Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Başdaşıma heç nə yazmayın, ondan başqa...”

Tarix: 18-08-2016 10:21     Baxış: 4273 A- / A+
“Başdaşıma heç nə yazmayın, ondan başqa...”

May səhərləri bir az fərqli açılar adətən. Pəncərədən gələn ilıq meh üzünü qıdıqlayar, quşların civiltisi, böcəklərin özünəməxsus vızıltısı qulağına bir nəğmə kimi süzülər, hələ onlar ahəstə oxuduqca dənizin ləpələrinin də həzin səsini eşidərsən. Durub bir ciyər dolusu nəfəs alarsan və həyata yarıyuxulu gülümsəyərsən. Otlar fərqli olar may səhərləri, quşların ayrıca səhər nəğmələri kimi... Və beləcə, sanki nağıl dolu bir günə oyanarsan.

O səs nə dənizin, nə otların, nə də böcəklərin səsi idi. Bir səs idi ahəstə-ahəstə yanğı ilə ağı deyirdi. Bu səsə yaxınlaşdıqca səs bir addım uzaqlaşırdı. Gah qadın səsinə oxşayırdı, gah quş səsinə. Bu nədir? Mən bəlkə heç oyanmamışam? Səsin əlindən tutub gedirəm. Mənə doğmadır bu səs. Bir övlad həsrətli ana yanğısı, bir yetim quş yazıqlığı, ata qollarına susayan bir körpə qoxusu, qardaşsızlıq və nəhayətində bir millət hayqırışı var bu səsdə. Səsin nə oxuduğunu anlamıram, mənə ancaq ahəngi çatır. Bir az dayanıb nə dediyinə qulaq verirəm. Asta-asta deyir:

Xallandı gül – butasında
nər qarnında – qartasında
bir şairi öldürdülər
bir ölkənin ortasında
ölkə bilmədi-bilmədi...


Bu səs sevgidən yetim qalan bir sərçə balasının, bu səs azadlıq sözünə oğul qurban vermiş Şeyda nənənin səsinə bənzəyirdi. Hayqırırdı: “Bir quru sözə görə oğul alarlar anadan?” Bu səsin iziylə ta gedib çıxdım Eldar əminin məzarına... qara başdaşında ağ yazı 1996-cı il mayın 22-si (ağ günə çıxdığı gün?..). Ölüm günü... Sadəcə, susuram. Bu mülayim insanın daşlaşmış rəsmi qarşısında otururam. Xatirələr baş qaldırır. Keçmiş hayıma gəlir. Şeyda nənəni xatırlayıram. 2004-cü il mayın 22-si... Hər il olduğu kimi, Eldar əmi üçün ehsan verirdi. Nənəmlə getmişdik. Heç vaxt xatirəmi rahat buraxmayıb o gün. Şeyda nənə tək qalırdı. Biz gedəndə otağın qapısını da, pəncərəsini də açıq qoymuşdu.

Dedi:

- Heç inana bilmirəm ki, Eldar ölüb. Qapının dalını gecə də qıfıllamıram. Deyirəm, birdən Eldar insafa gəlib qayıdar. Qapını bağlı görüb getməsin.

Bu sözdə elə böyük bir ümid vardı ki, mən belə inanmışdım gedənlərin bir gün qayıtmasına. Şeyda nənə mənimlə xeyli söhbət etmişdi o gün.

Deyirdi:

- Qızım, lap əvvəldən mənim hər günüm qayğıyla dolu olub. Mənə ilk acını həyat yoldaşım Baxış yaşatmışdı. Xəstə idi. Həm ona baxır, həm də uşaqları dolandırırdım. O, rəhmətə gedəndə Eldarın 9 yaşı var idi. Qızım Ceyran isə hələ lap uşaq idi. Baxış öləndən sonra bütün ümidimi Ceyranla Eldara bağladım. Əsasən də Eldara. Dedim, böyüyər, mənim bütün əziyyətimi qiymətləndirər. Onlara həm ata oldum, həm ana. Evdə qadın işi görürdüm, çöldə kişi. Evimin damının örtüyünü də özüm vururdum. Oxutdum onları. Təmiz adla böyütdüm, sənət verdim hər ikisinə. Dedim, artıq böyüyüblər, rahat nəfəs ala bilərəm, lakin Allah məni dərdsiz qoymadı. Mənə ikinci zərbəni də vurdu. Bu, Vətən zərbəsi idi. Biz qaçqın düşdük. Onda artıq Eldar institutun Tarix fakültəsini bitirib, Bakıda işləyirdi. Ailə də qurmuşdu. Gəlib yığışdıq onun yanına. Qızım Ceyran da institutu qurtarmışdı. O da öz həyatını qurdu. Artıq dedim, övladlarım xoşbəxtdirlər, hərəsinin əlində sənətləri, öz ev-eşikləri. İndi rahat ola bilərəm. Ancaq Allah yenə məni dərdsiz qoymadı. Bu dəfə mənə zərbə vurmadı, məni kökümdən vurub məhv elədi. Eldarımı əlimdən aldı. Eldar həsrətiylə yaşatdı məni. Bu, həyatımda ən böyük faciə idi. Çox ağır idi oğul dərdiylə yaşamaq. Bütün günüm ağlamaqla keçir. Çox çətindir Eldarsız yaşamaq. Eldarın oğlu Yelmar da yazır. Qorxuram bala. Mən bu yazmaqdan elə qorxuram ki. Eldar azadlıqdan yazırdı, vətənsizlikdən yazırdı. Yelmar atasızlıqdan yazır. Eldar atasını itirəndə uşaq idi, birinci sinfə gedirdi. Yelmar da atasını itirəndə uşaq idi, birincidə oxuyurdu. Yelmarla Eldarın çox oxşarlığı var. Yelmardan qorxuram, bala, Yelmardan...

“Yelmardan qorxuram, bala, Yelmardan!” - bu titrək səs səhərki ağıya bənzədi. Və xatirələrdən ayıltdı məni. Qarşımda daşlaşmış Eldar heykəli dayanıb. Hə, bir də Şeyda nənə demişdi: “Eldar öləcəyini bilirdi, bizə vəsiyyət etdi ki, başdaşıma nə adımı, nə soyadımı yazın. Bir tək AZADLIQ yazın. Bir də gedin Xırdalan qəbiristanlığına, lap axırıncı təpənin başında mənə yer ayırın, ora Qubadlının xırda təpələrinə oxşayır”. Bir də vəsiyyət elədi ki, mənim ruhum heç vaxt qəbrə girməyəcək, Qubadlı alınanda Bakıda qoymayın məni, aparın kəndimizə!



“Başdaşıma heç nə yazmayın, ondan başqa...”


Eldar əminin məzarının ayaq tərəfində oturmuşam, baxıram. Bu sevgi dolu, azadlıq və nifrət dolu baxışlarıyla cansız şəkildən də nə isə demək istəyirdi. O, həmişə nə isə demək istəyib. Amma qoymadılar, imkan vermədilər. Qəbir daşındakı AZADLIQ sözü... Bu söz uğrunda yaşayan və ölən insan. Mən indi anladım ki, bu söz dərk etmədiyimiz elə bir qüvvəyə malikdir ki, bir insan ömrünü bu sözə qurban verib, ölümü ilə ölümsüzlük qazandı. Şeyda nənənin bir sözü də qulağımdan getmir.

Dedi ki:

“Eldarın dostlarının içində ən sədaqətlisi Azad Qaradərəli ilə Aqil Abbas oldu! Anar bir dəfə qızıma dedi, Eldarın bizdən fərqi odur ki, o fəhləylə də, sağıcıyla da, ziyalıyla da, deputatla da dostdur, amma biz bu cür deyilik”.

Artıq nə Şeyda nənə var, nə Eldar əmi. Allah sənə rəhmət eləsin, daşlaşmış şairim. Vaxt gələcək narahat ruhuna Azadlıq müjdəsini gətirəcəyəm.

tək dedilər, təklədilər
qanına yeriklədilər
sonra da dərdini alıb
dağa-daşa yüklədilər
çəkə bilmədi, bilmədi

Əsim-əsimcə əsdilər
öldürməyə tələsdilər
günün günorta çağında
ağacı elə kəsdilər
kölgə bilmədi-bilmədi

Xallandı gül – butasında
nər qarnında – qartasında
bir şairi öldürdülər
bir ölkənin ortasında
ölkə bilmədi-bilmədi


Həmin səs hələ də o boşluqdan zümzümə edirdi bu sözləri. Bu Azadlıq sözünün qurbanı olan şairin narahat ruhu idimi, övlad həsrətindən əriyib-əriyib yox olan ananın harayımıydı, yoxsa bir sərçə balasının nakam qalmış saf sevgisinin ah-zarıdı? Yoxsa...

Bir onu bilirəm ki, boşluqdan gələn bu səs heç dinməyəcək. Həm də heç. Duyun bu səsi. O, həqiqətin səsidir! Sizi həqiqətə o səs aparacaq! Sizi azadlığa o səs aparacaq!

Axar.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar