Xəbər lenti
Firad Əliyev:"Muzeyimiz tarixi reallıqların dünyaya yayılmasında böyük əhəmiyyət kəsb edir..." -ŞƏKİLLƏR
Xocalı soyqırımından 28 il ötür. Xocalı faciəsi Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal edərkən yerli əhaliyə qarşı törədilən soyqırımdır. Ermənilərin Xocalıda törətdiyi soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Manevr.az xəbər verir ki, bununla əlaqədar olaraq sonxeber.az saytının əməkdaşları Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyini ziyarət edib.
Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev muzey haqqında məlumat verən zaman bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasət sayəsində artıq demək olar ki, dünya əhalisinin böyük bir hissəsi ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı barədə səhih və dolğun məlumatlara malikdirlər: "Hər kəsə məlumdur ki, ümummilli lider Heydər Əliyev xalqın israrlı tələbi ilə növbəti dəfə hakimiyyətə qayıtdıqdan sonra onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilib. Vurğulanmalıdır ki, tarix boyu millətimizin başına gətirilən müsibətlər, o cümlədən sözügedən faciə barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsi, bununla əlaqədar ölkədə və respublikamızdan kənarda həyata keçirilən sistemli və ardıcıl tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl siyasətinin, o cümlədən bu sahədəki misilsiz fəaliyyətinin təzahürüdür. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə də görülən nəhəng işlər mühüm əhəmiyyət kəsb etməkdədir. Bu barədə danışarkən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həyata keçirdiyi "Xocalıya Ədalət" kampaniyası, eləcə də Xocalı Soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı səmərəli fəaliyyəti xüsusi vurğulanmalıdır. Bütün bunların nəticəsidir ki, bugün azərbaycanlılarla bərabər, saysız-hesabsız əcnəbi də bilir ki, o dəhşətli gecədə, yəni 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq zirehli texnikadan da istifadə etməklə Xocalı şəhərinə, onun dinc əhalisinə hücuma keçmiş və orada yaşayan sakinlərə-azərbaycanlılara qarşı misli görünməmiş qəddarlıqla divan tutmuş, mühasirədə qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfər xüsusi amansızlıqla öldürülmüş, 487 nəfər dinc sakinə hər cür işgəncələr verilməklə onlara ağır bədən xəsarətləri yetirilmiş, 1275 nəfər isə girov götürülüb".
Firad Əliyev vurğulayıb ki, xalqımıza qarşı tarix boyu törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər-deportasiyalar, soyqırımlar, o cümlədən Xocalı soyqırımı, həmçinin terrorlar, eləcə də digər dəhşətli cinayətlər barədə insanlara doğru və dolğun məlumatlar əldə etmək imkanını yaratmaq və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşməklə, onun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyi yaradılıb: "Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanından və cənab Prezident İlham Əliyevin 17 yanvar 2012-ci il tarixli "Xocalı soyqırımının 20-ci ildönümü haqqında" Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyev sözügedən muzeyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Zakir Qaralovun qarşısında məsələ qaldırıb, cənab Baş prokurorun 19 iyun 2013-cü il tarixli müvafiq əmri və Hərbi prokurorun həmin əmrə əsasən verdiyi Sərəncamla İşçi Qrupu yaradılmış və muzey ərsəyə gətirilib. Bundan sonra, 24 fevral 2014-cü il tarixdə muzeyin açılışı olmub. Muzey özündə tarixi həqiqətləri əks etdirən rəsmi sənədləri və əşyaları cəmləşdirib. Muzey, Tarix, Deportasiya-repressiya, Soyqırım və Terror adlı 4 bölmədən ibarət olmaqla, 320 kv.m sahəni əhatə edir. Muzeyi həm Azərbaycan vətəndaşları, həm də xarici vətəndaşlar ziyarət edirlər ki, bu da vətəndaşlarımızda, xüsusən də yeniyetmələrdə və gənclərdə vətənpərvərlik hisslərinin daha da dərindən aşılanmasında və onlarda milli ruhun yüksəldilməsində, eləcə də əcnəbilər vasitəsilə tarixi reallıqların bütün dünyaya yayılmasında böyük əhəmiyyət kəsb edir. Qeyd olunmalıdır ki, muzeyi ziyarət etmək istəyən şəxslərin ekskursiyası Hərbi Prokurorluğun müvafiq əməkdaşları tərəfindən həyata keçirilir. Onu da qeyd edim ki, yarandığı gündən hazıradək muzeyi 21000 nəfərdən çox, o cümlədən təkcə ötən il 2300 nəfərdən artıq şəxs ziyarət edib. Xüsusi vurğulamaq istəyirəm ki, muzeyi ziyarət ödənişsizdir. Odur ki, tariximiz haqqında obyektiv məlumatları özündə əks etdirən məkanı ziyarət etməyi hər kəsə tövsiyə edirəm. Hesab edirəm ki, tarixi bilmək gərəklidirsə, öz millətinin və dövlətinin tarixini bilmək zəruridir".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar