Xəbər lenti
Karantin rejimi təhsilimizə nə verdi, yaxud distant təhsil xilas yoludurmu? - MÜSAHİBƏ
Bu gün təkcə ölkəmiz deyil, bütün dünya böyük problemlərlə üzləşib. Bu, birinci növbədə yoluxucu xəstəliklə bəşəriyyəti təhlükə qarşısında qoyan pandemik şəraitlə bağlıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bəlanın kütləviləşməsinin qarşısını almaq məqsədilə karantin rejimi fəaliyyət göstəririr. Karantin vəziyyətində təhsil müəssisələri necə fəaliyyət göstəririr? Hamımızı bir sual düşündürür: Elm və təhsil sahəsində çalışan mütəxəssislərimiz, ali və orta ixtisas məktəblərində təhsil alan gənclərimiz vəziyyətdən necə çıxırlar? Bizi düşündürən bu suallarla bağlı ölkəmizin tanınmış alimlərinin fikrini öyrənmək istədik. Bu dəfə müsahibimiz filologiya elmləri doktoru, professor Azərbaycan Dillər Universiteti, Təhsil fakültəsinin dekanı, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru Cahangirov Fikrət Fətiş oğludur.
-Hörmətli professor, sirr deyil ki, son 6 ayda həyatımıza qəfil daxil olan koronavirus pandemiyası dövründə cəmiyyət olaraq biz yeni yaşam tərzinə keçməyə məcbur olduq. Siz Azərbaycanın nüfuzlu təhsil və elm ocağının professoru, geniş tələbə və gənclər, eləcə də pedaqoq və alim kontingenti ilə işləyən tanınmış ziyalı, elm adamı olaraq yaranmış fövqəladə dövrə necə qiymət verərdiniz?
- Yunancadan hərfi tərcümədə pandemiya “bütün xalq” mənasını verir. Pandemiya yoluxucu xəstəliyin bütün ölkəni, bəzi hallarda çoxlu sayda ölkəni, qitələri cənginə alması mənasını verir. Koronavirusla bağlı 9 mart 2020-ci il tarixindən sonra qeydə alınan rəqəmlər onun pandemiya meyarlarına uyğun olduğunu təsdiqləyib və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu baxımdan pandemiya elan edib. Nəzərə almaq lazımdır ki, pandemiya insanlıq tarixində birinci hal deyil. XX əsrdə üç qrip pandemiyası baş verib: 1) 1918-ci il –İspan qripi 2) 1957-ci il –Asiya qripi 3) 1968-ci il –Honk Konq qripi. Hal-hazırda yaranmış fövqəladə dövrü yuxarıda qeyd etdiyim pandemiyaların yenidən təkrarı kimi qiymətləndirirəm.
-Universitetin əməkdaşlarını və xüsusən gəncləri düşündürən bir məsələ ilə əlaqədar fikrinizi bilmək maraqlıdır: Doğrudanmı, COVİD-19 adlı bəla bəşəriyyətin sonuna aparıb çıxaracaq dəhşətli bir bəladır?
-Gəlin məsələyə pessimist yanaşmayaq. Düşünmürəm ki, COVİD-19 bəlası bəşəriyyətin sonuna aparacaq. Bu tezis heç də həqiqətə uyğun deyildir. Ölkəmizin koronavirusa qarşı tətbiq etdiyi strategiya böhranın təsirlərinin minimuma endirilməsində mühüm rol oynadı. Hər şeydən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böhranın ilk yayıldığı günlərdə hadisənin ehtimal ediləcək miqyası təhlil olunaraq ciddi mübarizə tədbirlərinə başlanıldı.
Hər bir böhran zərərli olduğu kimi, həm də təcrübədir. Pandemiya hamıya göstərdi ki, istənilən ölkə üçün ərzaq və enerji təhlükəsizliyi vacib şərtdir. Pandemiya eyni zamanda İKT-nin, tibbin, marketinqin nə qədər lazımlı sahələr olduğunu bir daha sübüt etdi. Hesab edirəm ki, həyatdakı bütün bəlalar insan zəkası, intelekti qarşısında acizdir. Keçmişdə başvermiş böhran və bəlalar elmi-texniki tərəqqini sürətləndirmiş, bəşəriyyəti yeni inkişafa aparmışdır.
-Son vaxtlar virtual tədris, elektron təhsil deyilən fərqli anlayışlar bizim həyatımıza daxil oldu. Düzdür, xarici ölkələrdə bu formatlardan çoxdan yararlansalar da, bizdə distant təhsil təzəlikcə formalaşır və pandemiya bunu bir az da tezləşdirdi. Sizcə, Azərbaycan gəncləri, xüsusən tələbələr elektron-distant təhsilə hazırdırmı?
-İKT-nin inkişafı təhsil sisteminə də öz təsirini göstərib. Bunun məntiqi nəticəsi olaraq distant-müəyyən məsafədən keçirilən tədris sistemi yaranıb. Distant təhsil öyrənən və öyrədən arasında əlaqəni telekommunikasiya və internet vasitəsilə operativ, əks əlaqə əsasında uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluq, iqtisadi səmərəlilik, təhsilin keyfiyyətinə xüsusi nəzarət və s. daxildir.
Distant təhsil hər hansı təhsil almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməzdir. Eləcə də pandemiya kimi fövqəladə hallarda vəziyyətdən yeganə çıxış yoludur. Bu təhsili hamı üçün əlçatan edir. Distant təhsil mobildir və deməli, tələbənin daim aktual problemlərə çıxışı olur. Bunun üçün sadəcə intenet lazımdır. Zənnimcə, Azərbaycan gəncləri distant təhsil almağa hazırdır. Bundan ötrü müəyyən hazırlıq işləri aparmaqla mühüm lazımdır.
-Bizim keçirdiyimiz media-monitorinqlər onu göstərdi ki, Azərbaycan tələbələri İKT imkanlarından yararlanıb yeni metodlarla oxumaqdansa, internetüstü distant imtahanlar verən zaman müxtəlif qeyri-qanuni üsullardan istifadə edib cavablardan “köçürmələr”dən yararlanırlar. Belə neqativ halların qarşısını almaq mümkündürmü?
- Əvvala, bu hal hər bir insanın vicdan məsələsidir. Digər tərəfdən həmin tələbə bunu etməklə hamıdan çox özünə ziyan vurur. Bu məqamda cənab Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki nitqindən bir fikri xatırlatmaq yerinə düşərdi. Möhtərəm Prezident xüsusilə vurğuladı ki, müasir dövrdə dövlətimizin yüksək savadlı kadrlara ehtiyacı vardır. Məhz ona görə də biliyə, savada söykənməyən diplom artıq heç kimə lazım deyildir. Dahi Nizami Gəncəvi deyirdi: "Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz..."
O ki qaldı neqativ halların qarşısını necə almaq olar? Düşünürəm ki, distant yolla imtahan verən tələbələr üçün sualların qoyuluşuna yenidən baxılmalıdır. Suallar tələbələri düşündürməyə, münasibət sərgiləməyə yönəlik hazırlanmalıdır. Belə olan halda köçürmə etməyə nə şərait, nə də ki lüzum qalacaq.
-Azərbaycandakı ali təhsil müəssisələri, dünya universitetlərinə rəğmən, distant və ya virtual təhsilə hazırdırlar?
-Etiraf edək ki, koronavirus pandemiyası dövründə onlayn(distant) təhsil təkcə Azərbaycanda deyil, bütün dünyada təhsil sistemini düşdüyü kritik situasiyadan xilas etdi. Bu böhran bizə təhsilin necə təşkil edilməsi haqqında yenidən düşünmək imkanı verdi. Heç şübhəsiz, distant təhsil ənənəvi təhsili əvəz edə bilməz. Bir çoxlarının hələ də distant təhsilin mahiyyətini başa düşməmələri ona əsasən qiyabi təhsilin alternativi kimi yanaşmaları ilə bağlıdır. Lakin distant təhsil ənənəvi qiyabi təhsildən daha uğurlu formadır. Əslində, müasir təhsil forması olan distant təhsil ənənəvi təhsilə dəstək xarakteri daşıyır. Eyni zamanda kritik situasiyalarda əsas təhsil forması kimi də çıxış edə bilir. Koronavirus pandemiyası göstərdi ki, distant təhsilin gələcək üçün inkişafının təmin edilməsi vacibdir.
Təhsil Nazirliyi tərəfindən “Microsoft Teams” platformasının tətbiqi də göstərdi ki, bütün ali təhsil müəssisələri üçün domenlər yaradılsa da, bəzi universitetlər distant təhsilə tam hazır deyil. Distant təhsil məsafədən təhsil olduğundan, bu təhsil formasının keyfiyyətli olması şərtdir. Bunun üçün isə ali məktəblər İKT baxımından tam hazır olmalı, həmçinin elektron dərsliklərlə də təmin olunmalıdırlar.
-Dəyərli professor, ətraflı müsahibəyə görə sizə dərin təşəkkürümüzü bildiririk. Qaldırdığınız məsələlər günün aktual problemləri ilə bağlıdır və güman edirəm, hadisələrə yanaşma tərziniz bizi optimizt olmağa sövq edəcək. Yaşadığımız günlərin qiymətini tarix verəcək. Ən başlıcası odur ki, Azərbaycan cəmiyyəti, xüsusən təhsilimizi təmsil edən təbəqə kritik anlarda daha düzgün yolu seçə bildilər. Sizin tövsiyələriniz isə ali təhsillə bağlı problemləri vaxtında həll etməyə yardımçı olacaq. Ölkəmizin sözükeçən alimlərindən biri kimi toxunduğunuz vacib məsələlər hamı üçün örnək olmalıdır, çünki siz praktikadan, əməli fəaliyyətdən yararlanaraq təhsillə bağlı çözülməli məsələlərə obyektiv qiymət verdiniz.
Bir daha müsahibə üçün təşəkkür edirik.
Müsahibəni apardı: Cəmilə ÇİÇƏK,
AJB və AYB-nin üzvü, filologiya üzrə
fəlsəfə doktoru, prezident təqaüdçüsü
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar