Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rəşid Behbudovla bağlı ilk dəfə oxuyacağınız XATİRƏLƏR — Mübariz Tağıyev DANIŞIR

Tarix: 14-12-2019 18:42     Baxış: 4773 A- / A+
Rəşid Behbudovla bağlı ilk dəfə oxuyacağınız XATİRƏLƏR — Mübariz Tağıyev DANIŞIR

Bu gün Azərbaycanın korifey sənətkarı, SSRİ-nin xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun doğum günüdür.

Manevr.az xəbər verir ki, ölkə.az uzun illər dahi sənətkarla çalışmış Xalq artisti Mübariz Tağıyevlə əlaqə saxlayıb. O ,söhbətində bildirib ki, çox xoşbəxt insandır ki, Rəşid Behbudovla uzun müddət çalışıb, onu yaxından tanıyıb.

“Mən çox xoşbəxtəm ki, 18 il Mahnı teatrında onunla çalışmışam. O müddətdə gördüklərim, eşitdiklərim ömrümün sonuna qədər mənə bəs edər. Ora böyük bir akademiya idi. Rəşid müəllim bizə yaxınlaşıb heç nə demirdi. Sadəcə hər zaman tapşırırdı ki, o, çıxış edəndə, səhnənin arxasında dayanıb baş verənlərə baxaq. Burada səhnə mədəniyyətindən söz getmirdi, sadəcə o, istəyirdi ki, biz mahnının yaranma prosesini, onun tamaşaçıya necə çatdıracağımızı bilək.

Mən bir də çox xoşbəxtəm ki, Mahnı teatrı ilə Azərbaycanın rayon kəndlərini qarış-qarış gəzmişəm. Müəyyən yerlər var ki, inandırım sizi qış vaxtı biz balaca lampanın altında konsert proqramı ilə çıxış etmişik. Rəşid müəllim hər işin incəliklərinə qədər düşünürdü. Elə yerlər vardı ki, ora elektrik generatoru belə aparırdı. Bəzən deyirdilər ki, Rəşid müəllim biz də var narahat olmayın, deyirdi ki, yox mənim inandığım bu cihazdı bunu qurun. O, işinə bu cür məsuliyyətlə yanaşan biri idi. Adi xırda məsələlərə belə incəliklə yanaşırdı ki, konsert zamanı heç bir problem olmasın. Çünki, Rəşid müəllim üçün fərqi yox idi hansı səhnədə konsert verir. Onun üçün böyük, kiçik proqram yox idi. Bütün çıxışlarına çal-çağır kimi yanaşırdı, hamısı onun üçün eyni idi”.
Əməkdaşımızla söhbətində Xalq artisti Behbudovun insanı keyfiyyətlərindən də söz açıb

“Bundan başqa Rəşid müəllimin böyük ürəyi vardı. Onu tanımayanlar çox xəsis insan kimi qələmə verməyə çalışırlar. Mən dəfələrlə müsahibələrimdə demişəm. Ansambl üçün, kollektiv üçün ailə başçısı kimi əlindən gələni edirdi. Sadəcə ad günlərində, toylarda çox iştirak etməyi sevmirdi, öz maddi köməyini edirdi. Çünki, məclislərdə iştirak edəndə insanların diqqəti onda qalırdı, məclis yaddan çıxırdı. Bu da onu çox sıxırdı”.

Daha sonra ifaçı Rəşid Behbudovla bağlı əsgərlik xatirəsini də yada salıb.

“1972-ci ildə əsgərlikdə idim. Bir də gördüm məni qornizonun generalının yanına çağırırlar. Mən də əsgərəm, özümü itirdim. Generalın otağına papaqsız girmişəm, içəri girən kimi generala əsgər salamı verdim. General mənə baxıb, güldü. Gülə-gülə mənə “əlini sal aşağı, papaqsız əsgər salamı verməzlər” dedi. Mən də cavan adam, generalın qarşısında özümü itirdim.

General təəccüblə mənə baxıb dedi ki, “Rəşid Behbudov şəxsən özü sənə görə, mənə teleqram vurub. Sən çox xoşbəxt insansan”. Daha sonra məndən soruşdu ki, “Məgər siz, tanışsınız?”. Mən də sıxılaraq cavab verdim. O gündən mənim üzümə bütün qarnizonun qapıları açıq idi. Rəşid Behbudova böyük hörmət var idi. Bir tərəfdən də məndə böyük bir məsuliyyət yarandı ki, bir səhv addım atıb, onun adına xələl gətirməyim. Sonra 1973-cü ildə əsgərliyimi bitirib, qayıtdım Bakıya, yenidən Mahnı Teatrında çalışmağa başladım.
Bilirsiniz, dahiləri yetişdirmək mümkün deyil. Dahilər doğulanda dünyaya dahi kimi gəlir. Rəşid Behbudov da məhz belə dahilərdən idi. O, rejissorluğu da, musiqinin bütün janrlarını da bilirdi. İncəsənətin bütün sahələrindən xəbərdar idi.

Hərdən Rafiq Babayevlə məşq edirdi. Ona caz musiqisi ilə bağlı tövsiyələrini verirdi. Rafiq təəcüblə mənə deyirdi, cazın dərinliklərini Rəşid haradan bilir, haradan oxuyub. O, vaxt məlumat almaq üçün internet yox idi. Görün, bu necə dərin insan idi. O, böyük bir kollektivin atası idi. Burada cazz da, estra da, xalq musiqisi də, rəqs də vardı. Təsəvvür edin, Rəşid müəllimin rəqsdən necə anlayışı vardı. Biz Hindistanda səfərdə olanda orada bir musiqiyə rəqs qurulurdu. Hind rəqsləri jestlərdən ibarətdir, hər hərəkətin öz mənası var. Rəşid müəllim bunun dərinliyini bilirdi. Rəqqasə nəyisə səhv edəndə tez onu tuturdu, deyirdi bax burada bunu yanlış etdin. Rəqqasəni yormuşdu (gülür). Orada çox möhtəşəm konsert proqramı ilə çıxış etdik. Sən demə, konsert zamanı rəqqasə bir hərəkəti yanlış edib. Bu Rəşid müəllimin nəzərindən qaçmayıb, konsertdən sonra qızdan soruşur ki, sən bunu niye belə etdin? Moskvada bir rəqs müəllimi vardı, Monoxin rəqqasə dedi ki, müəllimim mənə belə demişdi edim. Rəşid Dehlidən Moskvaya zəng vurub o müəllimdən soruşur ki, həqiqətənmi o hərəkəti rəqqasəyə elə öyrədib. Yəni o insan bu cür dahi idi”.

Əməkdaşımızla söhbətində Xalq artisti Rəşid Behbudovun çox gözəl natiq olduğunu da bildirib.

“O, həm də böyük diplomat, natiq idi. Bir dəfə biz İngiltərədə olanda ziyafətə dəvət olunmuşduq. İki nəfər Moskvadan diplomat vardı, bir də biz. Ziyafətdə Rəşid müəllimə söz verildi, o durub orada elə bir çıxış etdi ki, inandırım sizi diplomatlara söz veriləndə dedilər ki, bizim əvəzimizə Rəşid müəllim çıxış etdi. Demək istədiyimiz bütün sözləri bizim əvəzimizə o dedi”.

Sonda ifaçı Rəşid Behbudovun Azərbaycanı dünyada təmsil edən dahi insanlardan biri olduğunu da vurğulayıb.

“Azərbaycanı uzun illər Rəşid ilə tanıyıblar. O, hər zaman Azərbaycanı dünyada layiqincə təmsil edib. Allah ona qəni-qəni rəhmət etsin. Qəbri nur ilə dolsun”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar