Xəbər lenti
"Ağ köynək, qara pencək geyinib boynuna qırmızı qalstuk bağlayan... " - Məşhur yazar mətbuatın durumundan gileyləndi
Təcrübəli və tanınmış jurnalist Məzahir Süleymanzadə Facebook səhifəsində qəzetlərin bugünkü vəziyyətindən və redaktorların qeyri-peşəkarlığından giley dolu status paylaşıb.
Statusu olduğu kimi təqdim edirik:
"Bu qədər qəzet ola - ola ölkədə...qəzet qıtlığıdır! Oxumağa, həmsöhbət olmağa bir qəzet tapılmır. Rəsmi qəzetlər biri - birinə oxşayır, o biri qəzetlərin də kimə qulluq etdiyi bilinmir. Nəticədə köşklərə qucaq - qucaq gətirilən qəzetlər elə qucaq - qucaq da geri qaytarılır. Bəzən elə olur ki, qəzet bağlamasının heç bağı da açılmır...Köşklər qarşısında uzun növbələr görən, satışa hər gün 50 min qəzet göndərən bir adam kimi bu günkü mənzərə qəlbimi ağrıdır. Öz qəzetimizi, yəni "Səhər"i qoyuram bir kənara, günortadan sonra "Bakı" qəzeti almaq üçün yaranan növbələr yadınızdadırmı? İndi düşünəndə ki, bu boyda Bakının gündəlik qəzeti yoxdur, adam bilmir cavabı harada axtarsın...
Bir söz deyəcəm, mənə salam verən üç - beş redaktor da günü sabahdan salamımı almayacaq...Heç almasın, güzgünün qarşısında dayanıb söylədiyim həqiqəti qəbul eləsə, bəsimdir. Həqiqət isə bundan ibarətdir ki, ölkədəki qəzet bolluğunda...redaktor qıtlığı yaranıb. Ağ köynək, qara pencək geyinib boynuna qırmızı qalstuk bağlayan, hər səhər redaksiyanın qapısından içəri keçib yumuşaq kresloda əyləşən, ona buna irişə - irişə zəng vurub ikiqat əyilərək öz varlığını xatırladan adamlar elə bilirlər ki, redaktorluq elə budur. Yerdə qalanı mexaniki məsələdir, rəsmi mənbələrdən, informasiya agentliklərindən materiallar göndəriləcək, bir - iki müxbir yazısı əlavə olunacaq, vəssalam, qəzet hazırdır. Redaktorun diqqət edəcəyi əsas məsələ sətirlər arasından süzülən yaltaqlığın, məddahlığın, yalanın, riyakarlığın tələb olunan səviyyədə olmasıdır...Heç elə bil Ağababa Rzayevin, Nəsir İmanquliyevin, Nəriman Zeynalovun, Rəşid Mahmudovun, Yusif Kərimovun, Şamil Şahməmmədovun, Tofiq Rüstəmovun, Cəmil Əlibəyovun...adlarını eşitməyiblər, üzlərini görməyiblər.
Redaktor - kütləvi informasiya vasitəsinin istiqamətini müəyyənləşdirən əsas simadır. Bəzən onlardan soruşuram: oçerk, felyeton dərc eləməyi, ciddi tənqidi yazılar hazırlamağı, bununla da ölkə rəhbərliyinə kömək eləməyi kim sizə qadağan edib? Felyeton yazan yoxdur, həmişə aranızda olan adamam, mənə deyin, gündə birini yazım. Düşünürəm ki, Əli İldırımoğlu, Əhməd İsayev, Fazil Güney, Hidayət Elvüsal kimi felyeton ustadlarımız da heç birinizə "yox" deməz. Bu qədər yol çəkilir, körpü salınır, onların arasında oçerk qəhrəmanı olmağa layiq bildiyiniz adam yoxdur?
Yaxşı jurnalist yaradıcılıq mühitində yetişir. Bu mühiti də yaxşı redaktor yaratmalıdır. Redaksiyada iş qaynayanda, sağlam rəqabət hökm sürəndə yaxşı yazılar meydana çıxır, imzalar tanınır, jurnalistlər nüfuz qazanır və...qəzetlər də köşklərdən geri qayıtmır!.."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar