Manevr.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev deyib.
İcraçı direktorun sözlərinə görə, birdəfəlik sığorta ödənişləri müxtəlif kateqoriyalar üzrə hesablanır: "Müvafiq qanuna görə, həqiqi hərbi xidmətdə həlak olması halında hərbi qulluqçunun vərəsəsinə 11 min manat, eyni zamanda orqanizmin funksiyasının 80-100% itirilməsinə görə 8800 manat, 60-80% itirilməsinə görə 6600 manat, 30-60% itirilməsinə görə isə 4400 manat, bununla yanaşı, ağır xəsarət aldıqda 2750 manat, yüngül xəsarət aldıqda isə 550 manat sığorta ödənişinin həyata keçirilməsi nəzərdə tutulur.
Məlum helikopter qəzasında həlak olmuş 14 şəhidimizin vərəsəsinə 11 min manat birdəfəlik sığorta ödənişi həyata keçiriləcək və qəza nəticəsində yaralanan 2 hərbi qulluqçunun əlillik faizi və ya xəsarət dərəcəsi müəyyənləşən kimi onlar da bu birdəfəlik sığorta ödənişlərindən faydalana biləcəklər.
Qəzada həlak olmuş şəhidlərimizin vərəsələri və xəsarət almış hərbçilərimiz birdəfəlik sığorta ödənişlərini əldə etmək üçün ölüm və ya əllillik, eyni zamanda xəsarət halını təsdiq edən sənədlərlə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin paytaxtda və regionlarda fəaliyyət göstərən filiallarına yaxınlaşa bilərlər”.