Sizin Reklam Burada
Xəbər lenti
18-06-2024
17-06-2024
BÜTÜN XƏBƏRLƏR

Usta qələm adamı Şərif Kərimli - QHT sədri yazır

Tarix: 06-06-2024 15:14     Baxış: 3145 A- / A+

“Əkinçi”dən başlayan Azərbaycan mətbuat tarixinin yaşı və yaddaşının miqyası elədir ki, burada inkişaf da, tərəddüdlər də, müəlliflərin və yazıların obrazları da aydın görünür. Dünəndən bu günə cəmiyyətin intellekt zümrəsinin elə bir nümayəndəsi yoxdur ki, onun tərcümeyi-halında mətbuatın adı keçməsin. Bir gerçək ondan ibarətdir ki, ictimai-siyasi, elmi, ədəbi-mədəni düşüncənin meydanı, hədəflərinin formalaşması, təsirləri və ümumiyyətlə, ziyalılığın özü mətbuata birbaşa bağlıdır. Bu mənada Şərif Kərimli həm mətbuatda formalaşan, həm də mətbuatın zamana görə formalaşmasında xidməti olan ziyalıdır.

90-cı illərədək BDU-nun jurnalistika fakültəsi ölkədə bu sahədə ixtisas verən yeganə məktəb olub. Bu ixtisas da qəzet, radio-televiziya, nəşriyyat üzrə alt qruplara bölünüb. Fakültədə jurnalistikanın nəzəri-praktiki, tarixi, dil-nitq mədəniyyətinin böyük bilici alimləri çalışıblar. Mir Cəlal Paşayev, Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Famil Mehdi, Qulu Xəlilli, Şamil Qurbanov, Seyfulla Əliyev, Əliş Nəbili, Tofiq Rüstəmov, Mahmud Mahmudov, Zinyət Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov... Onların hamısının adlarını sıralasaq, iri bir siyahı alınar. Bu gün mətbuat və digər sahələrdə az-çox tanınan, özünə yüksək mövqe-status qazanan tələbələr həmin müəllimləri şükranlıq hissi ilə xatırlayırlar. Şərif Kərimli də məhz hərəsi özlüyündə bir məktəb olan həmin müəllimlərin yetirmələrindən biridir. O yetirmələrdəndir ki, istedadı, fəaliyyəti ilə adını mətbuat tarixinə yazdıra bilib. Ancaq nə dərəcədə xidmətləri qiymətləndirilib, bu, ayrı söhbətin mövzusudur. Çünki o, işində, xidmətində iddialardan çox, səmimi ictimai vətəndaş töhfəsinə üstünlük verib.

Şərif Kərimli 1977-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 47 ildir ki, müxtəlif mətbuat orqanlarında çalışır. “Yazıçı” və “İşıq” nəşriyyatlarında redaktor, şöbə mudiri, “Gənclik” (“Molodost”) jurnalında ədəbi işçi, məsul katib, redaktor müavini vəzifələrində işləyib. Bu məsələdə də ona Tanrı lütfünü əsirgəməyib. Ustad müəllimlərdən dərs aldığı kimi, Əjdər Xanbabayev, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı kimi mütəfəkkir sənətkarlar yanında özü də, qələmi də ustalaşıb.

Şərif Kərimlinin iş təcrübəsində qəzetçilik xüsusi yer tutur. Onun qəzetçilik fəaliyyətinin əsas önəmi və şansı odur ki, fəaliyyəti müstəqillik dövrünə düşüb. İlk müstəqil mətbuat orqanı olan “Azərbaycan” qəzetində 1989-92-ci illərdə məsul katib, baş redaktor müavini və sonra isə baş redaktor olub. 1992-ci ildə bu qəzet 31 nəfər jurnalistin Milli Məclisə ünvanladığı məktub əsasında  Cümhuriyyət dövrünün parlament orqanı olan “Azərbaycan” qəzetinin hüquqi varisi olaraq fəaliyyətə başlayıb və Ş. Kərimli orada baş redaktor vəzifəsini tutub.

90-cı illərin önləri nə qədər ziddiyətli dönəm olsa da, böyük tarixi əhəmiyyəti odur ki, xalqın, ölkənin azadlıq, müstəqillik arzularının mücadilə meydanlarında gerçəyə çevrilməsi mərhələsidir. Ən böyük acımız isə, doğma torpaqlarımıza – Qarabağa və Qərbi Azərbaycandakı qədim tarixi torpaqlarımıza qarşı erməni təcavüzü baş qaldırmasıydı. Bir yandan da Gürcüstanda Z.Qamsaxurdiya dövründə ərazi iddialari, tarixi saxtalaşdırmaq cəhdləri, Borçalıda soydaşlarımızın hüquq və azadlıqlarına sayğısızlıq, separatizm, milli-ayrıseçkilik meylləri özünü göstərirdi. O dövrün acıları ilə xoşluğundan ağır idi. Müstəqilliyə gedən yolun mahiyyəti də elə bundaydı ki, çətinliyi nə qədər ağırdısa, hadisələrə baş vurmaq üçün tələb olunan cəsarət ondan da artıq idi. Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” sözləri o müstəqillik yolunun keçilməsi üçün impulsiv qənaətdir. 

Şərif Kərimli belə bir ziddiyətli zamanda ilk müstəqil qəzet olan “Azərbaycan”da kollektivlə birlikdə əsgər əhval-ruhiyyəsində çalışırdı. Bəzən hərbi geyimdə də redaksiyada   görünürdü. Tez-tez qaynar nöqtələrdən reportajlar, ictimai diskussiyalar hazırlayırdı. Qəzetdə Sabir Rüstəmxanlının atdığı irəliçi, demokratik təməl sonradan Şərif Kərimlinin redaktorluğunda özünəməxsus şəkildə davam elədi. Qəzet nəinki günün nəbzini tuturdu, o həm də nəbzi idarə edə bilirdi. Onda başqa yeni mətbu nəşrlər də yaranmışdı və  onların arasında “Azərbaycan” qəzetinin lokomotiv imici, öz yeri, çəkisi vardı. Əminliklə deyirəm ki, yeni dövr Azərbaycan publistikasının ən parlaq nümunələri ”Azərbaycan” qəzetində olduğu kimi, heç bir nəşrdə dolğun təfərrüatla yer almayıb.

1988-1989-cu illərdə tələbə olarkən mənim də yazılarım “Azərbaycan” qəzetində dərc olunub. Biz yeni nəsil jurnalistlər ən yüksək tirajla və peşəkarlıqla çıxan o qəzetdə işləməyi arzulayardıq. Düzdür, 1991-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirərkən ilk iş yerim başqa qəzet olub, amma sonrakı mərhələdə uzun illər “Azərbaycan”da işləmişəm, qəzetçiliyi öyrənmişəm, təcrübəm orada formalaşıb. Elə olub, redaksiyada gündəlik “letucka”larda yazıların keyfiyyətini məsuliyyətlə, mətbəədə petiit, nonparel (qəzetlər o zaman linotipdə yığılırdı) şriftləri ilə metal çərçivə üzərində qəzetin görünüşünün effektivliyini müzakirə eləmişik. Komendant saatlarının qadağası ilə gecələri nəşriyyat dəhlizlərində az keçirməmişik. Cəbhə bölgələrində gözlərimiz, qəhrəmanlıq da, ölüm də görüb...  

1992-ci il, günlərin birində mətbəədə qəzetin növəti nömrəsini çapa hazırlayırdıq. O zamanlar gənclik həvəsiylə hər həftə işlədiyim “Fəryad”qəzetində publisistik yazılarım dərc olunurdu. Onda “Azərbaycan”ın bir neçə işçisi də mətbəədə idi. Onlardan biri mənə yaxınlaşıb, iş-gücdən, yazı-pozudan söz salıb soruşdu:

- Bizim qəzetdə işləmək istəyirsən? - cavab gözləmədən əlavə elədi: - redaktor Şərif Kərimli səni görmək istəyir. Deyəsən, qəzetə işə dəvət etmək fikri var. Sabah tezdən gəl.

Doğrusu, gözləmədiyim, amma qəzetin adına, nüfuzuna görə dəyərləndirilməli təklif idi. Razılaşdım, getdim və sabahı gündən etibarən yeni məşhur kollektivlə işləməyə başladım. Şərif müəllim olduqca tələbkar redaktor idi. Bir də görürdün, işin axırı çağırdı ki, hazırlaş, sabah ezamiyyətə gedirsən. Bəhanə-filan da qəbul olunmazdı. İş təcrübəmin ilk çətin məlhələsini mən o qəzetdə jurnalist məsuliyyəti, riski və operativliyinin gərginliyi altında keçmişəm. Bu təcrübə sonrakı fəaliyyətimdə maneələrin, çətinliklərin aşılmasında ən böyük dəstəkçi olub.

Ş.Kərimlinin yazar kimliyi haqqında ən etibarlı mənbələr onun araşdırma yazıları, ictimai-siyasi publistikası, sənədli bədii əsərləridir. O, repotyor, publisist, qəzetçi-yazar kimi zamanında məşhurluğun nə olduğunu görən, amma bundan zərrəcə sui-istifadə etməyən usta qələm adamıdır. Onu yaxından tanıdığımdan, yaradıcılığına, vətəndaş, ictimai mövqeyinə yaxşı bələd olduğumdan, tərəddüdsüz qeyd edirəm ki, Ş.Kərimlinin publisistikası mövzusuna, xarakterinə görə bütünlüklə milli, ictimai və mətn texnologiyası etibarilə fərqli mahiyyətə malikdir. Yəni o publistikasının mahiyyətində həm mənbəli xəbər, həm fakt, həm analitik münasibət, həm də bədii təsvir vasitələri iç-içə təzahür edir. Elə bu da Şərif müəllimin publisist kimi orijinallığıdır – “Ötən illərin harayı” adlı dörd cildliyi və “8712 nömrəli əsir”, “Gürcüstan: ikili standart siyasətinin yeni qurbanı” kimi.

Akademik Nizami Cəfərovun “O yaşadıqlarından danışır…” adlı məqaləsində oxuyuruq:

“Şərif Kərimli siyasi, elmi və bədii fəaliyyətini bir-biri ilə uyğunlaşdırmağı və onları bir istiqamətə yönəltməyi bacaran ziyalıdır. O, yaradıcılığının yarısını əhatə edən Borçalı problemini mətbuat vasitəsilə, eyni zamanda ən yüksək rəsmi səviyyələrdə diqqətə çatdırmış, Azərbaycan və Gürcüstan prezidentləri ilə görüşmüş və bu məsələ ilə bağlı soydaşlarımızın arzu və istəklərini ifadə edən təkliflər vermişdir.

Ş.Kərimlinin redaktorluğu ilə çıxan qəzetlər ictimai-siyasi hadisələrə heç vaxt birtərəfli şəkildə yanaşmayıb, həmişə problemi tam aydınlığı ilə cəmiyyətə təqdim edib. Bu mətbu orqanlarda ictimai və dövləti işlərdə tanınmış, torpaqlarımızın müdafiəsində rəşadət göstərmiş gürcülər və ingiloylar barəsində də obyektiv, maraqlı yazılar yer almış, onların ictimai, sosial və digər problemləri muxtəlif səviyyələrdə gündəmə gətirilmişdir.”

Şərif Kərimli idman jurnalisti deyil, amma idman jurnalistləri arasında daha çox tanınmışlardan, adı qalıcı olan yazarlardandır. Və onun idman jurnalistlərindən fərqi ondadır ki, o, çağdaş dövrümüzdə el pəhləvanlarından yazan yeganə yazıçı-publisistdir. Azərbaycan pəhləvanlarının yaşamı, fəaliiyyəti, möcüzəvi səhnə nümayişləri onun qələmində bitkin, cazibəli halda obrazlaşıb. Gələnəksəl türk xalq pəhləvanlığı (və pəhləvanlar) haqqında çox sanballı bədii-publisrtik, sənədli povestlər yazmaqla onların adlarını yazılı tarixin yaddaşına  ötürüb –   “Rəşid Pəhləvan”, “Sali Süleyman”, “Pəhləvan Müsəllim” kimi.

“Pəhləvanın taleyi” tarixi-sənədli romanı ağır atletika sahəsində, sirk səhnəsində misilsiz xidmətlər göstərmiş milli pəhləvanlığın görkəmli nümayəndələrindən olan, uzun illər Gürcüstan Milli Filarmoniyasında çalışmış Məhəmmədəli Qazaxlı haqqındadır. 2023-cü ildə nəşr edilən romanda məşhur Məhəmmədəli Qazaxlının vətəndaş, pəhləvan kimi ömür yolu və fəaliyyəti barədə bir-birindən maraqlı anlar, anılar yer alıb. Müəllifin bu kitabını çağdaş dövr qəhrəmanlıq əsərlərinin dəyərli nümunəsi hesab etmək olar.

Şərif Kərimli 1954-cü il iyunun 22-də Borçalıda, Gürcüstanın Marneuli rayonunun Baydar kəndində anadan olub. Yaradıcılığında qabarıq görünən motivlərdən biri də vətənə, yurda bağlılıqdır. Onun yazılarına doğulduğu yurdun torpağının ətri, insanlarının comərd həyatının ritmi-yaşantısı, təbiətinin rəngi-səfası hopub. Bəhs etdiyi mövzularda qoyulan problem və qayğılara milli düşüncə, ictimai-sosial münasibət, soy-kök, dil, mədəniyyət baxımından ziyalı-vətəndaş yanaşması vardır. “Böyük fəlakətin astanasında”, “Bakıdan Borçalıya nə yaxınmış”, “Bir köç qayıdır geri”, “İflasa uğramış siyasət və gerçəklik”, “Hara gedirsən, ay evi yıxılmış?!”, “Mən qurban verildim”, “Borçalı agrıları”, “Gül verdik, güllə aldıq”, “Borçalıdan Bakıya bir köç gəlir - qaytarmalıyıq!..”, “İtirilən nəslin harayı” əsərləri günün, insan qayğılarının termoanalizi kimidir.

Şərif müəllimin yaradıcılıq trayektoriyasının özəyində Borçalı-Bakı yolu, vətəndən vətənə səfər təəssüratlarının təsirləri durur. Bu yol milli kimlik, ömür, məsuliyyətli yaradıcılıq yoludur. Yazılarının birindəki qeydləri bu fikri yetərincə dolğun əsaslandırır:

“Həyatımda elə bir il olmayıb ki, mən doğma Borçalıma baş çəkməyim. Bakı-Borçalı arasında getdiyim yolları əgər bir-birinə calasaydılar, bəlkə də Yer kürəsinin belinə kəmər kimi dolamaq olardı! Hələ bu yollarda yaşadıqlarımdan, qazandıqlarımdan və itirdiklərimdən danışmıram… Mənim üçün dünyanın bütün düyünləri, bütün ağrıları, bütün arzuları, bütün sevincləri, bütün kədərləri… bu yollardadır. Bu yolların o başında doğuluruq, yola çıxırıq, yolun sonuna çatar-çatmaz bir daha geri qayıdırıq və gördüklərimizi, yaşadıqlarımızı təzə doğulanlara danışa-danışa ölürük… Nə etməli, biz belə olmuşuq, elə belə də olacağıq – üzü Altaydan, Yeniseydən bəri didərgin ruhlarımızın sorağıyla dünyanı fırlana-fırlana gəlib Xəzərlə Qara dəniz həndəvərində ilişmişik. Ayağımızı hara basırıqsa, əcdadlarımızın iniltisini eşidirik! “Sən Vətəndəsən! Vətən sənsən! Vətən səndədir!”  

Gürcüstanda Zviad Qamsaxurdiyanın prezidentliyi dövründə yaranan qarşıdurma meylləri, soydaşlarımıza qarşı kriminogen hərəkətlər, təhsil, mədəniyyət haqlarının pozulması, qədim tarixi yer adlarının dəyişdirilməsi ziyalılarımızın haqlı narazılıqlarına səbəb olmuşdu. Millətçi şovinist qrupların içində ermənilər əsas katalizator rolunda çıxış edirdilər. Müəyyən sosial, milli yönümlü təxribatlara, təhdidlərə, hüquqsuzluğa reaksiya verənlərdən,  mətbuatda etiraz səsini qaldıranlardan biri də Şərif Kərimli idi. 1989-cu ildə qeydiyyatdan keçirdiyi “Borçalı”, 1992-ci ildə təsisçisi olduğu “Sabah” qəzetləri bütövlükdə Borcalı məsələlərinə istiqamətlənmişdi. Redaktoru olduğu“Azərbaycan” qəzetində isə hər həftə Borçalı haqqında silsilə materiallar, vətəndaş məktubları, siyasi icmallar əksini tapırdı.  Və nəhayət, Borçalı əsilli ziyalıların yurd təəssübkeliyi səyləri nəticə etibarilə 1993-cü ildə Bakıda “Borçalı” cəmiyyətinin yaranmasına gətirib çıxardı ki, qurumun təsisçilərindən biri də Şərif Kərimli idi. Bu gün də onun ictimai fəaliyyəti bu yöndədir, 2016-cı ildə dövlət qeydiyyatına alınmış “Borçalı” İB-nin sədridir.

Dövrün milli mücahidi, “Azərbaycan” qəzetinin ilk baş redaktoru, xalq şairi Sabir Rüstəmxanlı yazır: “Mən Şərif Kərimlini 1978-ci ildən – təyinatla “Yazıçı” nəşriyyatına gəldiyi gündən tanıyıram. O zamandan onun bütün həyat və fəaliyyəti mənim gözlərim önündə cərəyan edib. 1989-cu ildə Ş.Kərimli ilə ilk müstəqil mətbuat orqanı olan “Azərbaycan” qəzetində birgə fəaliyyət göstərmişik. Ona görə də inamla deyə bilərəm ki, onun peşəkar qəzetçi kimi öz işinə məsuliyyətli münasibəti, Azərbaycanın yeni qəzetçilik məktəbinin yaradıcılarından birinə çevrilməsi və müstəqil mətbuatın inkişafındakı rolu danılmazdır. Şərif Kərimli həyatının və yaradıcılığının əsas leytmotivinə, qayəsinə, mənasına çevirdiyi Borçalı və Azərbaycan-Gürcüstan dostluğu ideyasını və mehriban əməkdaşlıq münasibətlərini təkcə bu iki ölkənin mətbuatında deyil, eyni zamanda, dünyada tanınmış, nüfuzlu, «Novoe russkoe slovo» (ABŞ-da çıxır), «Nezavisimaya qazeta» (Rusiya), «İslami Birlik» (İran), «Sabah» (Turkiyə) kimi qəzetlərdə təbliğ etmiş və indi də bu fəaliyyətini davam etdirir.”

90-cı illərin önlərində Borçalı ilə bağlı mətbuatda və ictimai rəydə müəyyən narahatlıqlar özüünü göstərirdisə, burada perspektiv üçün ziyalı ümidi, inamı da nəzərə çarpırdı. Gürcü və Azərbaycan xalqları arasında münasibətlərin pozulması daim ermənilərin marağında olub. Şərif Kərimli də məqalələrində həmişə erməni təxribatından narahatlığını ön plana çəkir: “Başqa millətlərdən fərqli olaraq, tarixən gürcülər və azərbaycanlılar arasında ciddi ədavətə səbəb ola biləcək müharibə və münaqişələr olmayıb. Ümumiyyətlə, Azərbaycanla Gürcüstan arasında münasibətlər həmişə əməli səciyyə daşıyıb. Ermənilər daim bu iki dövlət və xalq arasında nifaq salmağa çalışmış və bundan faydalanmaq istəyində olmuşlar”.

Ardınca da düşüncəsindəki ümidi ifadə edir: “Etiraf etmək lazımdır ki, Eduard Şevardnadze və Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onların şəxsi səyi və təşəbbüsü nəticəsində Gürcüstan dövlətinin hüquq- mühafizə orqanlarının Borçalıda və ona bitişik ərazilərdə fəallığı artdı və burada hökm sürən kriminogen özbaşınalığa qarşi ciddi əməliyyatlar həyata keçirildi...”

Yenə də üzdə olan həlli vacib problemləri deməkdən qalmır: “Lakin E.Şevardnadze zamanında da borçalılara qarşı gizli şəkildə təzyiqlər olunur, onların işlə təmin olunmasında əngəllər törədilirdi. Gürcüstan azərbaycanlılarının ən böyük problemi olan torpaq problemi də məhz E.Şevardnadzenin vaxtında yaradılmışdır.”

Və ardınca gələcəyə yönəlik inamını təsdiqləyir: “Nəhayət, 1996-cı ildə müstəqil dövlətin rəhbəri kimi Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana işgüzar səfəri ilə iki ölkə arasında münasibətlərin yeni – üçüncü mərhələsi başlandı.”

Gürcüstada tarixi vətənlərində yaşayan soydaşlarımızın bugünkü və gələcək fəaliyyətində dil, ədəbiyyat, təhsil məsələlərinin aprıcı təsirə malik amil olduğu gün kimi aydındır. Bu gün vətəndən kənarda yaşayan azərbaycanlıların dil, mədəniyyət, təhsil haqları dövlətimizin siyasətinin başlıca diqqətindədir. Amma yenə də vətəndaş, ziyalı təklifi, təşəbbüsü həmişə yardımçı statusda çıxış etməlidir. Şərif Kərimli soydaşlarımızın vətəndaş haqlarının vəziyyəti və səviyyəsi ilə bağlı fikirlərini, təkliflərini belə qeyd edir: “İndi Borçalıda Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən yaşı 60-dan aşağı olan müəllim tapmaq çətindir. Bu müəllimlərin savadına mənim şübhəm yoxdur. Lakin zamanın danılmaz dialektikası var: canlı aləm cavanlaşmasa, həyat cansıxıcı olar. Müəllimin cavanlaşması təkcə onun yaşı ilə bağlı deyil: həyat dəyişir - insanların dəyişən mühitə, zamana uyğun olaraq bir-birinə münasibəti də dəyişir, yeni insanın fikir və duyğularını yeni ədəbiyyata gətirən şair və yazıçılar, alimlər, dilçilər yeni ədəbiyyat yaradır, dil zənginləşir, yeni sözlər yaranır, yeni sözlər yeni insanlarda yeni-yeni təfəkkür tərzi, yeni dünyagörüş, həyata yeni yanaşma incəlikləri formalaşdırır. Və bütün bunları cəmiyyətə məhz müəllim çatdırır. Cürcü dilini öyrənmək vacibdir, hətta o dildə təhsil almaq da olar, lakin ana dilimiz həmişə başımız üzərində dayanmalı və onu bütün dillərdən uca tutmalıyıq. Bu isə təkcə Borçalıların problemi olmamalıdır.”

Şərif Kərimli  təkcə jurnalistliklə kifayətlənməyib, jurnalistikanın tədrisi ilə də məşğul olub. Mətbuatdan ayrılmadan, Odlar Yurdu, Avrasiya, Slavyan universitetlərinin jurnalistika fakültələrində 10 ildən artıq pedaqoji fəaliyyət göstərib, gənc jurnalistlərə müasir jurnalistikanın problemlərindən dərs verib. Hazırda isə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin “Əqli Mülkiyyət” jurnalının ədəbi redaktorudur. Bu sistemdə işlədiyi son beş ildə “Azərbaycan milli musiqi alətlərinin patentlə mühafizəsi”, “Azərbaycan brendləri”, “Haaqa sistemi” adlı elmi-praktik kitablar nəşr etdirib.

Şərif Kərimli yaradıcılığının ümdə əhəmiyyəti ondadır ki, mövzuca geniş spektrlidir, məzmunca ictimai aktuallıq kəsb edir, mətndə təhkiyə-təsvirə görə dil zənginliyinə, üslub özəlliyinə, fikir konkretliyinə malikdir. Bu əlamətlərlə o, media gəlişiminə önəmli töhfələr vermiş bir yazardır.

Yaradıcı insan üçün ömrün, zamanın həddinin nisbi olması barədə fikirlə razıyam. Yaradıcılıq potensialına, həvəsinə görə, təqvim olmasaydı, bəlkə Şərif Kərimli 70 yaşına çatrdığını heç özü də qəbul etməzdi. Hələ 70 yaşında da fəaliyyətinin tempini saxlayan, şövqlə çalışan, öz yazdıqlarından və yaxşı yazılardan zövq alan yazar həmişə həyatdan xoş sürprizlər, etibar gözləyir – özü həyata etibarlı olduğu kimi...


Dəyanət Osmanlı

Şair-publisist, AYB İdarə Heyətinin üzvü, "Türk Dünyası İnfo" İB- nin sədri 

Manevr.az

 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar