Bir müddət öncə Xalq artisti Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi kino xadimləri arasında yaranmış parçalanmanı daha da dərinləşdirdi. Bu sahəni yaxından bilməyən hər kəs Rasim Balayevin kinomuzun inkişafında rol oynayacağını düşündülər. Kino xadimlərimiz isə eyni fikirdə deyillər.
Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev mətbuata verdiyi açıqlamada Rasim Balayevin təyinatının heç nəyi dəyişməyəcəyini deyərək kəskin fikirlər səsləndirib:
“Faktiki olaraq ittifaqı başqaları idarə edəcək, Rasim Balayev isə viziti olacaq. Artıq kino aləmi parçalanıb və onu parçalayanın da adı məlumdur. Şəxsən mən həmin ittifaqın ideoloji düşməniyəm”.
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı lent.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudov balaca bir ölkədə onsuz da ölü vəziyyətdə olan kinomuzun iki ittifaqının olmasının yolverilməz və anlaşılmaz olduğunu söylədi.
Şeyx Əbdülün sözlərinə görə, həqiqəti danışdığı üçün ona düşmən kimi baxırlar:
“Ümumiyyətlə, kinonun sahibi rejissordur, kino xadimləridir, aktyorlar deyil. Aktyor filmə çəkilib çıxıb gedir, onun ittifaqa nə dəxili var? Rasim Balayevin elədiyi kinomuza xəyanətdir. Gərək bu işə razılaşmayaydı. Maraqlı qüvvələr var ki, bizi bir-birimizə qəsdən düşmən edirlər. Kinonun hesabına adam olmusunuz, kinonun. Gəlin yığılaq bir yerə, bir ittifaq olsun. Kino nə Rüstəmin, nə Şəfiqənin, nə mənim, nə də Rasimin dədəsindən qalmayıb. Rasim Balayev qoca vaxtında ayıb elədi, yenidən parçalanmağımıza səbəb oldu. Kino xadimləri arasında dərin umu-küsü, narazılıq, böhran yaranıb. Çox böyük maraqlar xatirinə bizi parçaladılar”.
Bax beləcə, iki ittifaq olsa da, bu kino xadimlərini ətrafında birləşdirmək əvəzinə ayrıseçkilik salır, narazılıqlar yaradır. Görünür, bu xəmir hələ çox su aparacaq. Məşədi İbad demiş, qızın iki adaxlısı var...