Xəbər lenti
"Bu cür insanlar hər millətin bəxtinə düşmür" - Su kimi sakit və güclü...
Azərbaycanın ən azman söz sənətkarlarından, müasir Azərbaycan ədəbiyyatının bənzərsiz simalarından, "məmə" deyəndən "pəpə" yeyənədək hər kəsin sevdiyi şair Ramiz Rövşən görkəmli alim, millətin və məmləkətin adını sərhədlərimizin o tayındakı elmi zirvələrə qızıl hərflərlə yazdırmağı bacaran professor Rafiq Əliyevin 75 illik yubiley təbrikini bu həftəni "Rafiq Əliyev həftəsi" elan etmiş Moderator.az-a göndərib:
"Elə insanlar var ki, onlarla nəinki ünsiyyətdə olanda, hətta onların haqqında düşünəndə də ürəyin açılır, ən sıxıntılı anlarında da özündə bir güc, ümid və təskinlik tapırsan. Belə insanlar müxtəlif peşə sahibləri ola bilər: alim, şair, rəssam... Rəhmətlik Əbülfəz bəyi yada salıb deyirəm: hətta siyəsətçi də.
Dağın ucalığı onun zirvəsiylə ölçüldüyü kimi, millətin böyüklüyü də təkcə əhalisinin sayı, ərazisinin genişliyilə deyil, həm də, bu cür insanların varlığıyla ölçülür. Mənim əziz dostum, dünya şöhrətli alimimiz Rafiq Əliyev məhz bu cür, öz millətinin böyüklük ölçüsü olan şəxsiyyətlərdəndi. Bu cür insanlar hər millətin bəxtinə düşmür və hər millət də bəxtinə düşən bu cür insanları vaxtında qiymətləndirməyi bacarmır. Hətta bu cür insanları sancmaqdan zövq alanlar da tapılır, “uman yerdən küsərlər” deyib bu nankorluğa, naşükürlüyə haqq qazandırmaq istəyənlər də. Amma bunlar hamısı xırda və adi şeylərdi. Adi olmayan isə, çox vaxt alimini nadan, şairini təlxək sifətində görməyə adət eləmiş bizim bu gözəl məmləkətimizdə də Rafiq Əliyev kimi şəxsiyyətlərin varlığıdı.
Biz onunla tez-tez bir yerdə oluruq, müxtəlif məclislərdə, tamaşalarda, konsertlərdə, xeyirdə, şərdə... Və mən hər yerdə insanların ona necə böyük sevgi və hörmətlə yanaşdığını görürəm. Sevgi və Hörmət. Bu iki söz çoxları üçün bəlkə də sinonim kimi səslənir. Amma bu belə deyil. Ən hörmət elədiyimiz adam ən sevdiyimiz adam olmaya da bilər, ya da əksinə...
Uşaq vaxtı, məktəbdə ən sevdiyimiz müəllimlər hansılarıydı? Dərs soruşanda bizi o qədər də çətinə salmayan, babat cavab verənə yaxşı qiymət yazan rəhmli, ürəyiyumşaq müəllimlərimiz. Bəs ən hörmət elədiklərimiz hansılarıydı? Dərs soruşanda az qala canımızı alan, yaxşı qiymət canından kəlbətinlə çıxan zəhmli, sərt müəllimlərimiz. Doğrudu, ikincilərə olan hörmətin mayasında bir az qorxu da vardı. Amma sinifdən sinifə keçdikcə ağlımız çox şey kəsməyə başladı; bizə qarşı çox sərt olan o zəhmli müəllimlərin müdiriyyət qarşısında necə əzilib-büzüldüyünü də gördük, həmin o ürəyiyumşaq müəllimlərin heç nədən qorxmadan müdiriyyətin üzünə ən acı tənqidləri necə dediyini də eşitdik. Və başa düşdük ki, “ürəyiyumşaqlıq” heç də “qorxaqlıq”, “sərtlik” heç də “mərdlik” demək deyil.
İnsan daha çox nədən qorxur; sudan, yoxsa oddan? Əlbəttə ki, oddan. Amma hansı daha güclüdü? Əlbəttə ki, su.
Mənim əziz dostum Rafiq Əliyev ən böyük yanğınları söndürməyə qadir olan su kimi sakit və güclüdü. O həm də su kimi saf və təmizdi.
“Su aydınlıqdı” deyiblər.
Nazim Hikmətin məşhur misraları yadıma düşür:
Su kənarında durmuşuq
çınarla mən.
Suyun şövqü vurur bizə,
çınarla mənə.
Bu gün 75 yaşını qeyd etdiyimiz böyük alimimiz Rafiq Əliyevin su kimi saf və təmiz ömrünün şövqü, işığı, havası, aydınlığı təkcə onun dostlarının yox, onu ürəkdən sevən, hörmət bəsləyən minlərlə insanın ömrünü, ağlını, düşüncəsini işıqlandırır, hətta öz ömründən, taleyindən, vətəndən, millətdən küskün olanların da ürəyində ümid oyadır.
Çünki bizim bu başıbəlalı məmləkətimizdə Rafiq Əliyev kimi şəxsiyyətlər varsa, özü qürbətdə olan gözəl şairimiz Məmməd İsmayıl demişkən, “hələ yaşamağa dəyər bir az da...”"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar