Xəbər lenti
Bığına görə töhmət alan, arvadından sonra evlənməyən Xalq artisti - ŞƏKİL
Aprelin 22-i Xalq artisti Ağahüseyn Cavadovun doğum günü idi.
Manevr.az kulis.az-a istinadla aktyor haqqında maraqlı faktları təqdim edir.
Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü il aprelin 22-də Bakının Xırdalan qəsəbəsində doğulub. Anası Hürmət xanımın ən böyük arzusu oğlunu savadlı bir insan kimi görmək idi. Bunun üçün də o, oğlunu əvvəlcə mollaxanaya aparır. Daha sonra Ağahüseyn Cavadov Bakıda, "Səadət" məktəbinə daxil olur. 1919-cu ildə həmin məktəbi bitirsə də, maddi vəziyyəti ona təhsilini davam etdirməyə imkan vermir. Məcburiyyət qarşısında qalan Ağahüseyn ailəsinə kömək məqsədi ilə tacir yanında işləməyə başlayır.
İşləməklə bərabər imkan tapan kmi teatr səhnələrində göstərilən tamaşalara baxmağa gedən Ağahüseyn Cavadov sevdiyi aktyorların ifasına heyran qalır. Nə zamansa onlarla birgə səhnəyə çıxacağını arzu edir.
1920-ci ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi İdarəsinin yaratdığı teatrın Azərbaycan bölməsində aktyor kimi fəaliyyətə başlayır. Bölməyə Sidqi Ruhulla rəhbərlik edir. Ağahüseyn Cavadov həmin teatrda səhnəyə qoyulan Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", "Ac həriflər", Soltanməcid Qənizadənin "Xor-xor", "Dursunəli və ballıbadı", Mirmahmud Kazımovskinin "Molla Cəbi", "Daşım-daşım" pyes və vodevillərinin tamaşalarında iştirak edir.
1921-ci ildə yeni yaradılmış Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır. Həmin teatrdakı fəaliyyəti yaradıcılığının ən maraqlı dövrü olur. Sonralar bu teatr Gəncə şəhərinə köçürülür. Aktyor burada "Bəxtsiz cavan", "Pepo", "Namus", "Morqanın qohumu" adlı tamaşalarda çıxış edir.
1930-cu illərin sonlarında sovet hakimiyyətinin repressiya siyasəti çoxlarının həyatını məhv edir. Həbslər başlananda Ağahüseyn Cavadovun da başının üstünü təhlükə alır. O, həbs olunacağını hiss edib, bir müddət uzaqlaşmaq, yaddan çıxmaq üçün Gəncəni tərk edib, Bakıya köçür və bununla da repressiyadan canını xilas edə bilir.
1938-ci ildə yeni təşkil olunan Azərbaycan Dövlət Musiqili Komediya Teatrına Ağahüseyn Cavadov da dəvət olunur. Beş ildən sonra o, Akademik Milli Dram Teatrının truppasına qoşulur və ömrünün sonunadək bu teatrda işləyir. Burada o, "Nişanlı qız", "Almaz", "Dönüş", "Solğun çiçəklər", "1905-ci ildə", "Həyat", "Yadigar", "Əcəb işə düşdük", "Müfəttiş", "Canlı meyit", "Şeyx Sənan", "Mənim günahım" tamaşalarında maraqlı rollar yaradır.
Ədəbi əsərlərimizin bir çoxunun efirdə və mavi ekranda səslənməsində Ağahüseyn Cavadovun xidməti böyük oldu.
Filmlərdə yaddaqalan rollar yaradıb. "Bəxtiyar"da Rza, "Görüş"də Əbülfəz rolu tamaşaçılar tərəfindən çox sevilir.
Sonralar o, "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Əhməd haradadır?", "Kölgələr sürünür", "Bir qalanın sirri", "Sehrli xalat", "Şərikli çörək", "İstintaq davam edir", "Mən ki gözəl deyildim", "Bizim Cəbiş müəllim" və s. filmlərdə epizodik, amma yaddaqalan obrazlar yaradır.
Aktyor müsahibələrinin birində öz yaradıcılığı haqqında deyir: "İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov oldular. Onlar mənə rol üzərində işləməyi, bu sənətin ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətdilər".
Ağahüseyn Cavadov 1931-ci ildə respublikanın Əməkdar artisti, 1938-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü.
Cavadovla bağlı bir çox maraqlı hadisələr də xatırlanır. Teatrşünas İlham Rəhimli "Səhnəsiz gülüş" kitabında olmuş bir əhvalat barədə yazır:
"Dram Teatrında rejissor Mehdi Məmmədovun quruluşunda Mehdi Hüseynin "Alov" pyesinin tamaşası oynanırmış. Fasilədə aktyorlar bufetdə çay içirlər. Tamaşadakı Bədəl rolunun ifaçısı, Xalq artisti Mustafa Mərdanov taxma bığ ona mane olduğu üçün çıxarıb yanına qoyur. İkinci pərdə başlayır. Gedəndə bığı götürməyi unudur. Xalq artisti Ağahüseyn Cavadov da onunla birgə süfrə arxasında oturubmuş. O, Mustafa Mərdanovun bığı yaddan çıxardığını görür, ancaq bir söz demir. Onlar səhnəyə çıxhaçıxda Ağahüseyn Cavadov istehza ilə gülərək deyir:
- Mustafa, bığın qaldı bufetdə. Mehdi müəllim səni bığsız görüb alnına yağlı töhmət yapışdıracaq.
Mustafa Mərdanov özünü itirmir. Baxır Ağahüseyn Cavadovun üzünə və qəfildən onun taxma bığını qoparıb tez yapışdırır özünün bığ yerinə. Cəld addımlarla səhnəyə gedir. Ağahüseyn Cavadov çaş-baş qalır. Əvvəlki, epizodlarda onu bığlı görmüş tamaşaçılarda gülüş doğuracağından qorxub səhnəyə də çıxmır. Səhəri gün teatrın bildiriş və elanlar lövhəsində "Alov" tamaşasının gedişində səhnə etikasını pozduğuna görə xalq artisti Ağahüseyn Cavadova şiddətli töhmət verilsin" elanı asılır".
Ağahüseyn Cavadov ailəsində də çox sadə və mehriban insan olub. Nəvəsi Rasim Cavadov babasını belə xatırlayır:
"Babam özü varlı olmasa da, dövlətli bir ailənin qızıyla evlənmişdi. Onun həyat yoldaşı Surat xanımın atasının Bakının Sabunçu kəndində və indiki Mirzağa Əliyev küçəsində çoxlu mülkləri var imiş. Onların hamısı müsadirə edilməmişdi. Nənəmlə babamın yeddi övladı - üç qızı və dörd oğlu olub. Qızlarından biri gənc yaşında vəfat edib. Mən həmin bibimi görmədim. Amma ailəmizdə bu nakam gənc qızın itkisini nənəmin və babamın bitməyən dərdində, kədərində hiss edirdim. Altı uşağı isə nənəmlə babam evləndirmiş, hamısını ev-eşik sahibi etmişdilər. Surat nənəm əlli yeddi yaşında dünyadan köçdü. Babam ondan sonra uzun illər yaşadı. Evlənmədi".
Ağahüseyn Cavadov sağlam adam olsa da, ömrünün son illərində şəkər xəstəliyinə mübtəla olur.
1981-ci ilin 20 iyununda Bakıda dünyasını dəyişir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar