Manevr.az xəbər verir ki, bunu "report"a açıqlamasında yaradıcı təşkilatın katibi Əli İsa Cabbarov deyib.
Əli İsa Cabbarov söyləyib ki, strukturuna görə ittifaqın ali orqanı İdarə Heyətidir: "İdarə Heyətinin 18 üzvü var. Bundan əlavə işləri aparan icraçı isə katiblikdir. Katibliyin də 7 üzvü vardı. Rüstəm müəllim vəfat edəndən sonra say 6-ya düşüb".
Onun sözlərinə görə, katiblik hazırda R.İbrahimbəyovun sağlığında qoyduğu tapşırıqları yerinə yetirir, gündəlik məsələlərlə məşğul olur: "Yəni, filmlərin təbliğatı, kino məktəbi, müavinətlərin verilməsi ilə bağlı işlər görülür. Rüstəm müəllimin 40 mərasimindən sonra İdarə Heyəti yığışaraq təşkilatın ümumi iclasının vaxtını təyin edəcək. Ümumi iclasda bütün üzvlərin iştirakı ilə yeni sədr seçiləcək. Həmçinin İdarə Heyətinin üzvləri və katiblik də yenidən fomalaşdırılacaq”.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində 83 yaşında vəfat edib. Onun cənzaəsi Bakıya gətirilib və martın 16-da I Fəxri xiyabanda torpağa tapşırılıb.