Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qazaxda Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTOLAR

Tarix: 29-10-2018 22:20     Baxış: 3765 A- / A+
Qazaxda Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib


Manevr.az xəbər verir ki, Qazaxda Aşıq Şəmşirin 125 illik yubileyi böyük təntənə ilə qeyd olundu.

Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir. 2018-ci ildə Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur. Bu münasibətlə Respublika Prezidenti İlham Əliyev 2 aprel 2018-ci il tarixli 3857 nömrəli Sərəncam imzalamışdır.

Həmin Sərəncama əsasən Aşıq Şəmşirin 125 illiyi respublikamızın bütün bölgələrində qeyd olunur.

Tarixən saz, söz adamları ilə tanınan, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, tarixinə saysız-hesabsız şəxsiyyətlər, şairlər, yazıçılar, aşıqlar bəxş etmiş Qazaxda da Dədə Şəmşirin 125 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün bir sıra işlər görülüb. Belə ki, rayonda Aşıq Şəmşirin 125 illiyi ilə əlaqədar yubiley tədbirinin keçirilməsi üçün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən də Sərəncam imzalanıb. 10 oktyabr 2018-ci il tarixli, 9-21/134 nömrəli Sərəncama əsasən Tədbirlər Planı hazırlanmış və tədbirin yüksək səviyyədə təşkil olunması öz əksini tapmışdır. Bundan əlavə, rayon rəhbərinin tapşırığı ilə şəhərin mərkəzində yerləşən ustad Aşıq Ələsgərin büstü yenilənmiş, Aşıq Şəmşirin xatirəsinə isə büst qoyulmuşdur. Hər iki ustad aşığın adlarına layiq abidə kompleksi ucaldılmışdır.
Tədbirlər Planına uyğun olaraq bu gün həmin büstlərin açılış mərasimi keçirildikdən sonra Aşıq Şəmşirin 125 illik yubileyi böyük təntənə ilə qeyd olunub.

Yubiley tədbirində “Qazax Xeyriyyə” İctimai Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri, Regional Mədəniyyət İdarəsinin, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin şəhər və kənd İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd ağsaqqalları, təqaüddə olan dövlət qulluqçuları, qonaqlar və KİV nümayəndələri iştirak edib.

Qonaqlardan - Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Akademik Teymur Bünyadov, "Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov, Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev və başqaları Dədə Ələsgərlə Dədə Şəmşirin sazının, sözünün qüdrətinə qiymət vermək üçün bir yerə toplaşıb.
Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində keçirilən yubiley tədbiri mərkəzin foyesində ustad aşığın əlyazmalarından, haqqında yazılmış kitablardan, xatirələrdən, özünün seçmələrindən hazırlanmış guşənin nümayişi ilə başlayıb.

Mərkəzin böyük zalında keçirilən tədbirin aparıcısı Fidan Axundova yubiley tədbirini açıq elan edərək Dədə Şəmşir yaradıcılığından söz açıb. Bildirib ki, mənsub olduğu Miskin Abdal ocağının kəramətindən mənəvi güc alan, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı, Növrəs İman, Ağdabanlı Qurban kimi canlı klassikləri öz gözləri ilə görən, onların sənət bulağından su içib xeyir-duaları ilə pərvazlanan Dədə Şəmşir sələflərinin yolunu ləyaqətlə davam etdirərək yüksək səviyyəli ifaçılıq məharəti və zəngin yaradıcılığı ilə özü də sazın-sözün urvatlı bir ocağına çevrildi. Ailə daxilində mənəvi-ruhani təlim və şeiriyyət-sənət dərsi alan gənc Şəmşir atası Qurban kişinin yaxın dostu Göyçəli Aşıq Ələsgər saz-sözünün hikmətini də elə yeniyetməlik, ilk gənclik çağlarında mükəmməl şəkildə mənimsəməyi bacarmışdı. “Ustad oğlu şəyird olmaz” - deyiblər. Ağdabanlı Qurban ocağının pərvazlandırdığı Aşıq Şəmşir ömrünün erkən çağlarından püxtə, yetkin sənətkar kimi saz-söz aləmində ad qazanmışdır.

Sonra Dədə Şəmşirin ömür və sənət yoluna, həyat və yaradıcılığına həsr olunmuş videolent nümayiş olunub, aşığın zəngin irsinə bir daha nəzər salınıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yubiley tədbirində çıxış edərək bütün qonaqları, aşıq sənətini sevərləri salamlayaraq bugünkü tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, türk dünyasının dərin qatlarından süzülüb gələn ozan-aşıq sənəti tarixin müxtəlif keçidlərində enişli-yoxuşlu yollardan keçərək Qorqud atanın əzəmətində ozanı yaşatmış, orta yüzillərdən isə Kərəmin, Sarı Aşığın, Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın, nəhayət, Ələsgərin simasında həmin zirvəni yaratmışdır.
Aşıq sənəti özünə qədər şaman, varsaq, ozan, yanşaq kimi müxtəlif adlar, titullar daşımış, xalqımızın ictimai-bədii təfəkkür tarixində silinməz izlər qoymuşdur.

Orta əsrlərin ilkin çağlarından təşəkkül tapan aşıq sənəti əslində qədim ozan sənətinin davamı və varisidir. Ozan sənəti Azərbaycan xalqının soykökündə və təşəkkülündə başlıca rol oynamış oğuz qəbilə birləşmələrinin geniş yayılmış incəsənəti olmuşdur.


Aşıqlar sazda çalıb oxumaqla bərabər, rəngarəng formalı şeirlər qoşur, geniş məzmunlu dastanlar yaradırdılar.
30 sentyabr 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılmışdır.
YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu il sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu hadisə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğının nəticəsidir.


Ulu öndər Heydər Əliyev zaman-zaman aşıq sənətinin ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsi barəsində bir neçə Sərancam və Fərmanlar vermişdir. Onlardan biri də 5 iyul 2003-cü il tarixində aşıq yaradıcılığının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Şəmşir Qurban oğlu Qocayevin (Aşıq Şəmşirin) 110 illik yubileynin keçirilməsi haqqında Sərancamıdır. Ulu öndər öz Sərəncamında qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi olduğunu vurğulamışdır. Sərəncama uyğun olaraq ölkə miqyasında Aşıq Şəmşirin 110 illik yubileyi təntənəli şəkildə keçirilmişdir.


Cənab Prezident İlham Əliyev hər zaman mədəniyyətimizə, incəsənətimizə xüsusi diqqət ayırmışdır. Belə ki, 2 aprel 2018-ci il tarixdə Sərancam verərək Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyinin təntənəli surətdə keçirilməsi haqqında tapşırıqlar vermişdir. Bu Sərəncama uyğun olaraq Respublikanın bir çox şəhər və rayonlarında mədəni-kütləvi tədbirlər keçirilmişdir. Bu gün də tədbirlərin davamı olaraq mədəniyyətin beşiyi olan Qazaxmızda bu tədbiri həyata keçiririk. İstərdim ki, ustad aşıq olan Dədə Şəmşirin həyat və yaradıcılığna nəzər salaq.
XX əsr Azərbaycan aşıq poeziyasının ən tanınmış və məşhur simalarından biri Aşıq Şəmşirdi. Əgər XVI əsrdə Dirili Qurbani, XVII əsrdə Tufarqanlı Abbas, XVII-XVIII əsrlərdə Xəstə Qasım, XVIII əsrdə Abdal - gülablı Valeh, XIX əsrdə Aşıq Ələsgər aşıq poeziya sənətinin zirvəsində dayanırdılarsa, XX əsrdə isə Aşıq Şəmşir bu zirvəni fəth etmişdir.


Sual olunur, Aşıq Şəmşir hansı zəminə, hansı yaradıcı qaynaqlara söykənərək, ondan güc alıb bu uca¬lığa yüksələ bilmişdir? Bunu bir-iki cümlə ilə ifadə etmək çətindir. Hər kəs öz mü¬hitinin oğludur. Aşıq Şəmşir yurdumuzun ən ucqar rayonunda, Kəlbəcər dağlarının dilbər guşəsi olan Dəmirçidanı kəndində dünyaya göz açmış, sonra atası aşıq-şair Qurban təbiətin ən səfalı guşəsi olan Ağdaban kəndinə köçmüşdür. Şəmşir gözünü açıb Dəlidağı, Məndili, Qoşqarı, Qonuru, Lülparı, neçə-neçə belə möhtəşəm dağları görmüşdür. Onun ilk bəhrələndiyi qaynaq, yaradıcılıq qaynağı, nəsil şəcərəsidir. Hər şeydən əvvəl, Aşıq Şəmşir dövrünün azman sənətkarı, hər zaman Aşıq Ələsgərlə bir olan, yanaşı duran atası Ağdabanlı Qurbandan dərs almışdır. O, hələ beşikdə ikən Ağdabanlı Qur¬banın sazının, sözünün səsi ilə yatıb oyanmışdır.


Aşıq Şəmşir yüksək poetik zövqə malik olan Səməd Vurğunun geniş mədəni ictimaiyyət üçün “kəşfı” olduğu kimi, eyni zamanda, onun canlı xalq yaradıcılığı ilə ünsiyyətə olan ehtiyacının, təşnəsinin ödəndiyi, qidalandığı coşğun bulaq idi. “S.Vurğun məhz xalq sənətkarları arasında Qurbani kimi, Miskin Abdal kimi azman bir sənətkar axtarırdı. Elə bir sənətkar ki, onunla yanaşı durmaq qabiliyyətinə malik olsun, sözünün qabağına söz deyə bilsin. S.Vurğun el məclislərində olurdu, hər yerdə məşhur aşıqların yaradıcılığına, ifaçılığına xüsusi maraq göstərirdi. S.Vurğun Şikəstə Şirinə, Bozalqanlı Hüseynə və digər saz-söz sər¬raflarına şeirlə məktublar yazdı, onları yerindən tərpətdi. Lakin onların əks-sədasını duymadı və cavabını ala bilmədi. S.Vurğun öz düşüncəsində nəyi isə, kimi isə axtarırdı, lakin tapa bilmirdi. Aşıq Şəmşirin bir qoşmasını dinləməklə sanki Səməd axtardığını tapdı.


1955-ci ildə milli ruhlu poeziyamızın iki ən böyük nümayəndəsi - Dədə Şəmşirin Xalq şairimiz, ölməz sənətkar Səməd Vurğunla Kəlbəcərdə görüşləri olmuşdur. Səməd Vurğun Aşıq Şəmşirin göz açıb dünyaya baxdığı dağları, bulaqları bir bənd şeiri ilə bir tabloya gətirdi, göz önündə canlandırdı. Şeir belədir:


Səməd Vurğun:


Aşıq Şəmşir, Dəlidağdan keçəndə,
Kəklikli daşlardan xəbər al məni,
Ceyran bulağından qızlar içəndə,
Saz tutub, söz qoşub yada sal məni.

Aşıq Şəmşir isə cavabında:


Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni.


Aşıq Şəmşirin cavab qoşmasındakı bircə misra Səməd Vurğunu həyəcana gətirdi, varlığını tərpətdi. Aşığın böyüklüyünü, azman sənətkar olduğunu hiss etdirdi.


Alimlərimiz Aşıq Şəmşirlə S.Vurğunun görüşünü bədii düşüncə tariximiz üçün çox böyük hadisə kimi təhlil edərək yazır: “Hər şeydən əvvəl bu görüş Aşıq Şəmşiri vətənimizin paytaxtına, elm-sənət aləminə yaxşı tanıtdı. Deyişmə zamanı söylənilən şeirlər Aşıq Şəmşirin və Səməd Vurğunun kəşf olunmamış çox qiymətli yaradıcılıq xüsusiyyətlərini üzə çıxardı və respublikamızın elm və sənət aləminə göstərdi”.


“Aşıq Şəmşir yaradıcılığına bütövlükdə nəzər saldıqda göz önündə iki Şəmşir durur: Bunlardan biri köhnə aşıq poeziyası ənənələri ilə düzüb-qoşan Şəmşir, o biri isə Vurğun lirikası ruhunda yazıb-yaradan Şəmşir. Aşıq Şəmşir xalq şairimiz Səməd Vurğunla görüşəndən sonra, bir şair kimi, bir söz ustası kimi daha da şöhrətlənmişdir. Bu yerdə Osman Sarıvəllinin də Aşıq Şəmşir üzərində olan zəhmətini unutmaq olmaz. Aşıq Şəmşirin şeirlərinin kitab kimi çap olunmasında və geniş oxucu kütləsi qazanmasında, Onun böyük rolu olmuşdur”.


Yurdumuzda Aşıq Şəmşir poeziyasının vurğunu olmayan, onun şəxsiyyətini sevməyən, şeirlərini bilməyən, əzbərləməyən tək-tək aşıq olar. Təkcə aşıqlar deyil, bütövlükdə xalqımız Aşıq Şəmşiri sevir və onun adı gələndə böyük qürur hissi keçirir.


Hörmətli qonaqlar, dəyərli ziyalılar, deyərdim ki, Azərbaycan Respublikasının regionlarında və bu gün burada - Qazaxımızda ustad aşığın 125 illik yubileyinin qeyd edilməsi, Azərbaycan aşıq sənətinə dövlət tərəfindən verilən böyük dəyərdir.


Akademik Teymur Bünyadov çıxış edərək tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, bu gün böyük bir bayramdır. İki ustad aşığı yad etmək üçün bir yerə toplaşmışıq. Çünki onların hər ikisi Azərbaycan xalqının ən dəyərli, qüdrətli, qiymətli sənətkarlarıdır. Bu gün qazaxlılar fəxr edə bilərsiniz ki, yaxın 3 ayda Qazaxda 3 abidə qoyulub. Bunlardan biri Aşıq Ədalətin abidəsidir. Mən deyərdim ki, ölkəmizin heç yerində hələ belə bir abidə qoyulmayıb. Çünki o abidə, eyni zamanda, bir ziyarətkahdır. Saz, söz sevərlər üçün. Bu gün isə iki Aşığın ruhunun işığına yığışmışıq. Bildirdi ki, bu gün biz qazaxlılar fəxr edə bilərik ki, Aşıq Şəmşiri bütün dünyada tanıdan da dahi şairimiz Səməd Vurğun olub. Necə ki, Səməd Vurğun Şəmşirə yüksək dəyər vermişdi. Bu gün də qazaxlılar, ziyalılarımız, rayon rəhbərliyi Şəmşirə böyük qiymət verir. İstər dövlət tərəfindən, istərsə də xalq tərəfindən bu cür ustad aşıqlara böyük qiymət verilməsi, xüsusən də, Qazaxda belə yüksək səviyyəli tədbirlərin keçirilməsinin artıq ənənə halını alması bir ziyalı kimi məni çox sevindirir.


Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev çıxış edərək yubiley tədbirinin yüksək səviyyədə keçirilməsinə, eləcə də Aşıq Ələsgərin və Aşıq Şəmşirin möhtəşəm büstlərinin qoyulmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün ziyalılar adından minnətdarlığını bildirdi.
“Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov çıxış edərək bugünkü tədbirin bütün qazaxlılar üçün bir töhfə olduğunu bildirdi. Ölkə başçısının Aşıq Şəmşirin 125 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamdan söz açan birlik sədri dövlətimiz və dövlət başçımız tərəfindən aşıq sənətinə verilən yüksək qiymətdən, dəyərdən danışdı. Birlik sədri qeyd etdi ki, bu gün bu tədbirin möhtəşəmliyi ondadır ki, Kəlbəcər eli Qazax elinə qonaq gəlib. Mənim, eləcə də bütün xalqımızın arzusudur ki, Kəlbəcər işğaldan azad olunsun və növbəti yubiley tədbirlərini orada qeyd edək. Xalq rəssamı Natiq Əliyev də o torpaqlarda ucaltmaq üçün Dədə Şəmşirin abidəsini, büstünü hazırlasın.


Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək qeyd etdi ki, bu gün biz möhtəşəm bir mədəni hadisənin şahidi olduq. İki ustad aşığa verilən qiyməti bir daha izlədik. Bildiyiniz kimi, Aşıq Şəmşirin yubileyi ilə bağlı bir çox bölgələrimizdə tədbirlər keçirildi. Bu gün mən tam əminliklə deyə bilərəm ki, Qazaxda keçirilən bugünkü tədbir həmin tədbirlərin birincisidir. Bunu istər aşığın xatirəsinə ucaldılmış büstdən, istərsə də yubiley tədbirinin keçirildiyi səhnənin tərtibatından belə görmək olar. Ümumilikdə, Qazaxda mədəniyyət sahəsinə yüksək diqqət və qayğı göstərilir. Hər kəs Siz rayon rəhbərinin sayəsində rayonda hər gün bir yeniliyin şahidi olur. Biz ziyalılar ona görə sevinirik ki, rayonda olan bu genişmiqyaslı abadlığın, quruculuğun siyahısında bu cür abidələrə, büstlərə, heykəllərə də rast gəlirik. Bu cür yubiley tədbirləri keçirilir. Bunu görüb qiymətləndirmək isə hər birimizin borcudur.


Birlik sədri “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlunun, birlik üzvlərinin adından bugünkü tədbirin belə yüksək səviyyədə keçirilməsinə görə rayon rəhbərliyinə, əməyi keçən insanlara minnətdarlığını çatdırdı. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən hazırlanmış Diplomları icra başçısı Rəcəb Babaşova, akademik Teymur Bünyadova və professor İlham Pirməmmədova təqdim etdi.
Birlik sədri Aşıq Ələsgərin və Aşıq Şəmşirin büstlərinin müəllifi olan Xalq rəssamı Natiq Əliyevə də bütün aşıq sevərlər adından təşəkkürünü bildirdi.


Qazax Dövlət Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərvişin təqdim etdikləri Dədə Şəmşirin şeirlərindən ibarət poetik ərməğanlar tədbirə toplaşanlarda böyük fərəh hissi yaratdı. Aşıq Şəmşirin ömür və sənət yolunun mayağına çevrilən iki ustad sənətkara - Dədə Ələsgərə və Ağdabanlı Qurbana yazdığı şeirlər alqışlarla qarşılandı.


1955-ci ilin yayında Kəlbəcərdə-İstisuda azman söz ustadı Səməd Vurğunla müdrik el sənətkarı Dədə Şəmşirin unudulmaz görüşünü əks edirən səhnə də tədbirə toplaşanlarda qürur və fəxr hissi yaratdı.


Qazax Dövlət Dram Teatrının aktyorlarından Əməkdar artist Hacı Hacıyevin, aktyor Aydın Orucov və Aşıq Yaşar Gülümcanovun ifasında Xalq şairi Səməd Vurğun və Aşıq Şəmşirin görüşünü əks etdirən teatral səhnədə yenidən o illərin unudulmaz anları canlandı. İştirakçılar həmin anlara, sazın, sözün böyüklüyünün bir daha şahidi oldular.


Yubiley tədbirində aşıqlardan Camoy Qurbanovun, Gözəl Kəlbəcərlinin, Ədalət Dəlidağlının, Avdı Musayevin, Şöhrət Kərimovun, Şaiq İncəlinin, Elbrus Hüseynovun, Samir Allahverdiyevin, Şahin Məzəmlinin saz havaları üstündə Dədə Şəmşirə həsr olunmuş şeirləri səsləndirmələri, aşığın yazdığı şeirləri ifa etmələri, bir-birindən zəngin saz havaları tədbirə toplaşanlarda əsl bayram əhval-ruhiyyəsi yaratdı.

Manevr.az

Qazaxda Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib
Qazaxda Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib
Qazaxda Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib
Qazaxda Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib

Qazaxda Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib
Qazaxda Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib
Qazaxda Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib
Qazaxda Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib
Qazaxda Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib
Qazaxda Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib
Qazaxda Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar