Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rafiq Yusifoğlu: "Macalımız da yoxdu ağrımızı udmağa...(Şeirlər)

Tarix: 16-09-2018 18:58     Baxış: 21 244 A- / A+
Rafiq Yusifoğlu: "Macalımız da yoxdu ağrımızı udmağa...(Şeirlər)

Tale elə gətirib ki, dörd ildi ki, hər yay Amerikaya gedir, həm orada yaşayan əzizlərimi: oğlumu, nəvələrimi ziyarət edir, həm də görmədiyim yerlərdə gəzirəm. Yeni mühit istər-istəməz mənim yaradıcılığımın mövzu və problematikasına da təsirsiz qalmayıb. Bu səfərlər zamanı yazdığım publisistik qeydləri, eləcə də şeirlərimi ayrı-ayrı vaxtlarda mətbuatda çap etdirmişəm. Sonuncu səfərim zamanı yazdıgim bəzi şeirləri istedadlı şair, mənim keçmiş tələbəm Namiq Dəlidağlının istəyi ilə onun rəhbərlik etdiyi Manevr.az saytına göndərirəm...

Rafiq Yusifoğlu

BU BOYDA DÜNYADA
ÖZÜNƏ YER TAPMAYAN ADAM


Darıxırsan bu yer üzündə Təyyarəyə minib
göy üzündə süzürsən,
Gəmiyə minib dənizlərdə,
okeanlarda üzürsən...
Yerdə darıxırsan,
Göydə darıxırsan,
Okeanda, dənizdə darıxırsan, –
nəyin çatmır ki,
özünü bu qədər üzürsən?!
Özgələri isidən ocağından,
közündən narazıcan,
Özündən narazısan,
sözündən narazısan...
Sərsəri küləklər kimi əsirsən,
Dünyanın bu başından
o başına tələsirsən...
Ürəyin dağdan-dağa,
dərədən dərəyə səsləyir sənu.
Heç özün də bilmirsən
qarşıda nələr gözləyir səni!
Elə bil dünyanın üstünə
hirsini, acığını tökməyə
bəhanə gəzirsən,
Bu da Amerika,
Hollivud, Sakit okean –
Daha nə gəzirsən?!

02-07.08.2018. Los Anceles, Venis.
Rafiq Yusifoğlu: "Macalımız da yoxdu ağrımızı udmağa...(Şeirlər)

DÜNYA ELƏ
HƏMİN DÜNYADI


İstəyir quru üzü olsun,
itəyir su üzü...
Dünya elə həmin dünyadı,
İstəyir o üzü olsun,
İstəyir bu üzü...
Bu balaca dünyanı
nə qədər gücümüz yetir
zaman-zaman yaralamışaq.
Onu ölkə-ölkə,
diyar-diyar,
vilayət-vilayət,
şəhər-şəhər,
kənd kənd,
məhlə-məhlə paralamaşıq.
Unutmuşuq ki,
bizim yaratdıqlarımızdan
daha mükəmməldi,
dəyişməzdi
həyatın qanunu...
Unutmuşuq ki,
dünya bizim deyil,
biz dünyanınıq!

08.08.2018. Los Anceles, Venis.

QÜRBƏT

Mən qürbətdə
vətənin bir parçasıyam,
Vətəndən əsən yellərə qoşulub,
quş kimi qanad açasıyam –
Okeanların, dənizlərin üstündən
Vətənə uçasıyam!
Qəlbimdə Vətən eşqi olduğu üçün
Ucaların ucasıyam...

08.08.2018. Los Anceles, Venis.


TƏKRAR

Eyni yerdə hər il gəzə bilərsən,
Eyni güldən hər il üzə bilərsən,
Eyni dənizdə, çayda
hər il üzə bilərsən...
Ancaq əslində nə sən
ötən ilki adamsan,
nə o yer həmin yerdi,
nə o gül həmin güldü,
nə də o dəniz, çay eynidir...
Ömrün ömrümüzdən
qopan illəri, ayları, həftələri
adamı göyüm-göyüm ğöynədir...
Ancaq necə deyə bilərik ki,
bu hisslər təzə deyil, köhnədir?!
Özümə əminəm,
fikrim qətidir:
ömürdə hər şey, hər şey
müvəqqətidir:

sevgilər də,
əzablar da,
həyat da...
Eyni işi dönə-dönə təkrarlasaq da,
əslində təkrar heç nə yoxdu həyatda...


09.08.2018. Los Anceles, Venis.



XATİRƏ AĞACININ KÖLGƏSİ


Xatirələr –
ömrün yaddaşa hopan izləridi,
Xatirələr –
arxamzca baxan
mehriban ana gözləridi,
Xatirələr –
sönən ocağın arabir
kül alta işaran közləridi...
Doğmalarını, əzizlərini itirən insan
bəzən azır həsrət dumanında,
əzab çəkir xiffət tənhalığında.
Xatirələr –

yalnız öz gözümüzə görünən
sehrli bir ağacdı elə bil,
kölgəsinə sığınırıq
bu günün iztirab günəşi
bizi yandırıb yaxanda...

09.08.2018. Los Anceles, Venis.



***


Sakit okeanın “sakitliyi”ni görəndə
Adam öz sakitliyini tərk eləyir.
Sakit okeanın nəhəngliyini görəndə
İnsan öz kiçikliyini,
Allahın böyüklüyünü dərk eləyir...


10.08.2018. Los Anceles


Rafiq Yusifoğlu: "Macalımız da yoxdu ağrımızı udmağa...(Şeirlər)



***

Ayrılıq əzablarına
bu qədər sinə gərmək,
yurd xiffətinə könül vermək
özü də bir hünərmiş!
Vətəndə qədri bilinməyənlər
Qürbətdə vətənin
bir parçasına dönərmiş!

11.08.2018. Los Anceles



***


Qrışqa üçün bir qaşıq su ilə
bir vedrə su arasında
fərq olmadığı kimi,
adi insan da okeanla dənizin
fərqini görmür...
Nə Xəzər Sakit okeanın,
Nə Sakit okean Xəzərin
yerini vermir! –
Belə olmasa okeanı yaradan dənzi,
Dənizi yaradan gölü,
Gölü yaradan bulağı yaradardımı?

10.08.2018. Los Anceles



YURDA BƏNZƏR
YURD GƏZİRİK


Məsafə belə yaxınkən,
Yurd niyə uzağa düşüb?
Dədə-baba ocağına
Gedən yol sazağa düşüb...
Tab etmirik qəm yükünə,
Bir-bir torpağa çökürük...
Dərd hamımızın dərdidi,
Ağrını tək-tək çəkirik!

İçimizdəki nisgili
Parçalayan qurd gəzirik.
Düşmüşük diyarbədiyar,
Yurda bənzər yurd gəzirik...
Yaramızdakı zoqqultu,
Göynərti, heç ara vermir...
Dogulduğumuz torpağın
Yerini heç hara vermir...

11.08.2018. Los Anceles, Venis


SALAM, MARK TVEN


Salam, Mark Tven!
Sənin sözün mənim ölkəmdədi,
mənim özüm sənin ölkəndəyim!
Gərək indən belə
sənin ölkənə də
ölkəm deyəm!
Ona görə ki,
bütün yaradıcı insanlar
bir-birlərinə oxşayırlar!
Ona görə ki,
mənim övladlarım da
sənin ölkəndə yaşayırlar!
Hərdən şirin xəyallara dalıb,
yumuram gözümü…
Sənin özün mənim ölkəmə
gedə bilməzsən,
mənim sözüm sənin ölkənə gələ bilsə,
xoşbəxt sanardım özümü!

15.08.2018. Los Anceles, Venis
Rafiq Yusifoğlu: "Macalımız da yoxdu ağrımızı udmağa...(Şeirlər)

ÇADIRDAN BOYLANAN
NİSGİLLİ GÖZLƏR


Bu gün gözümdən qaçmadı
Qəribə bir mənzərə...
Baxdım çadırdan boylanan
nisgilli gözlərə...
O baxışların önündə elə bil
boşa çıxan arzular,
ümidlər yanırdı...
Küçənin ortasindakı
zibilxananaya bənzər
səfil çadırının üstündə

güvəndiyi ölkənin
bayrağı dalgalanırdı...

16.08.2018. Los Anceles



***


Macalımız da yoxdu
Ağrımızı udmağa...
Tanrı möhlət verəydi
Arzumuza çatmağa.
Ulu yurd olub talan,

Nə qədər olar yalan!

haqqım yox, bizsiz qalan
Torpagı unutmağa!
Gözəl meyvələr çoxdu,
Demə gözümüz toxdu,
Taqətimiz də yoxdu
Hər nemətdən dadmağa.
Yol çəkən gözlər doldu,
Ümid gülləri soldu,
Hara baxırsan yoldu, –
Yer yoxdu üz tutmaga...

19.08.2018. Los Anceles, Venis.

TUTUQUŞULAR

Burda tutuquşuları saxlamırlar qəfəsdə.
Onlar parklarda, xiyabanlarda
uçuşurlar dəstə-dəstə...
Burda tutuquşular
kimsəni yamsılamır,
öz səsləri, öz nəğmələri
başqa quşların səsinə qarışır! –
Qəfəsdə olmayanda
hamı öz dilində danışır...

24.08.2018. Los Anceles, Venis.

HEYVANXANADA

Heyvanxanada məni
fikir götürüb...
Şir şirliyini, pələng
pələngliyini itirib...
O nə pələngdi,
şirdi ki,
mürgüləyir meşənin,
cəngəlliyin hasrəti ilə
sarala-sarala!
Pəncəsi, dişi çatmır
Qonşu qəfəsdəki
ceyrana, marala...

26.08.2018. Los Anceles, Venis.
Rafiq Yusifoğlu: "Macalımız da yoxdu ağrımızı udmağa...(Şeirlər)

ÜZÜMƏ BAĞLI YOLLAR

Yol var, küçə var adam
Ayağına həsrətdi.
Mən ömrümü sənətə,
Məhəbbətə həsr etdim...
Gəzdim diyarbədiyar,
Döndüm əsl səyyaha.
Bəyaz elə bəyazdı,
Çarə varmı siyaha?
Xiffət, nisgi qəlbimdə
Dönüb qara kölgəyə! -
Doğma yurdumdan başqa
Yolum var hər ölkəyə...
Yuxumu ərşə çəkib,
Sinəsi dağlı yollar...
Mənə rahatlıq vermir
Üzümə bağlı yollar...

30.08.2018. Venis, Los Anceles.
Rafiq Yusifoğlu: "Macalımız da yoxdu ağrımızı udmağa...(Şeirlər)

BOMBOŞ KÜÇƏLƏR

Yaraşıqlı villalar
Hərəsi bir əsərdi.
Burda yaşayanların
Nə qayğısı, nə dərdi?

Ancaq küçələr boşdu,
Axşam olsun ya səhər!
Adam da işə-gücə
Bağlı olar, bu qədər?!
Baş açmıram doğrusu,
Bu nə ölçü-biçimdi.
Elə bil evlər təkcə
Gecələmək üçündü!
İşıqlar, zəif, solğun
Sanki şam içığıdı.
Elə bil mağaradı,
Tavanlar aşağıdı...
Yol gedirəm piyada,
Mənə nə gərək maşın?
Çıxıb gəzim ki, tənha
Küçələr darıxmasın!

30.08.2018. Venis, Los Anceles


Rafiq Yusifoğlu: "Macalımız da yoxdu ağrımızı udmağa...(Şeirlər)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar