Xəbər lenti
Hakimiyyətə qayıdan Heydər Əliyev jurnalist Rəhman Orxanı görüşünə niyə çağırtdırmışdı?
Yəqin ki, yaşlı və orta nəsil "Bakinets" qəzetinin bu nömrəsini çox yaxşı xatırlayırlar
...24 il əvvəl - 30 iyun 1993-cü il. Rəhman Orxan təsisçisi və baş redaktoru olduğu "Bakinets" qəzetinin həmin gün çap olunmuş nömrəsini xüsusi bir intizarla, sevinclə gözləyirdi. Yalnız gecədən xeyli keçmiş, qəzetin çapına heç bir maneənin (siyasi, maddi, texniki) olmadığına tam əmin olduqdan sonra evə qayıtmasına baxmayaraq, artıq səhər tezdən 12 ildən çox hər gün Sumqayıtdan "ayaq döydüyü" "Azərbaycan" nəşriyyatının mətbəəsində yenicə çapdan çıxmış doğma qəzetinin başı üstündə idi.
İlk səhifəsinin məhz Heydər Əliyevə - hələ 1969-cu ildən pərəstişkarı olduğu, böyük rəğbət bəslədiyi o böyük şəxsiyyətə həsr olunduğu qəzetə mətbəədəcə fərəhlə göz gəzdirdikdən sonra həmişə olduğu kimi onun 400 nüsxəlik bir bağlamasını götürüb (onları pulsuz-parasız qaçqın və didərgin düşərgələrinə paylatdırır, qəzetin sponsoru olan Sumqayıt "Məişət kimyası" İstehsalat Birliyinin kollektivinə, qalan 18 minə qədəri isə MDB və Baltikyanı ölkələrə, uzaq xaricə göndərilirdi), nikbin ovqatla redaksiya korpusuna tələsdi. Bir redaktor kimi ona xoş olan o idi ki, qəzetin baş səhifəsinə çox sevdiyi, hər zaman ehtiram bəslədiyi dahi rəhbərin 10-a qədər foto-müxbirdən soraqlaşıb, nəhayət, ürəyincə olan, daha münasib bildiyi dağ görkəmli, vüqarlı bir şəklini tapıb qoya bilmiş və qəlbində son illər onun haqqında dolaşdırdığı fikirləri, demək istədiklərini qısa da olsa, verə bilmişdi.
Nəşriyyatın 3-cü mərtəbəsinə, böyük jurnalistikaya ilk dəfə qədəm qoyduğu "Vışka" qəzetinin və "Bakinets"in yerləşdiyi mərtəbəyə çatıb, əlindəki bağlama ilə otağına tərəf gedərkən birdən kimsə arxadan onu səsləyib, salamlaşaraq, rusca dedi: "Rəhman, səni Heydər Əliyev axtarır". Deyilənə inanmayaraq, yoluna davam etdikdə bir "vışkaçı" jurnalist qadın da eyni sözləri "na samom dele, Raxman" deyib təkrar etdi. O isə bunu qəzetində Heydər Əliyevə həsr olunmuş səhifəyə görə edilən bir xoş eyham, təbrik kimi qəbul edib, yenə də deyilənin ciddi olduğuna inanmadı. Nəhayət, "Vışka"nın məsələdən xəbərdar olan o vaxtkı məsul katibi Tofiq Ağayev kabinetindən çıxaraq dedi ki, Rəhman, tez "Bakı" qəzetinə, Ağa müəllimə zəng elə, səni axtarırlar. Belə olduqda gənc redaktor narahat olmağa başladı ki, "bəlkə, qəzetdə hansısa aksent düzgün verilməyib, siyasi naşılıq olub?".
Odur ki, cəld "Bakı"-"Baku" qəzetlərinin baş redaktoru, hamımızın böyük hörmət bəslədiyi Ağa Ağayevə zəng etdi. Ağa müəllim telefona cavab verərək, həyəcanlı halda soruşdu: "Rəhman, sən qəzetində Heydər Əliyevlə bağlı nəsə vermisən? Mənə zəng eləyiblər, elə bilirlər ki, biz "Bakı" qəzetində onun şəklini və məqalə vermişik. Ancaq dərhal da başa düşdüm ki, bu, olsa-olsa, sənin işin ola bilər. Yəqin qəzetin adını - "Bakı" və "Bakinets"i səhv salıblar".
Və, Rəhmanı çox intizarda saxlamayaraq demişdi: "Heydər Əliyev səni görmək istəyir. Tez qəzetdən 70-80 nüsxə də götürüb, düş aşağı, mənim maşınımla təcili Milli Məclisə gedirik".
"Bakinets"in redaktoru qəzetləri də götürüb, nəşriyyatın qarşısına çıxana kimi hər işdə çox məsuliyyətli və operativ olan Ağa müəllim artıq 7-ci mərtəbədən düşərək, öz xidməti redaksiya maşınının yanında idi. Yolda böyük maraqla, tələm-tələsik qəzetlərdən birini götürüb, 30 illik peşəkar nəzər-diqqəti ilə onu nəzərdən keçirib, "otliçno, Rəhman, slov net" demişdi.
Milli Məclisə çatıb, içəri daxil olanda "Nyu-York Tayms" və "Vaşinqton Post" qəzetlərinin Azərbaycan üzrə xüsusi müxbiri Tomas Qoltsla rastlaşırlar və Rəhman Orxan onu ölkəmizə rəğbəti olan bir jurnalist kimi tanıdığından, fərəhlə qəzetin bir nüsxəsini ona bağışlayır. (Ancaq səhərisi günü - iyunun 1-də Tomas öz "məhəbbətini" hər iki Amerika qəzetində "Bakinets" qəzeti bolşevik lideri Heydər Əliyevin hakimiyyətə gəlişini sevinclə, alqışlarla qarçıladı" sözləri ilə müşayiət edilən məqalə vermişdi).
O vaxtlar Milli Məclisin Mətbuat xidmətinin rəhbəri olan tanınmış yazıçı-dramaturq, Azərbaycanın Əməkdar jurnalisti Aqşin Babayev də, sən demə, "Bakinets"in yeni nömrəsini intizarla gözləyirmiş: "Rəhman, görüm sən qəzetdə neyləmisən ki, Heydər müəllim səhərdən bir-neçə dəfə səni soruşub?". Və qəzeti əlinə alıb baxmağı ilə fərəhlə, gülə-gülə demişdi ki, "Baho, sən lap əla eləmisən ki, çox pakizə! Buna görə səni görmək istəyir də kişi. Oturun burda, indi gəlirəm" deyib, qəzetləri də götürüb, xoş bir ovqatla Milli Məclis sədrinin (o vaxt H.Əliyev hələlik Milli Məclisin sədri idi) köməkçisi Fazil Muradəliyevin yanına tələsdi.
...Həmin əlamətdar gündən sonra Ulu öndər Heydər Əliyevin tapşırığı ilə "Bakinets" qəzetinin redaktoru bütün mühüm respublika tədbirlərinə dəvət olunurdu. Onlardan ən çox yadda qalanı isə, əlbəttə ki, 20 sentyabr 1994-cü ildə "Gülüstan" sarayında "Əsrin kontraktı"nın - Beynəlxalq neft sazişinin imzalanması mərasimi idi.
***
Azərbaycanın görkəmli kino-rejissoru, "Lider" telekanalının Azərbaycan üzrə rəhbəri, Ulu öndərlə bağlı ilk və maraqlı sənədli filmlərin müəllifi Davud İmanov bir dəfə bizimlə söhbətində bildirmişdi ki, iyunun 30-da o, səhər tezdən Heydər Əliyevlə görüşməli idi. Adəti üzrə yolüstü qəzet köşkünə baş çəkərkən Heydər Əliyevin o vaxt üçün çox nadir, həm də iri olan portretinin verildiyi qəzetin sumqayıtlı dostlarının "Bakinets" qəzeti olduğunu görüb, ondan dərhal iki nüsxə alıb, dahi rəhbərin görüşünə gedir. Onun dediyinə görə, Heydər Əliyev qəzetin ilk səhifəsində "Oн вернулся" başlıqlı yazıda "ОН должен был вернуться! ОН, именно ОН нужен был в этот самый трудный, наитяжелейший период нашего народа. Именно ОН, обладающий богатым опытом большого политика и лидера, может вывести народ из трудного военного и эконoмического положения, в котором он оказался..." sözlərindən sonra məqalə və vüqarlı şəklinin altında iri hərflərlə yazılmış məşhur "İgid odur - hər əzaba qatlana, igid odur - atdan düşə, atlana!.." atalar misalını oxuduqda xalqın onu bu cür sevib, yüksək dəyərləndirməsindən, həmin ağır günlərdə yalnız ona güvənməsindən təsirlənərək, gözləri dolmuş, üzündə yaş gilələnmişdi (bunu Davud müəllim deyirdi). Həmin an da köməkçisinin "düyməsini" basaraq, təcili olaraq qəzetin redaktorunu özünün yanına dəvət etməyi tapşırmışdı...
Yalnız neçə illərin dostu kimi yox, həm də yaradıcılığını daim izlədiyim bir jurnalist kimi bilirəm ki, Rəhman Orxan həmişə Heydər Əliyevin adını uca tutub, böyük ehtiram bəsləyib. Müharibə veteranı olan Atası Abdurahman kişinin dahi rəhbərlə eyni ildən, eyni aydan olmasından əlavə onda bu ehtiramı respublikanın rayonlarında kasıbçılıqla yaşayan əhalinin güzəranının Heydər Əliyev 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəldikdən bir müddət sonra yaxşılaşması, onun doğma xalqına, elm və mədəniyyətinə, ədəbiyyat və incəsənətinə, tariximizə, görkəmli adamlara göstərdiyi diqqət və qayğı olmuşdu. Təsadüfi deyil ki, hətta Ulu öndər Mockvaya, SSRİ miqyasında daha böyük bir vəzifəyə gedərkən bu, Rəhman Orxanın ürəyincə olmamışdı - sadəcə o dahi şəxsiyyətin Azərbaycandan, öz doğma elindən-obasından, xalqından uzaq düşməsini istəmirdi. Və, görünür ki, o, haqlı imiş. Bəlkə də, 1987-88-ci illərdə Heydər Əliyev respublika rəhbərliyində qalmış olsaydı, ermənilər qələt eləyib Qarabağda baş qaldıra bilərdilər. Heydər Əliyevin sadəcə adı, bircə barmaq silkələməsi kifayət edərdi ki, o nadürüstlər yerlərində otursunlar. Əslində, Rəhman müəllimin bu fikri ilə mən də bu gün tam razıyam. Həqiqətən də, 1988-1990-cı illərdə bizə dünya şöhrətli, qüdrətli siyasətçi olan Heydər Əliyev lazım idi, qətiyyətsiz, "dişsiz" K.Bağırov, Ə. Vəzirov yox! Xalqı uçuruma məhz onlar və onlardan sonra hakimiyyətə gələn siyasi diletantlar, karyeristlər yuvarladılar - bu da Rəhman Orxanın həm o zaman, həm də indi dəyişilməz olan, qəti fikridir. Və məncə də, bu, tam doğru, düzgün bir qənaətdir.
Rəhman müəllimin Ulu öndərə olan hörmət və ehtiramı bəzilərində olduğu kimi "fasilərlə", "mövsümi" olmayıb (bu ifadə də onundur), daimi, əbədidir. Yadımdadır ki, bir dəfə - 1988-ci ildə "Vışka" qəzetinin xüsusi müxbiri kimi Naxçıvanda olarkən Heydər Əliyevin büstü önündə şəkil çəkdirmək istəyərək, "obkom"un (Muxtar Respublikanın) nümayəndəsinin də onunla yanaşı dayanmasını təklif etdikdə, əslən naxçıvanlı olan həmin adam əllərini sinəsində çarpazlayaraq, qətiyyətylə "mən yox" demişdi (həmin vaxt çəkilən, üzərində "Naxçıvan, 1988. - Qranitsa" sözləri yazılan şəkli jurnalist dostum bu gün də arxivində saxlayır). Onu da qeyd edim ki, bir qrup vəzifəli adamlar Ulu öndərin həmin büstü önündə yalnız "ara sakitləşəndən", "duman çəkiləndən" sonra - 5-6 il əvvəl, böyük bir igidlik edirmişlər kimi şəkil çəkdirmişdilər. Və belə çıxır ki, Rəhman Orxan məşhur "91"-lərdən də öncə olanlardan - "88"-lərdəndir.
Onun Ulu öndərə sevgisini-ehtiramını qanlı-qadalı 1988-91-ci illərdə öz həmfikirləri ilə birgə şəxsən Heydər Əliyevə, onun Azərbaycan rəhbəri təyin edilməsi üçün Kreml bosslarından olan Liqaçova və digərlərinə göndərdikləri (surətləri saxlanılır) teleqramlar da əyani olaraq sübut edir. Həmin teleqramların birində yazılıb:
"Azərbaycanımızın böyük və müdrik oğlu Heydər bəy! Xalqımızın bu ağır və dəhşətli günlərində yeganə ümidimiz yenə də Sizədir.
Əziz Heydər bəy! Xalqımızın qeyrətli və qüdrətli oğlu, doğma Vətənimiz - bu ağsaçlı Anamız özünün bu ağır günlərində Sizdən, öz qeyrətli və cəsur, tədbirli və bütün dünyada böyük nüfuz sahibi olan oğlundan imdad diləyir. Bu dar, məşəqqətli gündə Vətənimizin və onun gözü yaşlı övladlarının dadına tələsin!
Doğma Azərbaycanımızı, onun göz-bəbəyi olan Qarabağımızı xilas edəcək yeganə bir adam varsa, o da Sizsiniz. Möhkəm inanırıq ki, respublikamıza Siz bir prezident və ya hər hansı bir başqa şəkildə ağsaqqallıq etsəniz, ermənilər çox qısa bir vaxtda - 3-5 günə rədd olub Qarabağdan gedəcəklər.
Xalqımız bu gün bir daha, bütün məsuliyyəti ilə dərk edir ki, Vətəni bu ağır vəziyyətdən, qanlı müharibədən yalnız Heydər Əliyev kimi müdrik siyasətçi, qətiyyətli və nüfuzlu, qüdrətli bir şəxs xilas edə bilər.
Xalq Sizi gözləyir, Heydər bəy! Xalq Sizi istəyir, irəli durun!
Vətən Sizdən imdad diləyir.
Hörmətlə və son dərəcə böyük ümidlərlə: Ucal Qasımzadə, Rəhman Məmmədov və başqaları".
Bu teleqram göndəriləndə Şuşa, Laçın, Ağdam, Kəlbəcər və digər rayonlarımız da hələ bizim idi, işğal olunmamışdı. Ancaq ki... biz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsində gecikdik, çox gecikdik, heç vaxt bağışlanılmayacaq dərəcədə həddindən çox!..
***
Rəhman Orxanın sözdə yox, əməldə Heydər Əliyevçi olduğunu 1992-ci ildə prezident seçkilərinə hazırlıq ərəfəsində "Vışka" qəzetinin müxbiri kimi Qubada və Qusarda olarkən əmək adamları ilə görüşləri zamanı adı seçki siyahısında olanları yox, məhz Heydər Əliyevi prezidentliyə namizəd kimi təbliğ etməsi də sübut edir. Həmin görüşlər barədə məqalələr elə həmin vaxtlar çalışdığı qəzetdə dərc olunmuşdu - özü də Heydər Əliyevin adının Azərbaycanda qadağan olunduğu bir dövrdə! Sonralar da - Mütəllibovun və Elçibəyin dövründə, hədə-qorxu ilə özlərinə general rütbələtri verdirmiş bəzi "Don Kixot"ların "at oynatdığı", "ipə-sapa yatmayan" jurnalisti ciddi cəzalandıra biləcəkləri vaxtlarda da Rəhman Orxan xalqın sevimlisi olan Heydər Əliyevin hakimiyyətə gəlişinin labüdlüyünü bildirərək, "Bakinets" qəzetində həm müvafiq təbliğat xarakterli yazılar, həm də "xatırlatma-şəkillər" də vermişdi.
***
Son olaraq, qısaca "БАКИНЕЦ" qəzetinin yaranması və fəaliyyəti barədə
İki məşhur həmyerlimiz - SSRİ-nin Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri, general-leytenant Kərim Kərimov və SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov qəzetimizin redkollegiyasının fəxri üzvləri idilər. Rəhman Orxan onlarla 1990-cı ilin noyabrında Mockvada görüşüb, qəzetlə (və hətta eyni adlı cəmiyyətlə) bağlı xeyir-dualarını almışdı. Qəzetimizin elmi məsləhətçisi görkəmli akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov idi.
Düşmənlərimizin ideoloji təbiğatına qarşı mübarizə məqsədilə 1992-ci ildə yaradılmış "БАКИНЕЦ" yalnız Azərbaycanda deyil, Rusiyada, Ukraynada, Belorusiyada, Moldovada, Baltikyanı ölkələrdə, Gürcüstnada, hətta Bolqarıstanda və İsraildə də yayılırdı. Onun ABŞ və Kanadada, Monqolustnda da oxucuları vardı. Qəzetin yayımına təmənnasız olaraq "Azərbaycan Hava Yolları" böyük köməklik göstərirdi.
Düşmənlərimizin narahatçılığına, qəzəbinə səbəb olmuş "БАКИНЕЦ"-i (onlar "Новoe время" jurnalında qəzetimizin əleyhinə böyük bir məqalə də vermişdilər) Rəhman Orxan xalqımızın vətənpərvər oğlu, unudulmaz, gözəl insan, Sumqayıtın "Məişət kimyası" ("Poroşkovı") zavodunun nüfuzlu direktoru, mərhum Ucal Qasımzadə ilə birgə təsis etmişdi. İlk və etibarlı, qayğıkeş, vətənpərvər sponsorumuz da məhz o idi...
Qadir SULTANOV,
"Бакинец" qəzetinin sabiq baş redaktor müavini,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar