Xəbər lenti
Qələm dostlarının Zülfüqar Hüseynzadə ilə bağlı XATİRƏLƏRİ
Zülfüqar Hüseynzadənin qəfil vəfatı həm onun ailəsini, media ictimaiyyətini, həm də yaxın dostlarını dərindən sarsıdıb.
Onun uzun illər çiyin-çiyinə çalışdığı, dostluq münasibətində olduğu jurnalistlər mərhumla bağlı xatirələrini Modern.az-la bölüşüblər.
Zülfüqarın Başlıbeldə həyatla vidalaşması ilahi əlamətə işarədir...
“Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal: “Zülfüqar Hüseynzadə ilə uzun illər həmkarlığımız, yoldaşlığımız olub. Bu münasibəti daha da sıxlaşdıran bir zamanlar mənim atamın Zülfüqarın dayısı ilə birlikdə işləməsi kimi səbəblərdir. Eyni zamanda, 28 illik işğalla bağlı eyni taleyi, eyni acını yaşamağımız bizləri “bir köynək” daha yaxın edib. Zülfüqarı fərqləndirən özəlliklərdən biri onun hər zaman “olduğu kimi görünməsi, göründüyü kimi olması” idi. Komplekslərdən uzaq, hər məsələdə təbii davranan, təbii danışan insan idi. Bu xüsusiyyətlər onun ətrafında böyük dost çevrəsi yaratmışdı.
Zülfüqarın media fəaliyyətində Qarabağ, işğal faktı hər zaman ana xətti təşkil edib. Rəhbərlik etdiyi "Moderator.az" saytı da bu yöndə fəaliyyətini effektiv qurub və hər zaman fərqlənib. Zülfüqarın məhz canından artıq sevdiyi Başlıbel kəndində həyatla vidalaşması da bir ilahi əlamətə işarədir. Zülfüqarla bağlı xatirələrimiz çoxdur və bu xatirələrin çoxu demək olar ki, həmkar yoldaşlarımızla birlikdə baş verib. İndi xatırladıqca, adamı göynədir. Xatirəsi bizlərin, onu tanıyanların yaddaşında hər zaman sevgi ilə qalacaq”.
Hələ də inana bilmirəm ki, biz Zülfüqarı itirmişik...
"Gununsesi.info" saytının rəhbəri Pərviz Həşimli Zülfüqar Hüseynzadəni 20 ilə yaxındır tanıdığını deyir:
"Həm həmkarım, həm də yerlim idi. Demək olar ki, həyatımızın bir neçə ili birgə fəaliyyətdə keçmişdir. Eyni zamanda münasibətlərimiz dostluq səviyyəsinə yüksəlmişdi. Mən o zamanlar “moderator.az” saytının rəhbəri idim. 2013-cü ildə başıma məlum hadisə gəldikdə Zülfüqar o saytı saxladı. Zülfüqar çox cəfakeş, zəhmətkeş insan idi. O saytın batmasına imkan vermədi. Mən azadlığa çıxdıqdan sonra gördüm ki, saytı çox çətinliklə saxlayıb. Ona görə də saytı ona hədiyyə etdim. Çünki bu, artıq onun haqqı idi. Zülfüqarla bağlı həddindən artıq çox xatirələrim var. Onun itkisinə hamı kimi mən də çox üzüldüm. Bəlkə də hamıdan çox üzüldüm. Hələ də inana bilmirəm ki, biz Zülfüqarı itirmişik. Onun xatirəsi həmişə bizim qəlbimizdə yaşayacaq”.
Elə bil qəfil ölümə susamışdı...
"Olaylar" qəzetinin əməkdaşı Alim Hüseynli vurğulayıb ki, Zülfüqar Hüseynzadə ilə tanışlığı uzun illər öncəyə təsadüf edir:
"Parlament Jurnalistlər Birliyi (PJB) çərçivəsində daha da yaxınlaşdıq, dostlaşdıq. Olduqca sadə, mehriban və səmimi insan idi. PJB çərçivəsində dəfələrlə səfərlərdə olmuşuq, yoldaşlıq etmişik. Duzlu-məzəli söhbətləri ilə həmişə tədbiri maraqlı etməyə çalışırdı. Zülfüqar yaxşı yol yoldaşı olmaqla yanaşı, həm də vətənpərvər insan idi. Bir dəfə Bayraq Günü ilə əlaqədar şimal bölgəsinə səfər etmişdik. Zülfüqar da hündürboylu, ağırçəkili idi, lakin o, bütün küçələri gəzərək sakinlərə bayraq paylamaqdan, təbliğat aparmaqdan yorulmurdu. Bu missiyanı elə həvəslə yerinə yetirirdi ki, sanki vətən qarşısında ən böyük borcunu ödəyirdi.
Zülfüqar həm də peşəkar, öz işini yaxşı bilən jurnalist idi. Təbii ki, mütaliəsi geniş idi və bundan səmərəli istifadə etməyi bacarırdı. İkimizin də iştirak etdiyimiz təlimlərin birində müzakirə olunan məsələ ilə bağlı fikri qələmə almaq tələbi var idi. Dərhal hazırlayıb çıxış etdi və sözün həqiqi mənasında ortaya gözəl yanaşma qoymuşdu. Zarafatla dedim ki, evdə hazırlaşıb gəlmişdin. Rəhmətlik mənə “qağa” deyərək müraciət edirdi. Dedi “qağa, sən də mənim kimi dağlar oğlusan, heç olmasa sən bilmirsən ki, dağlar oğlunun ürəyi dolu olur?!”.
Zülfüqar, yaxşı dost, etibarlı yoldaş, səmimi insan, nəhayət, peşəkar jurnalist idi. Onu ana torpaq öz doğma elinə ölümə aparmışdı. Mənim cavan əmim qızı 46 yaşında qəflətən ürəktutmasından vəfat etmişdi. Zülfüqar mənim qardaşımın yasına gələndə bunu bildi. Təkrarən ölüm hadisəsinin necə baş verdiyini soruşurdu. Elə bil qəfil ölümə susamışdı”.
Onun ürəyi dözmədi....
"Etikxəbər.az" saytının baş redaktoru, jurnalist Kamil Həmzəoğlu Zülfüqar Hüseynzadənin vəfatının onun üçün həddindən artıq ağır olduğunu deyir:
"Dünən Zülfüqarın vəfatı xəbərini eşitdim. Bu sözü dilimə də gətirə bilmirəm. Mən 3 ilə yaxındır ki, bütün gün şəhid ailələri ilə görüşdə oluram. Dünən İmişliyə şəhid ailələri ilə görüşə gedərkən yolda “Whatsapp” qrupumuzda bu xəbəri eşitdim. Demək olar ki, qayıdana qədər yol boyu ağlamışam. Zülfüqar həqiqətən də çox ləyaqətli, vətənpərvər oğlan idi. Mən hər adamla zarafat eləməzdim, amma Zülfüqarla aramızda çox böyük xətir-hörmət vardı. Eyni zamanda hərdən həmkarlarımızla zarafatlaşardıq. Mənim zarafatlarıma ən çox ürəkdən gülən Zülfüqar idi. Çox səmimi insan olub. Yaşından çox ağsaqqal idi. Çox üzüldüm həqiqətən. Bu dəqiqə Zülfüqar haqqında danışdıqda dilim topuq vurur, əllərim əsir. Mən onun haqqında keçmiş zamanda danışa bilmirəm. Hələ də inana bilmirəm ki, Zülfüqar kimi həyat dolu, vətənpərvər insan bizləri tərk edib. Mən şəxsən onun gülüşü üçün çox darıxacağam.
Zülfüqar məndən 2 yaş böyük idi. Amma mən ona hər zaman “abi” deyərdim. Ona böyük dostum, qardaşım kimi yanaşardım. Onun itkisi mənim üçün, jurnalistlər, xüsusilə də parlament jurnalistləri üçün çox ağır və gözlənilməz itkidir. Mən ölümü Zülfüqara heç yaraşdırmıram. Həddindən artıq həyata bağlı insan idi. Düzdür, səhhətində problemlərin olduğunu bilirdim. Hətta deyirdi ki, sizi bir gün Kəlbəcərə aparacağam. Zülfüqar vəfasız, etibarsız oğlan deyildi. Amma heyif ki, Zülfüqar dostlarına, qardaşlarına vəfasızlıq etdi. Mən istərdim ki, onunla o torpağı neçə illər birlikdə gəzim. Çox təəssüf ki, öz arzularına tam qovuşa bilmədi. Düzdür, torpağının azad olunmasını gördü. Amma torpağında tam doyub, gəzməmiş dünyasını dəyişdi. Onun ürəyi dözmədi. Zülfüqar bizim üçün şəhiddir. Məqamı uca olsun. Allah əzizlərinə, ailəsinə səbr versin”.
Ölümündən bir gün əvvəl mənə Kəlbəcərdən video göndərmişdi...
Türküstan Media Qrupunun redaktoru Bəxtiyar Səlimov bildirib ki, Zülfüqar Hüseynzadə ağır günlərin dostu olub:
"Mənim onunla ilk tanışlığım 2005-ci ildə parlament seçkiləri ərəfəsinə təsadüf edir. Elə o zamandan da dostluğumuz başladı. Zülfüqarla bağlı çox xatirələrim var. Demək olar ki, gün ərzində ən azı 2-3 dəfə telefonla danışardıq və intensiv görüşərdik. Hətta ortaq dostumuz Aqil Camalın bir sözü vardı bizim haqqımızda "Bu gün yenə qardaşınla təsadüfən danışıb, görüşməmisən?". Ölümündən bir gün öncə isə anadan olduğum Tirkeşəvənd kəndindən keçərkən mənə video göndərmişdi. Bu, onun mənimlə son təması oldu. Dünən onun məzarı başında olarkən həmkarlarımdan fərqli olaraq heç nə danışa bilmədim. Çünki dil təfəkkürün ifadə vasitəsi olsa da, Zülfüqarın itkisini ifadə etməyə söz tapa bilmədim. Zülfüqardan mənə qalan şirin xatirələr və acı göz yaşı oldu. Düşünürəm bu itkini məzarı başında təklikdə dərtləşərək ovuda bilərəm. Allah sənə rəhmət eləsin, əziz qardaş!"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar