Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yaşasaydı...Qüdrət Məlikov - 80

Tarix: 13-07-2021 11:03     Baxış: 3295 A- / A+
Yaşasaydı...Qüdrət Məlikov - 80
Qüdrət Məlikov

Yaşasaydı, bir neçə gündən sonra 80 yaşını qeyd edəcəkdik...

...Yəqin ki, qələm dostları – yəni bizlər bir araya gəlib 80 illik yubileyini qeyd edəcəyik, amma özü olmadan. Bir məsələ də var ki, özü sadəcə cismən aramızda olmayacaq. Çünki bizi tərk edən onun cismidir, ruhu isə həmişə bizimlə, doğmalarıyla, əzizləriylə, yaxınlarıyla, sevdikləriylə, onu sevənlərlə bir aradadı...

...Sumqayıta gələndə cəmi 28 yaşı vardı. Sumqayıt bir şəhər kimi ondan da cavandı. 20 yaşın sevincini yaşayırdı. Yaş fərqinə baxmayaraq qısa bir zamanda bir-birilə ülfət, peyman bağlaya bildilər və yarım əsrdən çox - düz 51 il bu ülfətə, bu peymana sadiq qaldılar.

Ötən 51 il ərzində əmək kitabçasına bir ünvan yazıldı - “Sumqayıt” qəzeti redaksiyası. Ad çəkilməsə də dəyərli oxucular söhbətin kimdən getdiyini bilməmiş deyillər. Haqqında kövrək xatirələrlə söhbət açdığım insan – Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair, jurnalist, bir sıra media mükafatları laureatı, bir-birindən dəyərli kitabların müəllifi, respublikanın Əməkdar jurnalisti, “Tərəqqi” medallı, “Sumqayıt” qəzetinin baş redaktoru Qüdrət Balakişi oğlu Məlikovdur.

İnanmıram ki, Sumqayıtda Qüdrət müəllimi tanımayan və hörmətini saxlamayan kimsə olsun. Bu sevgi hardan qaynaqlanırdı, bu hörmətin kökündə nə dayanırdı?

Birincisi, Qüdrət müəllim çox səmimi insan idi. Ətrafındakılarla tez dil tapmağı, ünsiyyət qurmağı bacarır, səmimiyyəti və mehribançılığı ilə ürəklərə hakim kəsilirdi. Həyatsevər idi, Allah-taalanın nəsib etdiyi hər dəqiqəni, hər saatı dəyərləndirməyə çalışırdı.

İkincisi, işinə və peşəsinə bütün varlığı ilə bağlı, yazdıqlarına qarşı çox məsuliyyətli idi. Qələmə aldıqlarını dönə-dönə oxuyar, saf-çürük edər, ələkdən keçirərdi. İşə vaxtında gəlib, vaxtında gedərdi. Şəhərimizin güzgüsü sayılan “Sumqayıt” qəzetinin oxunaqlı olması üçün əlindən gələni əsirgəməz, rəhbərlik etdiyi kiçik kollektivə də bu hissləri aşılayardı. Azərbaycan Milli Mətbuatının banisi, ilk mətbu orqanımız olan “Əkinçi” qəzetinin yaradıcısı Həsən Bəy Zərdabinin nəslindən olması və onun işini davam etdirməsilə fəxr edər, qürur hissi keçirərdi. Bütün fəaliyyəti boyu da bu müqəddəs missiyaya sadiqlik nümayiş etdirdi. Bu sevginin və sadiqliyin nəticəsi idi ki, eyni məkanda, eyni peşədə 51 il fasiləsiz və qüsursuz işləyə bildi.

Üçüncüsü, dövlətə və dövlətçiliyə bağlı ziyalı idi. Vətənini, torpağını, millətini, xalqını, pezidentini, dövlət atributlarını canı, qanı qədər sevirdi. Ulu öndər, Ümummilli lider Heydər Əliyevə böyük ehtiram bəsləyir, onu Azərbaycan dövlətinin və Azərbaycan xalqının xilaskarı adlandırırdı. İstər Prezident seçkilərində, istər Milli Məclisə keçirilən seçkilərdə, istərsə də Ümumxalq səsverməsində (referendum) təbliğat-təşviqat briqadasının üzvü, rəhbəri kimi fəal iştirak edər, insanlar arasında geniş iş aparardı. Sözü də söz idi. Hamını inandıra biləcək söz.

Dördüncüsü, şəhərin canlı ensiklopediyası idi. 72 yaşlı Sumqayıtın 51 ili onun gözləri önündə tarixləşmişdi. Ona görə də Sumqayıtla bağlı çoxlarının bilmədiyi hər hansı bir informasiyanı əldə etmək lazım gəldikdə mütləq Qüdrət müəllimə müraciət edərdilər. O da işinin çoxluğuna baxmayaraq müraciət edənlərin istəyini geri çevirməzdi.

Beşincisi, Qüdrət müəllim canlı məktəb idi. “Sumqayıt” qəzeti redaksiyası da bu məktəbin yerləşdiyi məkan. Ötən dövr ərzində bu məktəb yüzlərlə jurnalist olmaq istəyən gəncin əlindən tutub yazmaq öyrədib, yoluna işıq yandırıb, respublikanın tanınmış mətbu orqanlarında, radio və televiziyalarında işləmək üçün zəmanət verib, uğur diləyib. Rəsmi şəhər qəzeti və səhifələrinin sayının məhdud olmasına baxmayaraq yaradıcı ziyalılara, şair və yazıçılara da davamlı olaraq yer ayırıb, onların bədii nümunələrini öz səhifələrində işıqlandırıb...

...Əslində bu siyahını istənilən qədər davam etdirmək olar, çünki Qüdrət müəllimin yaşadığı ömür bir həyat məktəbi olub – hər kəsin ordan nəsə öyrənə biləcəyi həyat məktəbi. Bununla belə, mən sıralamanı burada dayandırmaq istəyirəm. İnanıram ki, haçansa Qüdrət müəllim Məlikovun – gənclərə örnək bu dəyərli şəxsiyyətin şərəfli ömür yolundan bəhs edən sanballı bir kitab hazırlanacaq və bizə də ürək sözlərimizi daha geniş şəkildə demək nəsib olacaq inşallah.

Bir məsələni də qeyd edim ki, bu il 22 iyul - Milli Mətbuat gününü qürur hissi və gözəl bir ovqatla qeyd edəcəyik. Çünki Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuz işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi və 30 illik fasilədən sonra ZƏFƏR salnaməsini yazaraq, xalqımıza sözlə ifadə olunmayacaq qədər sevinc bəxş etdi. Bu, ordumuzun, dövlətimizin və xalqımızın birliyini bir daha nümayiş etdirdi. Bunu deməklə həm özümlə, həm də Qüdrət müəllimlə bağlı kiçik bir detala diqqət çəkmək istəyirəm. Hər ikimiz iyulun 23-də anadan olmuşuq. Bu tarix isə Ağdamın işğal tarixi idi. Digər rayonlarımızla bərabər Ağdamın da işğaldan azad olunması ilə bizim həm ad günümüz, həm də ruhumuz işğaldan azad olundu. Bu günü görmək Qüdrət müəllimə nəsib olmasa da, inanıram ki, qərarlaşdığı müqəddəs məkanda ruhu sonsuz dərəcədə şaddır.

Qüdrət müəllim aramızda yoxdursa da, biz onun yoxluğunu qəbul etməmişik, çünki davamlı olaraq dostlarla, yaxınlarla onun haqqında danışmışıq, ruhu ilə söhbət etmişik, onunla bağlı xatirələri dilə gətirmişik, bir sözlə unudulmağa qoymamışıq. Çünki insan dünyasını dəyişəndə yox, unudulanda ölür. Ölümsüzlüyün mübarək, Qüdrət müəllim! Ruhun şad, məkanın cənnət olsun, dəyərli ziyalımız. Sən bizim qəlbimizdə həmişə yaşayacaqsan.

Ruhuna dərin hörmət və sayğılarla,

Rafiq ODAY,
Azərbaycan Jurnalistlər Birliyi
Sumqayıt şəhər təşkilatının sədri,
respublikanın Əməkdar jurnalisti

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar