Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib - ŞƏKİLLƏR

Tarix: 03-05-2021 17:18     Baxış: 2990 A- / A+
Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib


Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın onlayn təqdimatı keçirilib. Təqdimatı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, ensiklopediyanın baş redaktoru, akademik İsa Həbibbəyli açaraq “Molla Nəsrəddin” jurnalının on cildliyinin yenidən nəşri ilə yanaşı, ensiklopediyasının da hazırlanmasını böyük hadisə adlandırıb. O bildirib ki, “Ensiklopediyanın hazırlanmasında Mətbuat tarixi və publisistika şöbəsinin bütün əməkdaşlarının çox sanballı xidməti vardır. “Molla Nəsrəddin” və xarici ölkələr yenidən yazılmalıdır. Çünki bu jurnal yalnız Azərbaycanın ictimai-siyasi proseslərini izləməyib, həm də dünyadakı prosesləri izləyib. Eyni zamanda mollanəsrəddinçi ədəbiyyatın poetikası da müstəqillik işığında yenidən yazılmalıdır. “Molla Nəsrəddin” ensiklopediyası mollanəsrəddinçi ədəbiyyatın və ədəbiyyatşünaslığın bir pasportudur. Bu, akademiyanın elmi tədqiqat institutlarında hazırlanan ilk ensiklopediyadır”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında bildirib ki, “bu hadisəyə çox sevindim. Mən “Cəlil Məmmədquluzadə ensiklopediyası” hazırlananda da iştirak etmişdim. Bütöv bir ədəbi dövrün jurnalı olan “Molla Nəsrəddin”in ensiklopediyasının hazırlanması qürurvericidir. Bu işdə əziyyəti olan hər kəsə təşəkkür edirəm”.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək vurğulayıb ki, “uzun illərdir Molla Nəsrəddin ədəbi məktəbini araşdıran hörmətli akademikimiz İsa Həbibbəylinin, digər mollanəsrəddinşünasların bu istiqamətdə araşdırmalarının məntiqi nəticəsi kimi meydana çıxan “Molla Nəsrəddin Ensiklopediyası” ədəbiyyatşünaslığımızda önəmli hadisədir. İlk dəfə olaraq “Molla Nəsrəddin” jurnalının ensiklopediyası hazırlanıb, nəşr edilib. Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlanmış, akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə işıq üzü görmüş ensiklopediya Ədəbiyyat İnstitutunun

Elmi Şurasının qərarı ilə çap edilib. Ensiklopediya adının, başqa sözlə, ensiklopediya təyinatının mahiyyətinə uyğun olaraq hazırlanmış nəşr, “Molla Nəsrəddin” jurnalının bütün sahələrini ardıcıllıqla və ətraflı şəkildə əhatə edən biliklər dairəsi, məlumatlar toplusudur. Molla Nəsrəddin jurnalını bütünlüklə lüğət şəklində sistemə cəlb edən ensiklopediya, bu sahə üzrə yığcam məlumat verən elmi nəşr kimi yüksək dəyərə layiqdir. Ensiklopediya öz məzmununa görə yalnız sahə ensiklopediyası olmaqda qalmayıb, universal-milli ensiklopediya kimi də təqdim edilə bilər. Nəşrin hazırlanmasında akademiklər, professorlarla yanaşı, Mehman Həsənli, Gülnar Qasımlı, Təhminə Vəliyeva kimi gənc tədqiqatçıların da iştirakı təqdir edilməlidir. “Molla Nəsrəddin” ensiklopediyası “Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyasıdır, Mirzə Cəlil ensiklopediyasıdır, bütün mollanəsrəddinçilərin çoxcəhətli əməli fəaliyyətinin ensiklopediyası dəyərindədir. Bu nəfis kitab, öz əhatə dairəsi, həcmi, poliqrafiyası və digər parametrləri ilə birgə qiymətli bir vəsaitdir. Nəşrdə əsas mətnlərlə yanaşı, “Əlavələr” bölməsi də maraq kəsb edir: burada “Molla Nəsrəddin” jurnalının nəşr olunduğu ünvanlar, mətbəələr, jurnalın redaktorları, habelə, mollanəsrəddinçilərdən söz açan doktorluq və namizədlik dissertasiyalarının, gün üzü görən kitabların siyahısı və s. haqqında bilgilər verilib. Ensiklopediyada “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması, o dövrün gerçəklikləri, jurnalın tənqid hədəfləri, jurnalın əleyhinə çıxanlar, kollektivin üzləşdiyi çətinliklər, mollanəsrəddinçilərin mövhumatla, cəhalətlə mübarizəsi, jurnalın gün üzü gördüyü dövrlərdə ölkə, region və dünyada cərəyan edən tarixi-ictimai-siyasi hadisələr, o cümlədən I Dünya müharibəsi dövrü – bütün bunların jurnalın mətn-mündəricəsinə, müəlliflərin yaradıcılığına təsirləri sistemləşdirilib, jurnalı yaradanlarla yanaşı, jurnalda məşhurlaşanlar, belə demək olarsa, jurnalın - yetişdirdikləri, jurnalın təsirləri, dil məsələsi, qadın azadlığı məsələsi, jurnalın Tiflis, Təbriz və Bakı dövrü və s. kimi mövzuları universal şəkildə əhatə edilib... İlk buraxılışından (07 aprel 1906, Tiflis) 115, Təbrizdə nəşrə başlamasından (1921) 100, Bakıda son sayının gün üzü görməsindən (1931) 90 il keçən “Molla Nəsrəddin” jurnalı üçün əlamətdar olan 2021-ci il, bu ensiklopediya ilə süslənmişdir. “Molla

Nəsrəddin” ensiklopediyasının bütün mollanəsrəddinçilərin ruhunu şad edəcəyinə inanıram. Fürsətdən istifadə edərək, ensiklopediyanın araya-ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürümü yetirir, yeni yaradıcılıq uğurları diləyirəm!”

Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, ensiklopediyanın tərtib edəni və çapa hazırlayanı Vüqar Əhməd “Molla Nəsrəddin” jurnalının və Ədəbiyyat İnstitutunun ilk ensiklopediyası” adlı məruzə edib: “Akademik İsa Həbibbəyli Azərbaycan realist nəsrinin görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalına dövlət qayğısından bəhs edərək yazır: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Cəlil Məmmədquluzadənin anadan olmasının 150, “Molla Nəsrəddin” jurnalının 100, 110 illik yubileylərinin qeyd olunması, xatirələrinin əbədiləşdirilməsi klassik irsimizə və milli mətbuatımıza verilən yüksək qiymətin real təzahürü və təntənəsidir”. Məhz Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, onun rəhbərliyi və əməkdaşları da respublika prezidentinin ideoloji və strateji xəttini uğurla davam etdirərək Cəlil Məmmədquluzadənin zəngin və ölməz ədəbi irsinə və XX əsr Azərbaycan ədəbiyyatının böyük ədəbi simalarının yaradıcılığını ehtiva edən “Molla Nəsrəddin” jurnalına bitib-tükənməyən xəzinə və möhtəşəm söz abidəsi kimi yanaşır, onun əbədiyaşarlığını təmin etmək üçün çoxsaylı layihələr həyata keçirirlər... Ensiklopediya üzərində işə 2016-cı ildən start verilmişdir. Əvvəlcə akademik İsa Həbibbəylinin şəxsi təşəbbüsü ilə “Molla Nəsrəddin” ensiklopediyası üçün “Sözlük” hazırlanmışdır. Şöbənin əməkdaşı Gülbəniz Babayeva 420 səhifədən ibarət olan sözlüyü “Molla Nəsrəddin” jurnalının 8 cildliyi, Qulam Məmmədli, Elmira Qasımova və Afaq Əliyevanın “İmzalar” kitabı, keçən əsrin əvvəllərindən başlayaraq çağdaş dövrümüzə qədər Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər haqqında yazılmış tədqiqat əsərləri əsasında tərtib edilmişdir. Bu mərhələ başa çatdıqdan sonra akademik İsa Həbibbəyli sözlüklərin seçilməsi ilə bağlı şöbə əməkdaşları və müəlliflərlə müzakirə və diskussiyalar aparmış, məsləhətləşmiş və

ensiklopediya üçün daha önəmli və əhəmiyyətli olan sözlər seçilmiş və elmi məqalələrin əsas mövzusuna çevrilmişdir. Dərin elmi araşdırmalar, çoxsaylı mənbələr və arxiv materialları əsasında yazılan ensiklopediya milyonlarla oxucunun istinad edə biləcəyi dəyərli və monumental bir söz abidəsinə çevrilmişdir...”

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında bu cür böyük iş üçün təşəkkür edərək əlavə edib ki, bu təkcə Ədəbiyyat İnstitutunun deyil, bütövlükdə akademiyanın uğurudur. AYB-nin Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında “Molla Nəsrəddin” ensiklopediyası”nı Azərbaycan ədəbiyyatı və mətbuatı üçün Ədəbiyyat İnstitutu tərəfindən çox sanballı töhfə adlandırıb. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, həmçinin BDU-nun Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli “Molla Nəsrəddin” ensiklopediyası” - əsrin söz abidəsi” məruzəsi ilə çıxış edib.

Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, ensiklopediyanın məsul redaktoru Gülbəniz Babayeva “Milli məkkurə yaddaşının ensiklopediyası” adlı məruzə ilə çıxış edib. Akademik İsa Həbibbəylinin “Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyası” adlı ön sözün məziyyətlərindən danışıb. İnstitutun digər şöbələrinin, o cümlədən Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin xüsusilə şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımovanın ensiklopediyanın hazırlanmasına dəstəyi haqqında məlumat verib.

Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi


Manevr.az


Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib
Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib
Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib
Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib
Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib
Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib
Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib
Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib
Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar