Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlıları birləşdirən milli dəyərlərin innovativ-kreativ təbliği

Tarix: 23-02-2022 19:43     Baxış: 2527 A- / A+

Milli-mental sərvətlərimizi tanıda bilirikmi?!

Son 20 ildə, eləcə də Qarabağdakı 44 günlük müharibə gedən vaxtlar, Zəfərlə yekunlaşan Böyük Qələbə və ondan sonrakı dövrdə ölkə Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, dünyada milli-mədəni dəyərlərimiz, estetik-kulturoloji sərvətlərimizlə tanınmalıyıq. Azərbaycan milli-estetik dəyərlərinin, mental qayda-qanunlarının, etnik mədəniyyətinin, tarixi qədimlərə gedib çıxan yaşam dünyagörüşlərinin tanıtımı, daha da zənginləşməsi və inkişafı, gənclər arasında, eləcə də beynəlxalq aləmdə populyarlaşdırılması, dünyadakı 55 milyonluq soydaşımızı birləşdirən mental sərvət olaraq müxtəlif formalarda – innovativ-kreativ təbliği zəmanəmizin, həmçinin informasiya savaşının əsas prioritet istiqamətlərindən sayılır.
Mədəni-etik, milli-mənəvi, tarixi-etnoqrafik dəyərlərimizi ideoloji vasitələrə çevirərək son illər dünyanı və ölkəmizi cənginə almış qorxulu koronavirus pandemiyasının depressiv hala saldığı cəmiyyətimizin, eləcə də postmüharibə dövrünün sosial-psixoz gərginliyini azaltmaq baxımından ictimai-kreativ texno-logiya olaraq yararlanmaq mümkündür.
Tədqiqatçıların fikrincə, mental sərvətlər – qeyri-maddi və maddi mədəniyyət abidələrinin, ədəbiyyat və musiqi əsərlərinin, ümummilli günlərin, xalq bayramlarının, ümumməişət və dini mərasimlərin sosiallaşma, yardımlaşma, insanları birləşdirmə mənasında əhəmiyyəti həddindən artıq böyükdür. Bu baxımdan son illərdə sosiallaşmaqdan uzaq düşən insanlarımızın milli dəyər kontekstləri – mental sərvətlər ətrafında birləşməsinə böyük ehtiyac duyulur.
Hansı ölkədə yaşamasından asılı olmayaraq, yeni nəsil nümayəndələrini yad mədəniyyətlərin basqısından, liberal dəyərlərin mənfi təsirindən qorumaq, azərbaycançılıq məfkurəsi ətrafında birləşməsi üçün milli dəyərlərin modernləşməsinə, yeni formalarda təbliğinə ciddi fikir verilməlidir.
Milli dəyərlərə modern yanaşmaları dəstəkləmək, eyni zamanda keçmişə qayıdışların gələcəyimizin inkişafına təsirlərini araşdırmaq elm adamlarının qarşısında duran əsas məsələlərdən biridir. Bu baxımdan ictimai-mədəni debatlara, kulturoloji polemikalara, elmi-nəzəri tədqiqatlara, sahəvi araşdırmalara böyük ehtiyac var.
Milli dəyər kəsb edən bir çox mədəni-tarixi, estetik sərvətlərimizin İnternet – sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəslin fərqli nümayəndələri arasında tanıdılmasına, qlobal miqyasda təbliğinə xüsusi ehtiyac duyulur. Millət olaraq azərbaycanlıları birləşdirən milli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi, elektron resurslardan daha geniş istifadə yeni nəslin estetik-mənəvi inkişafına güclü təsir göstərir ki, bu da gəncləri maraqlandırmaq üçün yeni yanaşmalar, fərqli – kreativ formalar tələb edir.
Sadalanan problemlər klassik milli dəyərlərimizlə müasir dünyanın çağdaş trendlərinin sintezi ətrafında real, eləcə də virtual formalarda psixoloji-mənəvi, elmi-mədəni araşdırma-lar, ictimai-mədəni dinləmələr və müzakirələr aparılmasını tələb edir. Bu istiqamətdə müxtəlif formatlı vizual və virtual məhsulların hazırlanması, elmi-mədəni araşdırmalardan ibarət kitabların nəşri, İnternetdə – sosial şəbəkələrdə o qəbil materialların yayılması və yuxarıda göstərildiyi kimi, geniş ictimaiyyətə çatdırılması zəmanəmizin əsas çağırışlarındandır.
Bu istiqamətdə müxtəlif formalı neomaarifləndirici tədbirlər təşkil etməklə, keçmişin yüzilliklərindən süzülüb gələn milli-mədəni dəyərləri müasir insanlara çatdırmaq, yeniyetmə və gənclərimizi əhatələyən ictimai-psixoloji gərginliklərlə mübarizədə etnik adət-ənənələrə qayıdaraq, vacib olarsa, onlardan yararlanmaq, humanist dəyərlərimizin insansevərliyini təbliğ etmək aktual məsələ olaraq cəmiyyətimizin maraq dairəsindədir. Azərbaycan insanı olaraq bizi birləşdirən amillərin inkişafı vasitəsilə daha çox soydaşımızı əhatələmək, cəmiyyətin səviy-yəsini yüksəldən modern təbliğat formalarına üstünlük verməklə milli-mənəvi dəyərlərimizin inkişafına nail ola bilərik.
Araşdırmalarımızın əsas məqsədi yuxarıda göstərilən istiqamətlərdə neomaarifləndirici təbliğat və tanıtım metodlarının hazırlanması üçün humanitar mühitlərin formalaşdırılmasına təkan verməkdir. İctimai-tarixi əhəmiyyətli estetik texnologiyaların – milli-mənəvi dəyər kəsb edən hadisələrin, ümummilli günlərin, bayramların əhəmiyyəti mühümdür. İnsanlar məhz bu mədəni-mənəvi hadisələr vaxtı daha çox sosiallaşır, toplum olaraq birləşə bilirlər. Milli-mədəni dəyərlərin ətrafında birləşən fərdləri, müxtəlif insan qruplarını millətə, xalqa, cəmiyyətə çevirməkdə rolu, təsiri əvəzsizdir. Bu istiqamətdə yaradıcı insanların, alimlərin, tədqiqatçıların qələmə aldıqları məqalələrin, esselərin, aparılan araşdırmaların,
elmi-sahəvi kitabların, kağız və elektron formada nəşrlərin işıq üzü görməsinin, yayımının, həmçinin İnternet, saytlar, sosial şəbəkələr, yeni media orqanları, yazılı və elektron KİV-də təbliğat kampaniyalarının təşkilinin, tanıtımlarının genişlən-dirilməsinə xüsusi diqqət ayırılması vacibdir.
Dövrümüzün əsas vəzifələrindən biri də milli-mənəvi dəyərlərimizin XXI əsrin yorulmuş, gərginlik içində yaşayan, müharibə və pandemiya təsirindən sarsıntılar keçirən insanlarımıza, xüsusən də yeniyetmələrimizə, gənclərimizə ideoloji-psixoloji dəstək vermək, yeni nəslin intellektual-kreativ inkişafını sürətləndirmək, Qarabağın yenidən qurulması istiqamətində dövlət proqramlarına dəstək verməkdir.
Dünyada gedən son proseslərə, inkişaf etmiş cəmiyyətlərdəki sürətli dirçəliş texnologiyalarına insanlarımızı hazırlamaq işini də unutmaq olmaz. Müxtəlif təbliğat vasitələrinin, ictimai-tarixi əhəmiyyət təşkil edən estetik texnologiyaların, bir sözlə, çağdaş milli-mənəvi dəyər kəsb edən hadisələrin, günlərin, bayramların əhəmiyyətini qabartmaq üçün yeni İKT alətlərindən yararlanmaq lazımdır. Bu yöndə innovativ-kreativ təbliğat kampaniyalarının hazırlanmasında dövlət qurumları ilə yanaşı, mətbuat, QHT-lər, ictimai-mədəni fəallar, elm, mədəniyyət, ədəbiyyat, incəsənət, din xadimləri, hətta son illərin trend-fərdlərinə çevrilən sosial şəbəkə fenomenləri – bloqerlər, yutuberlər, tiktokerlər və b. yeni media mənsublarının fəal iştirakını da təmin etmək lazımdır.
Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, qaçqın və məcburi köçkün icmalarının üzvləri, milli-mental dəyərlər üzrə mütəxəssislər, cəmiyyətşünaslar, psixoloqlar, mədəniyyətşünaslar, sosioloqlar, İnternet istifadəçiləri olan yeniyetmələr, gənclər, tələbələr, eləcə də jurnalistlər, yazıçı və publisistlər, yazılı və elektron KİV nümayəndələri, bloqerlər, sosial media, qlobal şəbəkə istifadəçiləri bu aksiyalara aktiv müdaxilə etməli, kreativ-intellektual imkanlarını ortaya qoymalıdırlar.
Azərbaycan cəmiyyətinin bütün təbəqələrini, eləcə də virtual alətlər vasitəsilə dünyada yaşayan soydaşlarımızı əhatə etməklə sosial təcrübələri olan yaşlı insanlar, alimlər, tədqiqatçılar gəncləri faydalı bilgiləri ilə tanış edə, əsrlərdən-nəsillərdən gələn genetik şifrələri, mədəni-mənəvi məlumatları gələcəyə ötürə bilərlər. Bütövlükdə yaşlı nəslin malik olduğu mənəvi dəyərlərin gənc nəslə tam və mükəmməl şəkildə ötürülməsi ictimai-tarixi hadisə kimi qəbul olunmalıdır və bu, nəsillərarası problemlərin qismən də olsa aradan qaldırılmasına təkan verəcəkdir.
Mental qayda-qanunların, etnik mədəniyyətin, yaşam dünyagörüşlərinin, milli dəyərlərin daha çox İnternet resurslarında – sosial şəbəkələrdə, KİV-də, xüsusən də yeni nəsil nümayəndələri arasında tanıdılmasına diqqət yetirilməlidir. Bizi birləşdirən milli dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşməsi, elektron resurslarında daha geniş istifadəsi isə həm də yeni nəsil nümayəndələrinin özlərindən də asılı məsələdir.
Bu istiqamətdə xaricdə ciddi beyin mərkəzləri onillərdir fəaliyyət göstərir, davamlı olaraq öz xalqlarının, həm də digər millətlərin milli dəyərlərinə bağlı silsilə layihələr həyata keçirir, ciddi araşdırmalar aparır, monitorinqlər keçirirlər. Bu layihələrin icrasının, alınan nəticələrin ictimailəşməsinin sözügedən sahəyə ictimai diqqətin daha da artmasına təkan verdiyini də nəzərə alsaq, bu qəbil fəaliyyətlərin Azərbaycanda da genişləndirilməsinin cəmiyyətimizdə yeni-yeni ideyaların ortaya çıxmasını stimullaşdıracağı şübhəsizdir.
Milli-mədəni sərvətlərlə bağlı dövlətin ayrıca proqramlarının da hazırlanması, QHT və yaradıcı birliklərin, tanınmış ictimai liderlərin, mədəniyyət və elm xadimlərinin o proqramın müxtəlif istiqamətləri üzrə bölmələrinin işlərinə cəlb edilməsi vacib məsələlərdəndir. Bu baxımdan bəzi təkliflərimizi də səsləndirməklə QHT-lərin proseslərə cəlb edilməsinin tərəfdarıyıq. Bu istiqamətdə tədqiqatçıların, yaradıcı insanların, alimlərin, pedaqoqların qələmə aldığı məqalələr, esselər, araşdırmalardan ibarət elmi-kütləvi, sahəvi topluları nəşr etdirərək ictimai-mədəni müzakirələrə çıxarmaqla debatlar aparmaq mümkündür. Milli-mədəni dəyərlərə dair araşdırma yazılardan ibarət elektron kitablar İnternet resurslarında yayımlanacaq ki, ondan da soydaşlarımız və vətəndaşlarımız dünyanın hər yerindən yararlana biləcəklər. Mental-etik sərvətlərimiz mövzusunda müxtəlif formatlı, janrlı yazılı, audio, vizual və virtual materiallar hazırlayaraq yayımını təşkil etməklə gəncləri bu məsələlərə cəlb etmək mümkündür. Silsilə ənənəvi və İnternet TV verilişlərini – teledebatların təşkil olunmasını, yayımlan-masını, milli dəyərlərimiz haqqında vizual məhsulları İnternetdə, qlobal informasiya məkanlarında, videopaylaşım platformalarında, elektron-virtual resurslarında indiki və gələcək nəsillər üçün onlayn/oflayn arxivləşdirmək, tarixdə saxlamaq mümkündür. Müxtəlif sosial şəbəkələrdə, xüsusən də feysbukda ayrıca səhifələr yaratmaq, milli-mədəni sərvətlərimizin elektron variantlarını, o cümlədən bu mövzu ilə bağlı materiallarla davamlı olaraq onları zənginləşdirməklə yeni nəsil nümayəndələrini maraqlandırmaq vacibdir. Xüsusiləşdirilmiş saytlarda, dünyanın aparıcı müxtəlif dillərində bu mövzuya dair ayrıca bölümlərin yaradılmasını, zənginləşdirilməsini, elmi-kütləvi materialların hazırlanmasını, yazılmasını həvəsləndirmək, stimullaşdırmaq aktualdır.
İnternetdə, mətbuatda, saytlarda, sosial şəbəkələrdə, yeni mediada, yazılı və elektron KİV-də ideoloji, tanıtım və təbliğat aksiyalarının, kampaniyalarının gücləndirilməsinə xüsusi önəm verməliyik və s.i.
İndiyə qədər ictimai təşkilatlar, elmi-tədqiqat qurumları, universitetlər, yaradıcılıq birlikləri, klublar, yazılı və elektron KİV orqanları mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliği, mental-vətənpərvərlik mövzusunda müxtəlif kitabların, toplu və dərgilərin nəşri istiqamətində silsilə layihələr həyata keçirsə də, bu sahədə hələ də həllini gözləyən problemlər qalmaqdadır. Reallaşdırılan layihələr, indiyə qədər aparılan işlər, ictimai-mədəni fəaliyyətlər Azərbaycan cəmiyyətində ciddi əks-səda yaradıb. Ortaya çıxarılan nəticələr orta və ali təhsil ocaqları, dövlət və ictimai qurumlar, mədəniyyətyönümlü QHT-lər, KİV və İnternet media tərəfindən faydalı formada istifadə olunur. Yazılı və elektron KİV-dəki çoxsaylı məlumat və materiallar, eləcə də ekspertlərin çıxışları bir daha sübut edir ki, cəmiyyətimiz üçün faydalı sayılan bu sahədə görüləsi çox işlər var. Elmi təsisatlar, yaradıcı qurumlar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Respublika Ağsaqqallar Birliyi, AMEA-nın Folklor İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Milli QHT Forumu, ali məktəblər, KİV, İnternet, sosial media, elektron kitabxana və b. təsisatların nümayəndələri bu məsələlərdə əlbir əməkdaşlıq etməlidirlər.
Bu istiqamətdə davamlılığı təmin etmək üçün milli-mənəvi dəyərlərlə bağlı silsilə tədbirlərin və virtual aksiyaların həyata keçirilməsinin, layihənin icrasının, alınan nəticələrin ictimailəşməsinin sözügedən sahəyə ictimai-elmi diqqətin daha da artmasına təkan verəcəyinə və cəmiyyətdə yeni-yeni ideyaların ortaya çıxmasını stimullaşdıracağına inanırıq.
Həyata keçiriləcək layihələr, tədqiqatlar istənilən vaxt geniş ictimai-mədəni monitorinqlər, müzakirələr, debatlar üçün açıq olmalıdır. Milli-mədəni sərvətlərlə bağlı rəsmi təşkilatların, sahəvi elmlə əlaqədar kitab nəşri və yayımı ilə məşğul olan qurumların nümayəndələrinin, eyni zamanda elmi-tədqiqat institutlarının, ali təhsil ocaqlarında çalışan alimlərin və mütəxəssislərin monitorinqin işinə cəlb olunması vacibdir.
Pandemiyanın davam etməsi, soydaşlarımızın dünyanın hər yerinə səpələnməsi, elektron resurslarda işləyə biləcək mütəxəssis çatışmazlığı, uşaq və gənclərin milli-mənəvi dəyərlərimizə zəif həvəs göstərmələri, Azərbaycan mental düşüncələrinin qapalılığı işqlandırılması nəzərdə tutulan problemlərin daha geniş kütlələrə çıxmasını əngəlləsə də, yeni İKT alətlərindən, sosiallaşma vasitələrindən yararlanaraq məsələlərə aydınlıq gətirmək mümkündür.
Müxtəlif yaradıcı intellektualların çıxışlarının təşkili və yayımı, mətbuatda, elektron KİV-də, eləcə də İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə yarana biləcək hər hansı bir risklə bağlı güclü təbliğat və tanıtım işlərinin aparıl-ması, xüsusi elektron resurslarının yaradılması, mütəxəssislərin ekspert rəyləri vasitəsilə ictimai düşüncəyə təsir mexanizmlərini tapmaqla problemlərin aradan qaldırılmasına çalışmaq lazımdır.
Fərqli formatlı təbliğat tədbirlərini təşkil etməklə, ictimai-tarixi əhəmiyyətli estetik texnologiyaların – milli-mənəvi dəyər kəsb edən hadisələrin, günlərin, bayramların əhəmiyyətini qabartmaqla, yeni İKT alətlərindən yararlan-maqla, innovativ-kreativ təbliğat kampaniyasını reallaşdırmaqdan ötrü fəaliyyət növləri – işləri həyata keçirmək üçün ictimai-mədəni fəallar, könüllülər, tədqiqatçılar və mütəxəssislərdən ibarət komanda formalaşdırılsa, tezliklə yeni-yeni uğurlar qazanmaq olar.

Cəmilə ÇİÇƏK
Filologiya üzrə fəlsəfə doktoru

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar