Xəbər lenti
“AYRILIQ”la xalqı birləşdirdi, öz vaxtsız ayrılığı ilə isə ürəkləri parçaladı...
Bu gün dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xatirə günüdür
Xalqımızın görkəmli, sevimli, unudulmaz sənətkarı Yaqub Zurufçu 32 il əvvəl - 1989-cu ildə Azərbaycana, milyonların azadlıq eşqi ilə çırpındığı “Azadlıq” meydanına qaynar bir musiqi meteoru kimi necə gəlmişdisə, elə meteor kimi də gözlənilmədən, qəfildən “uçub getdi”. Ancaq onun meteor içığı hələ yüz illər “Azadlıq” meydanında, Azərbaycanın başı üzərində şölələnəcək, qəlbləri işıqlandıracaqdır.
Yaqub bəyin yoxluğuna, vaxtsız ölümünə bu gün heç kəs inanmır, inanmaq istəmir, onun qəfil yoxluğu ilə barışa bilmir. Axı, xalqımız hələ onun ecazkar səsindən, mahnılarından doymamışdı, o möcüzəli, əsrarəngiz səsin Azərbaycanı, yenicə azadlığına qovuşmuş Qarabağımızı kəndbəkənd, evbə-ev dolaşağacağına əmin idi. Onun gözlənilməz ölümü bu gün hər bir azərbaycanlını musiqi korifeylərimiz Üzeyir bəyin, Bülbülün, Rəşid Behbudovun, Müslim Maqomayevin ölümləri kimi sarsıdır, təpədən dırnağa qədər yandırıb-tökür. Yaqub bəy bugünümüz üçün həmin şərəfli pleyadadan olan sonuncu korifeyimizdir.
***
Bu gün - 18 sentyabr xalqımızın dahi bəstəkarı Üzeyir bəy Hacıbəylinin dünyaya gəldiyi gündür. Bu münasibətlə 18-26 sentyabr günləri respublikaızda Üzeyir bəy Hacıbəyli günləri keçiriləcək. Sevimli müğənnimiz Yaqub Zurufçu hələ 6 il əvvəl – 2015-ci ilin fevralında çox sevdiyi, özünün mənəvi ustadı hesab edərək, mahnılarını böyük həvəslə ifa etdiyi korifey sənətkara xüsusi musiqi albomu həsr etmişdi. O zaman təqdimat mərasimindən hazırladığım məqaləni hər iki böyük sənətkarın müqəddəs ruhlarına ehtiramla oxuculara təqdim edirəm.
Yaqub Zurufçunun dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr etdiyi mahnı albomunun təqdimatı olub
Bu ilin (2015-ci ilin) sentyabrında Azərbaycanın professional musiqi sənətinin banisi, bütün Şərq dünyasının ilk opera yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi təntənə ilə qeyd ediləcəkdir. Musiqi korifeyimizin yaradıcılığının böyük pərəstişkarı, türk dünyasının sevimli müğənnisi Yaqub Zurufçu unudulmaz bəstəkarın yubileyinə özünün yeni töhfəsini – Üzeyir Hacıbəylinin və onun davamçıları olan bəstəkarlarımızın əsərlərindən ibarət yeni mahnı albomu hazırlamışdır. Bugünlərdə dahi bəstəkarın ev-muzeyində böyük sənətkara ithaf olunmuş albomun təqdimatı olmuşdur.
Tədbiri giriş sözü ilə açan Əməkdar incəsənət xadimi, Ev-muzeyin direktoru, bəstəkar Sərdar Fərəcov mahnı ifaçılığı ilə milyonlarla qəlbə yol tapmış, yalnız Azərbaycanda deyil, bütün dünyada tanınan və sevilən görkəmli sənətkar Yaqub Zurufçunun Üzeyir bəy yaradıcılığına vurğunluğundan, repertuarında onun mahnılarına daim geniş yer verməsindən söhbət açmış və qeyd etmişdir ki, dahi bəstəkarın 130 illik yubileyinə həsr edilmiş yeni mahnı albomu müğənninin Üzeyir Hacıbəyli dühasına minnətdarlığının ifadəsidir.
Tədbir iştirakçılarının alqışları ilə qarşılanan Yaqub Zurufçu 16 musiqi əsərinin yazıldığı disklə yanaşı dahi bəstəkarın zəngin bioqrafiyasından qısa xatırlatmaların, haqqında həm də müəllifin düşüncələrinin verildiyi, müğənninin özünün bir ifaçı kimi yaradıcılığının, Azərbaycanla əbədi bağlılığının əks olunduğu, orijinal və nəfis tərtibatı gənc dizaynerlər Azər Rəhmanoğlu və Ramiz Əbilov tərəfindən verilmiş 24 səhifəlik kitabça haqqında da məlumat verərək bildirmişdir ki, alboma daxil edilmiş mahnılar Amerikanın Los-Anceles şəhərində simfonik orkestrin müşayiəti ilə yazılıb.
Yeni mahnı albomuna müğənninin ifasında Üzeyir Hacıbəylinin əsərlərindən 7 nümunə, o cümlədən məşhur "Sənsiz”, "Sevgili canan” mahnıları, şah əsərlərindən olan "Koroğlu” və "Arşın mal alan” operalarından ariyalar salınmışdır. Diskdə musiqisevərlərə həmçinin dahi sənətkarın davamçıları olan bəstəkarların - Asəf Zeynallının, Niyazinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Cahangir Cahangirovun və Rəşid Şəfəqin əsərləri, həmçinin populyar xalq mahnıları da təqdim edilir.
Təqdimat mərasimində çıxış edənlər - Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli yaradıсılığının yorulmaz tәdqiqatçısı professor Zemfira Qafarova, Azərbaycan Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar İncəsənət xadimi Hafiz Quliyev, Bakı Musiqi Akademiyasının professoru, respublikanın Xalq artisti, görkəmli dirijor Yalçın Adıgözəlov, İsveçdən gəlmiş qonaq, doktor Cavad Deraxti, şairə Mahcamal Babayeva, Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist Munis Şərifov, İranın Mərənd şəhərindən təşrif buturmuş şair Mohəmməd Əli, mühəndis Tariyel Məmmədov, "Üvertüra” jurnalının baş redaktoru Şöhrət Əfşar və digərləri Üzeyir Hacıbəylinin misilsiz yaradıcılığından, böyük sənətkar şəxsiyyətindən, vətənpərvərliyindən və maarifpərvərliyindən, bəstəkarlıqla yanaşı həm də jurnalist kimi geniş və səmərəli fəaliyyətindən, yüksək mənəvi dəyərlərindən, xeyirxahlığından, gənc musiqiçilərə qayğıkeş münasibətindən söhbət açmışlar. Yaqub Zurufçunun dahi bəstəkara sonsuz məhəbbəti, onun hələ ötən əsrin 80-ci illərində Azərbaycanın azadlıq hərəkatında iştirakı və rolu, özünün məşhur "Ayrılıq” mahnısı ilə xalqın coşqun milli ruhunu daha da gücləndirməsi, bununla da böyük ümumxalq sevgisi qazanması barədə fəxrlə, minnətdarlıqla danışılmışdır.
Tədbir zamanı xalqımızın unudulmaz, sevimli rəhbəri Heydər Əliyevin Yaqub Zurufçu ilə səmimi görüşlərini, ölkə rəhbəri ilə müğənninin qarşılıqlı hörmət və rəğbətinin duyulduğu söhbətləri, Ulu öndər Amerikanın Klivlend qospitalında müalicə olunarkən sənətkarın onu ziyarət etməsini, onun üçün sevdiyi mahnıları ifa etməsini ekranda canlandıran video-görüntülər tədbir iştirakçılarında təsirli, çox kövrək duyğulara səbəb olmuşdur.
Respublikamızın görkəmli sənət adamlarının – yüzlərlə musiqi əsərlərinin müəllifi, Azərbaycanın Xalq artisti, bəstəkar Tofiq Quliyevin, SSRİ xalq artistui Zeynəb Xanlarovanın, Azərbaycanın Xalq artistləri – bəstəkar Vasif Adıgözəlovun, unudulmaz mahnıları ilə xalqın sevgisini qazanmış Gülağa Məmmədovun (Yaqub Zurufçunu Azərbaycana məhz o tanıtmışdır) və digərlərinin Yaqub Zurufçu haqqında videolentin yaddaşında saxlanılmış fikir və rəyləri də tədbir iştirakçılarında rəğbət doğurmuşdur.
İki saatdan artıq davam edən təqdimat mərasimi zamanı Yaqub Zurufçunun "Dan ulduzu” ansamblının pianoçusu, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Fəridə Hüseynovanın pianoda müşayiəti ilə canlı olaraq ifa etdiyi Üzeyir bəy mahnıları tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.
Görüşün sonunda Azərbaycanın Əməkdar artisti, öz təkrarsız mahnı ifaçılığı ilə xalqın böyük sevgi və rəğbətini qazanmış Yaqub Zurufçu dahi bəstəkara həst etdiyi mahnı albomunu avtoqrafla Üzeyir Hacıbəyovun Ev-muzeyinə və tədbir iştirakçılarına hədiyyə etmiş və bildirmişdir ki, yaxın zamanlarda Üzeyir Hacıbəylinin tələbələri olmuş bəstəkarların əsərlərini simfonik orkestrin müşayiəti ilə ifa etməyi, daha sonra isə həmin musiqi nümunələri əsasında yeni albom hazırlamağı nəzərdə tutur.
Rəhman ORXAN,
Respublikanın Əməkdar jurnalisti
Fevral, 2015-ci il
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar