Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

...Azərbaycan əsgəri baxmaz qara, yağışa, gözlərin aydın, Şuşa!

Tarix: 08-11-2020 16:43     Baxış: 2279 A- / A+
...Azərbaycan əsgəri baxmaz qara, yağışa, gözlərin aydın, Şuşa!

Manevr.az görkəmli şairimiz Rafiq Yusifoğlunun bugünümüzlə səsləşən şeirlərini təqdim edir:

TƏZƏ TARİX YAZIRIQ

Ali baş komandanın
Sözləri deyil hədər:
Bizi qorxuda bilməz
Nə bir təhdid, nə hədə!

İşimiz haqq işidir,
Bizə yaraşır zəfər!
Güc bizdə, ağıl bizdə,
Xalq müdrik, el müzəffər!

Fürsət düşsə, zəhərli
Böcəyə dönər yağı!
Göydə şahin görəndə
Cücəyə dönər yağı!

Silahlar başlayanda
Şimşək kimi çaxmağa.
Deşik gəzir dığalar
Başlarını soxmağa...

Göz çək Mingəçevirdən,
Basa bilməz yurdu su!
Ayıq-sayıq dayanıb
Azərbaycan ordusu...

Düşmən lərzəyə gəlir
İgidlərin səsindən.
Çaqqal-çuqqal qurtulmaz
Aslanlar pəncəsindən!

Azmanlar diyarında
Qorxaq düşmən kiçilib.
Haqq, ədalət, mərhəmət
Boyumuza biçilib...

İnsanlıqmı gözləyək
Körpələrə qıyandan?
Xəbəri yox yağının
İçimdəki qiyamdan?!

Lovğalanan düşmənin
Olubdur dili gödək.
Bəylər, xanlar yurdunda
Nə gəzir gədə-güdə?

Qiyamətə qalmadı
Xocalının qisası...
Qalibiyyət bizimdir,
Budur sözün qısası...

Xudafərin oyanıb
Elə bil daş yuxudan...
Dost sevinir, yağılar
Tir-tir əsir qorxudan...

Bayrağıma diz çökən
Düşmənə diz çökdürür.
Kəlbəcərə, Şuşaya
Zəfər yolu çəkdirir...

Əsən həsrət yelləri
Təzə xəbər gətirir.
Boylanıb Qarabağa
Zəngəzur köks ötürür...

Yalnız ər oğlu ərlər
Murada çata bilər.
Bizim qabağımızda
Kim at oynada bilər?

Əmr elə, komandanım,
Biz hamımız hazırıq!
Qədim diyarımızda
Təzə tarix yazırıq!

18.10.2020

GƏLİRİK, YURDUM,
GƏLİRİK


Bir gözüm qan ağlayanda
Bir gözüm güldü, Qubadlım!
Neçə-neçə oğlun, qızın
Qürbətdə öldü, Qubadlım.

Sənsizlik məşəqqətini
Səndən ayrılanda duyduq.
Gəlirik, yurdum, gəlirik,
Gözünü çox yolda qoyduq...

Ağrıların, əzabların
Əlindən qurtarmaq olmur...
Yanına qayıtsaq belə,
Keçmişi qaytarmaq olmur...

Bağışla, yurdum, bağışla
Olanları, keçənləri.
Yer üstündə gün görməyib,
Yer altına köçənləri.

Qəbristan təzə yurd yeri, –
Düşündükcə içim yanır...
Yer altından sənə sarı
Nə qədər həsrət boylanır...

Öz yurduna o dünyadan
Elləri kim qaytaracaq?
Torpaq olan ayaqları,
Əlləri kim qaytaracaq?

Barışarmı bizdən küsən?
Xarı bülbül, nərgiz, süsən?
Taleyimə sənsiz əsən
Yelləri kim qaytaracaq?

Dərd əlində qalıb yaxam,
Heç bilmirəm varam, yoxam?
Otuz il gözümdən axan
Selləri kim qaytaracaq?

Sığınıb bir hicra küncə,
İnləmişik, gündüz, gecə,
Ömrümüzə
sənsiz keçən
İlləri kim qaytaracaq?

21.10.2020

ZƏFƏR MÜJDƏSİ

Çat-çat ürəyimdə dərd qəlpə-qəlpə,
Gəldi doğma yurda səfər müjdəsi.
Həsrətdən göynəyən viranə qəlbə,
Gözəl məlhəm imiş zəfər müjdəsi...

Axır ki, açıldı paslı kilidlər,
Bayraqlar yurdumu bəzəyir necə!
Xaraba şəhərlər, xaraba kəndlər
Viranə könlümə bənzəyir necə?!

Ağır sınaqların, möhnətin izi
Elə bilməyin ki, bizi sarsıtdı...
Qəlbimizdə olan vətən sevgisi
Bitib tükənməyən silah-sursatdı...

Yaşadıq ayrılıq məşəqqətiylə,
Bir köz kömür olub, bir közüm gülür.
Doğmalar öldülər yurd həsrətiylə,
Bir gözüm ağlayır, bir gözüm gülür...

Uşaqlar böyüyüb, qocalmışıq biz,
Anıb kövrəlirık o çağımızı...
Şükür, boş qalmayıb bizim yerimiz,
Yandıran olacaq ocağımızı...

Ötdü uzun illər, namərd sənələr,
Gəldi başımıza sonsuz bəlalar.
Köçdü bu dünyadan baba-nənələr,
Yurda sahib çıxın, əziz balalar...

Çox yola salmışıq tufanları biz,
Quruyan ümidlər tumurcuqlayır.
Görəndə qeyrətli cavanları biz,
Dolan gözümüzdə yaş muncuqlayır...

Ürək çan atırsa çata yurduna,
Yenə bu torpağa bahar gələcək!
Övlad sahib çıxsa ata yurduna,
Qərib məzarlarda ruhlar güləcək.

Yadlara qıymayın, özünüz dərin,
Cavanlar, köksümdə bitən həsrəti.
...O yurdu bir dəfə görməyənlərin,
Gözündən boylanır vətən həsrəti...

-Qəlbimiz titrəyən nanə yarpağı,
Həsrət quyusuna daş atmışıq biz.
Bir yol görməsək də doğma torpağı,

Onu qəlbimizdə yaşatmışıq biz...
Geriyə dönərmi yaydan çıxan ox?
Dönürük vətənə, qərar qətidi...
O torpaq tək bizə babaların yox,

Həm də şəhidlərin əmanətidi...
...Çat-çat ürəyimdə dərd qəlpə-qəlpə,
Gəldi doğma yurda səfər müjdəsi.
Həsrətdən göynəyən viranə qəlbə,
Gözəl məlhəm imiş zəfər müjdəsi...

08.10.2020

GÖZLƏRİN AYDIN,
ŞUŞA!


Bükülmüşdü qəddimiz
Ayrlığın əlindən,
Bir şad xəbər eşitdik
Komandanın dilindən,
Çaylar coşdu, kükrədi
Gözümüzün selindən,
Qarabağ göylərində
Qəlbimiz döndü quşa,
Gözlərin aydın, Şuşa!

Şad xəbəri eşidib,
Köks ötürdüm dərindən,
Qəlbim riqqətə gəldi
Ordumun zəfərindən,
Komandan əmr eləsə,
Dağ oynadar yerindən,
Azərbaycan əsgəri
Baxmaz qara, yağışa,
Gözlərin aydın, Şuşa!

Naxələf qonşuların
Qorxu düşüb canına,
Bədxah havadarları
Çəkilibdir qınına,
Dost kimdir,
düşmən kimdir
Dar ayaqda tanınar, –
Görüşünə gələcəm
Türk qardaşımla qoşa,
Gözlərin aydın, Şuşa!

Neçə il ayrılığın
Əlindən dad elədik!
Kövrəlib Üzeyiri,
Bülbülü yad elədik!
Xan qızı Natəvanın
Ruhunu şad elədik!
Düşmənin arzusunu
Ordumuz çaxdı daşa!
Gözlərin aydın, Şuşa!

Mənim doğma yurdumun
Alınmaz qalasısan,
Azərbaycan oğlunu
Sən hünər qalası san!
Daha ömrümüz boyu
Bizimlə qalasısan,
Dağların qucağında
Yaşa, vüqarla yaşa,
Gözlərin aydın, Şuşa!

08.10.2020

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar