əmək insan üçün şəfaverici balzam, xeyirxahlıq, elm isə onun mənbəyidir”.
-Ali təhsil insana həyatda nəyi verir?
-Ali təhsil ilk öncə insana yaxşı savad, nəzəri bilik və həyatı yaxşı düşünməyi öyrədir. Mükəmməl dünyagörüşü verir. Təbii ki, bu fikri mən ali təhsil almağa hədsiz marağı olan və ali məktəbdə mükəmməl oxuyan insanlara şamil edirəm. Adamlar var ki, beş il ali məktəbə gedib-gəlirlər, diplom alırlar, amma öz ixtisaslarını öyrənə bilmirlər. Mən belələrini nəzərdə tutmuram. Əgər sırf ali təhsildən danışsaq, belə bir sual ortaya çıxır: Biz ali məktəbdə nəyi öyrənirik? İlk öncə seçdiyimiz ixtisasın nəzəriyyəsini öyrənirik. Təbii ki, biz ali məktəbi bitirəndən sonra hansısa bir müəssisədə öz ixtisasımız üzrə işləyəndə, ali məktəbdə öyrəndiyimiz nəzəriyyəni həyata keçirməyə başlayırıq. Bununla da təcrübə vasitəsilə nəzəriyyə olur bizim biliyimizin sütunu. Deməli, ali təhsil insana çox şey əxz edir: kollektivdə işləmək, kollektivlə davranmaq, elm əldə etmək, vəzifə pillələrində yüksəlmək. Əgər nəzəriyyə və təcrübənin vəhdəti olmasa, insan öz işində heç bir uğur əldə eləyə bilməz. Dahi Nizami Gəncəvi bu kəlamı təsadüfi deməyib:
“Kamil bir palançı olsada insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan”.

-Bugünkü gənclərin çoxu rahat iş tapmaq və asan yolla çoxlu pul qazanmaq barədə fikirləşirlər. Bu, mümkündürmü?
- Əlbəttə, ruzini verən Allahdır. Biz əvvəldən bilmirik ki, gələcəyimiz necə olacaq? Təbii ki, çox pulu olan adamın başı çox ağrayır. İnsanın öz ehtiyaclarını ödəyəcəyi qədər pulu olsa, kifayət eləyər. Bəzən müvəffəqiyyətdən baş gicəllənir və insan öz hisslərinə hakimlik edə bilmir. Sözsüz, insan ailəsi, övladlarının təhsili və gələcək güzəranı üçün daha çox pul qazanmaq istəyir. Mən arzu edirəm ki,bugünkü gənclər pul qazanmaqdan öncəözlərini tanımağı, dərk etməyi öyrənsinlər. Əlbəttə, bu çox vacibdir. “İnsan gərək beşikdən qəbrədək öyrənsin.” Bu kimi çoxlu atalar sözləri vardır. Onlardan bir neçəsini demək istəyirəm: “İnsan məxluqatın əşrəfidir. İnsan daşdan bərk, güldən zərifdir. İnsan olmayan insan qədrini bilməz. İnsan dostunu, düşmənini tanımalıdır. İnsanın dəlisi daşa güc eylər, heyvanın dəlisi başa. İnsanın dili sandıq, dodaqları qıfıl olmalıdır. İnsan heç vaxt vara-dövlətə həris olmamalıdır. Çünki qəbr evinə gedəndə onun gözünü həmin var-dövlət yox, bir ovuc torpaq doldurur”.
-Ailə insan həyatının güzgüsüdür. Arzularınızı və istəklərinizi həyata keçirməkdə, etimadınızı doğrultmaqda övldlarınıza ümid bəsləyirsinizmi?
-Bəli, sizinlə razıyam: ailə bir aynadır. Yəni bu aynada hər şey olduğu kimi öz əksini tapır. İnsan gənc yaşlarında özü üçün yaşayır. Sonra ailə həyatı qurur və ailəsi, dünyaya gələn övladları üçün yaşayır. Övladlarını həyatın gələcək imtahanlarına hazırlayır. Necə ki, valideynlərimiz bizim təhsil almağımıza, hansısa ixtisasa yiyələnməyimizə böyük səbrlə bizə kömək ediblər, biz də öz növbəmizdə övladlarımızçün çalışırıq. Mənim bir qızım, bir oğlum var. Çox istəyirəm ki, övladlarım mənim və özlərinin arzularını, istəklərini doğrultsunlar. Əsasən də qızlara gərək yaxşı savad vermək lazımdır. Çünki ailədə ana savadlı olmalıdır. Axı övladın ilk müəllimi anadır. Müstəqil Azərbaycanın gələcəyi yalnız bizim bilikli övladlar yetişdirməyimizdən asılıdır. Qeyd etdiyim kimi, hazırda elm, texnika
əsridir. Dünya ölkələrinin çoxundan öndə olmaq üçün gərək mükəmməl, dəyərli mütəxəssislər yetişdirək. Dünyanın məşhur filosoflarından olmuş və 1458-1521-ci illərdə yaşamış Brantın belə bir maraqlı kəlamı var: “Axmaqların axmağı, korların koru öz övladlarına tərbiyə verməyənlərdir”. Görürsünüzmu, valideynin övlad tərbiyəsində rolu necə böyükdür? İnanıram ki, övadlarım etimadımı doğruldaraq arzularımı, istəklərimi həyata keçirəcəklər. Çünki buna həmişə zəmin yaratmağa çalışıram.
-44 günlük Vətən müharibəsi Azərbaycan xalqını dünya xalqlarına bir daha cəsur xalq kimi tanıtdı. Bir vətənpərvər ziyalı kimi siz bu haqda nə deyə bilərsiniz?
-44 günlük Vətən müharibəsi ilə bağlı fikrimi belə deyə bilərəm ki, bu müharibə bizdə daha çox vətənpərvərlik, milli birlik ruhu yaratdı. Cənab prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz bir dəmir yumruq olduq. Və biz beynəlxalq arenada güclü, qüdrətli olduğumuzu bir daha sübut elədik. Biz əvvəllər də bir sıra beynəlxalq səviyyəli layihələrdə özümüzü sübut eləmişdik. Bunlardan elə təkcə Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsi XX əsrin ən böyük layihələrindən biri olmuşdu. Vətən müharibəsində qələbəmiz bizi bir-birimizə daha yaxın, mehriban elədi. Bu, 300 il ərzində torpaqlarımız uğrunda düşmən üzərində ən böyük qələbəmizdir, tarixi hadisədir. Dünyaya sübut elədik ki, bizim çox üzaqgörən siyasəti olan qorxmaz, igid, qətiyyətli Ali Baş Komandanımız, basılmaz, igid ordumuz var. Biz hər şeyə qadirik. Biz güclü xalqıq. 44 gündə Ali Baş Komandan təkcə ordumuza yox, həm də xalqımıza böyük ruh yüksəkliyi verirdi. Onun işğal olunmuş torpaqlarımızın, şəhərlərimizin, kəndlərimizin, hər bir yüksəkliyin azad olunması barədə verdiyi sevincli xəbərləri televiziyadan, mətbuatdan həyəcanla izləyirdik. Şükür ki, artıq məcburi köçkün, qaçqın statusu yığışdırıldı. Bəli, şəhidlərimiz də oldu. Allah onlara rəhmət eləsin! Qazilərimizə can sağlığı versin! Məşhur türk şairi Cemal Kuntayın belə bir kəlamı var: “Torpaq, uğrunda ölən varsa Vətəndir”. Deməli, torpaqları düşməndən azad eləyəndə şəhid olmaq Ulu Tanrının dərgahına yüksəlmək deməkdir.
Hətta Ağdamı, Kəlbəcəri və Laçını bir güllə belə atmadan erməni faşistlərindən geri almağımız, dünya hərb elmində çox böyük tarixi hadisə oldu. Artıq cənnətməkan Qarabağımızda çox böyük qurucluq işləri gedir. Füzulu Hava Limanının açılışı, Şuşada tarixi abidələrin bərpası, Ağdamın dünyanın ən gözəl şəhərlərindən biri kimi qurulacağı, Kəlbəcərin gələcəkdə əsrarəngiz istirahət mərkəzlərindən birinə çevriləcəyi, orada olan İsti suda böyük quruculuq işlərinin görüləcəyi, Alban abidələrinin bərpası, Laçında Hava Limanının tikiləcəyi, Kəlbəcərə dəmir yolunun çəkilişi və digər layihələr ondan xəbər verir ki, Azərbaycan az bir vaxtda daha inkişaf etmiş ölkərlərdən biri olacaqdır. Qarabağ indi bizim həm Məkkəmiz, həm Mədinəmiz və həm də Kərbəlamızdır. İnanıram ki, biz tezliklə Zəngəzuru da geri qaytaracağıq.
-Xalqımıza gələcək arzularınız, istəkləriniz hansılardır?
-Bu çox yaxşı sualdır. Xalqımıza ilk növbədə sülh, əmin-amanlıq, firavan həyat arzulayıram. Bizə zəfər yaraşır. Milli birliyimizi həmişə belə qorumağı diləyirəm. Azad olunan torpaqlarımızda daha perspektivli işlər görülməklə xarici turistlərin
Azərbaycana axınını arzu edirəm. Çünku onların ölkəmizə gəlişinin çox olması dövlət büdcəsinə də böyük köməklik edər. Dünyada elə ölkələr var ki, turizmin sayəsində çox yaxşı inkişaf edirlər.
Ən böyük arzum budur ki, işsizlik olmasın. Qarabağda böyük quruculuq zamanı insanlarımız yəqin ki, daimi işlərə cəlb olunacaq və onların güzəranı yaxşılaşacaq. Hətta Rusiyada və başqa xarici ölkələrdə olan həmvətənlərimiz də geri qayıdar, Vətən həsrətlərinə son qoyular. Çünki biz vətənsevər, yurdsevər millətik.
Həmçinin istəyirəm ki, camaatımızın başı işə elə qarışsın ki, boş zamanı olmasın, mənasız, lazımsız şeylər barədə düşünməsin. Ölkə başçımız da çalışır ki, məmləkətimizdə işsizlərin sayı tamamilə azalsın. Mən qətiyyətlə vurğulayıram ki, yaxın zamanda dünyanın inkişaf etmiş ölklərinin adı sadalananda Azərbaycanın da adı həmin siyahıda yer alacaq. Eramızdan əvvəl 195-159-cu illərdə yaşamış məşhur filosof Perentsiy belə bir maraqlı kəlam deyib: “Müdrik insan təkcə ayağının altındakını yox, gələcəyi də görəndir”. Bəli, biz ən müdrik xalqlardanıq. Çünki dünyanın dahi şairləri sırasında birinci pillədə duran Nizami Gəncəvimiz var. Söz yox ki, bütün dahilərimizi dünya səviyyəsində tanıda bilsək, hamı bizim qarşımızda baş əyər. Bir daha sübut olunar ki, Azərbaycan xalqı, dünyanın ən qədim, sivil xalqlarından biridir.

Elnur AĞALAROĞLU

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar