Xəbər lenti
Sehirli səsi ilə tarixə düşən dünya şöhrətli azərbaycanlı
Bu gün Azərbaycanın karifey sənətkarı Müslüm Maqomayevin doğum günüdür.
Manevr.az bildirir ki, Müslüm Maqomayev 1942-ci ilin avqustun 17-də Bakı şəhərində anadan olub. O, ilk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 18 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
M.Maqomayev 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Dahi sənətkarın uğurları bununla bitməyib. Bir müddət sonra o, Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarının hazırlanmasında iştirak edib. Sənətçi 1966-cı ildə Parisin "Olimpiya" salonunda ilk konsertini verib.
1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib və bir il sonra, 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. 1975-ci ildə isə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib.
M. Maqomayev bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. Sənətçi hələ 1970-ci illərdən həyatını estrada ilə bağlamışdı. Bu bağlılıq ona görünməmiş populyarlıq qazandırıb. O, keçmiş SSRİ-nin hər yerində çıxışlar edir və stadionlarda konsertlər verirdi. Televiziyalar onun konsertlərinə geniş yer ayırırdı. Sənətçinin bütün qramoffon valları böyük tirajla buraxılıb.
M.Maqomayevin ən böyük arzularından biri İtaliyada təhsil almaq olub. Nəhayət, həmin gün də gəlib yetişib və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La skala" teatrına təcrübə toplamağa göndərilib. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanıb, onlardan qiyabi olaraq vokal dərsləri alıb. Gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olub. Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdıb və "Seviliya bərbəri" tamaşasında səhnəyə çıxıb. Azərbaycanın məşhur pianoçusu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açıb. "Seviliya bərbəri" operasının hər tamaşası anşlaqla keçib və Bakı tamaşaçıları Fiqaronu - Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayıblar.
O, Eldar Quliyevin filminə də musiqi yazıb, həmçinin rejissor Qleb Drozdovun sifarişlərini də yerinə yetirməyə çalışıb. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanmış "Yaroslavna" tamaşasına musiqini də məhz o, bəstələyib. Özü həmin tamaşada knyaz İqor, həyat yoldaşı Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.
İlk dəfə 1971-ci ildə sənətkar haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ-nin xalq artisti adını alıb.
Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də 66 yaşında Moskvada vəfat edib. Görkəmli sənətkarın cənazəsi vətəni Azərbaycana gətirilib və Fəxri Xiyabanda, babası Müslüm Maqomayevin yanında dəfn olunub.ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar