Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yanvar ayında terrora təşəbbüs edən şəxs dövlət sərhəddini necə keçib?

Tarix: 08-07-2018 11:09     Baxış: 2850 A- / A+
Rusiya və İran səfirli niyə susur?

Yanvar ayında terrora təşəbbüs edən şəxs dövlət sərhəddini necə keçib?

Gəncənin icra başçısı Elmar Vəliyevə və cangüdəni olan polis serjantına qarşı elə icra hakimiyyətinin inzibati binasının önündə odlu silahdan atəş açılaraq ciddi xəsarət yetirilməsi ölkənin gündəmini zəbt edib.
Sözügedən hadisə birbaşa prezidentin nəzarətinə götürülüb. Artıq bir neçə gündür ki, mövzuyla bağlı çoxsaylı yazılar, informasiyalar dərc olunur. İstər dövlət qurumları, istərsə də yerli media məsələni uyğun bildikləri prizmalardan şərh və analiz etməyə çalışırlar. Əslinə qalsa, dövlət qurumları fəaliyyətlərini birgə koordinasiya etməyə qərar verənədək fərqli səslər, təzadlı yanaşmalar mövcud idi, ancaq son anda bundan geri addım atılaraq bütün izlənəcək yolun birgə keçilməsinə, mətbuata və geniş ictimaiyyətə ortaq açıqlamaların verilməsinə dair qərara gəldilər. Belə bir yanaşma təbii ki, hadisənin həssaslığından irəli gəlməklə bərabər atılacaq hər hansı yalnış addım və açıqlamanın istər yerli, istərsə də beynəlxalq media və ictimaiyyətdə yarada biləcəyi əks-sədasına doğru hesablanıb. Hazırda icra başçısının səhhəti, harada olması və ümumi durumu barədə təzadlı fikirlər dövrüyədədir. Dövlət qurumlarının servis etdiyi birgə bəyanat(lar) və “etibarlı mənbəyə istinadən” olan ötürülən açıqlamalar ictimai rəyi tam ölçüdə qane etmir. Siyasi hakimiyyətin təbliğat maşını bu məlumatların gündəmdə oturması və etibarlılıq əldə etməsi üçün öz növbəsində verilən plan üzrə hərəkət edirlər. Ancaq unutmaq olmaz ki, hadisə ictimai rezonans doğuracaq səviyyədə olduğuna görə burada informasiyaları gizlətmək, tam mənada kontol etmək mümkün olmayacaq. Çünki sözügedən məmurla bağlı ictima rəydə birmənalı fikir mövcud deyil, onun fəaliyyətində və yerli insanlara yanaşmasında kifayət qədər ciddi nöqsan və qüsurlar var. Heç təsadüfi sayıla bilməz ki, yerli insanların bir qismi pafoslu olsa da onu güllələyən şəxsi “milli qəhrəman” səviyyəsinə gətirməyə çalışırlar. Təbii ki, özlüyündə motivindən asılı olmayaraq olaya qarışan insanın məhz milli qəhrəman olaraq xarakterizə edilməsi yolverilməzdir. Mövzumuz bu olmadığı üçün detallı şəkildə izah verilməsinə tərəfdar deyiləm. Lakin belə faktın mövcudluğu təkcə siyasi opponentlərin təbliğatı, habelə bir qrup insanın istəyi kimi də qəbul oluna bilməz. Məsələ hiddət səviyyəsində, qəzəb dolu psixologiyada olan adamların bütün sosial statuslarına diqqət etmədən, nəzərə almadan bir insanın vurulmasına, öldürülməsinə, qanının axıdılmasına verdiyi reaksiyanın həddindən gedir. Bu, dövlətin, o cümlədən siyasi hakimiyyətin düşünməli olduğu ciddi məqamdır..

Güllələnmə olayı baş verəndə ilk ağıla gələn versiyalardan biri hadisəyə təşəbbüs etmiş şəxsin birbaşa Moskvadan durub basa-basa bura gəlməsi idi ki, bu da hər şeydən əvvəl sifarişin olub olmamasını gündəmə gətirirdi. İlk baxışdan hansısa kriminal qrupların sifarişini yerinə yetirmək üçün birbaşa Rusiya Federasiyasının (RF) paytaxtından buraya gəlmək daha inandırıcı idi. Düzünə qalsa, bu istiqamətdə bir sıra araşdırmalar və bəzi dostlara ünvanlanan suallardan aydın oldu ki, onlar məlumatsızdırlar, yaxından uzaqdan əlaqəli deyillər. Sonradan ortaya atılan şəkil və videolar, bunun ardınca dövlət qurumlarının verdiyi birgə bəyanat hadisənin masştabını daha da böyütdü. Terror kəliməsi dövrüyəyə girdi...

Elmi-nəzəri və lüğəti məna olaraq terror insanlar arasında qorxu salmaq, siyasi, dini, ideoloji məqsədlərə güc tətbiq etməklə nail olmağa yönələn addımdır. Azərbaycan Respublikasının qanunvericiliyəndə isə təsbit olunub ki, terrorçuluq - ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədəcəyi ilə hədələmədir. Digər bir məsələ isə, hadisəni törədən Gəncədə anadan, hazırda Rusiya Federasiyası vətəndaşı olan Yunis Səfərova qarşı açılan cinayət işiylə bağlıdır. Cinayət Məcəlləsinin 29,120.2.3-cü,120.2.7-ci və 228-ci maddələriylə açılan cinayət işində terrorla bağlı maddə hələ ki, yoxdur.
Ən maraqlı məqamlardan biri də, Yunis Səfərovun İranda, habelə Səudiyyə Ərəbistanında olması, xüsusi təlim keçməsi, onun RF kəşfiyyatı ilə əməkdaşlığına dair səslənən iddialardır. Bu isə birbaşa dövlətin təhlükəsizliyilə bağlı məsələdir. Sübuta yetirəlməsə belə, hazırda bir fakt var ki, hadisəni törədən şəxs Rusiya vətəndaşıdır. Beynəlxalq hüquqa uyğun olaraq bu barədə RF-nin Bakıdakı səfirliyinə rəsmi məlumat verilməli, öz növbəsində onların münasibəti, mövqeyi öyrənilməlidir. Nədənsə, sözügedən məsələ nə medianın ağlına gəlir, nə də səfirlik istəkli görünür və ya hər ikisi maraqlı olsa da, konkret addıma icazə verilmir. Əgər doğurdan da sözügedən

olayda istənilən ölkənin təhlükəsizlik xidmət(lər)inin rolu varsa, dövlət özü bu məsələnin geniş ictimaiyyətə çatdırlımasında maraqlı olmalıdır. Hər şeydən öncə dövlətin təbliğat maşını bundan insanların dövlət ətrafında birləşməsi üçün uğurla istifadə edə bilər. Heç kəsə sirr deyil ki, İran dövlət olaraq Azərbaycanda dini sistemin qurulmasına açıq şəkildə dəstək verir və bu səpkili məsələlərdə maraqlıdır. Həqiqətin insanlara çatdırlıması nəinki dövlət-vətəndaş arasındakı bağı gücləndirər, vətənpərvərliyin sözügedən istiqamətdə daha da dərinləşməsinə şərait yaradar. Kontrollu şəkildə aparılarsa, heç bir ölkə və quruma qarşı ifrat radikalizmə də gətirib çıxarmaz. Təbii ki, burada istintaqın gedişinə mane olmaqdan, dövlət sirri mahiyyətində olan məlumatların yer almasından söhbət getmir.

Hadisəni xarakterizə edənlərin bir qismi Elmar Vəliyevin mer kimi oturduğu kürsüdən istifadə edərək sadə insanları aşağıladığını, dini inanclara hörmət etmədiyini, bir çox hallarda vətəndaşları təhqir etdiyini, bununla bərabər onun bahalı geyimlərilə gündəmə gəldiyini, habelə qardaşının Respublikanın hərbi prokuroru və qohumlarından bir neçəsinin ali vəzifəli şəxs olduğunu nəzərə alaraq yekun rəyə gəlirlər. Sosial mediadan və yerlərdən gələn səslər söyləməyə əsas verir ki, bu fikirdə olanlar çoxluq təşkil edirlər. Hətta insanların bir qismi motivin nə olmasında maraqlı deyillər, onlar üçün faktın özü yetərlidir, çünki birilərinin dövlət qulluqçusu kimi etik norma və davranışlara riayət etməyən məmura dur deməsinin kifayət etdiyi fikri ilə barışırlar. President kimi dövlət üçün, siyasi hakimiyyət və qanuni əsaslarla idarə olunan mexanizm üçün arzu olunmayan hal olsa da, bu reallıqdır. Zamanında media vasitəsilə, habelə çoxsaylı şikayətlərlə insanların bu barədə ölkə rəhbərliyini məlumatlandırdığı şəksizdir. Ölçü götürülməməsi, cəzasızlığın davam etməsi insanların belə fikirdə olması üçün kifayət qədər əsas yaradır. İndi bir insanın ölümünə, pisliyinə necə sevinmək olar, necə bundan siyasi dvident kimi istifadə etmək olar deyənlərin məntiqi yəqin ki, qarşı tərəfi də anlamağa yetər, sadəcə hər şeyə zamanında qulaq verilməsi labüddür. Təəssüf olsun ki, insanlara qarşı eyni və oxşar tərzdə davranan icra başçıları onunla yekunlaşmır. Mətbuatda zaman-zaman “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun tələblərini kobud şəkildə pozan məmurlar barədə ətraflı məlumatlar verilir. İnanmaq və ümid etmək istərdik ki, bu gün dövlətin və qanunun tərəfdarı kimi çıxış edənlər anoloji şikayət və məlumatlara elə qanunu əsaslarla cavab verəcəklər və buna iradələri çatacaq.

Diqqət yetirilməsi xüsusi məqamlardan biri də eyni şəxsin artıq yanvar ayında belə bir təşəbbüsdə olması, uğursuzluqdan sonra ölkəni tərk etməsi və yenidən Azərbaycana qayıtmasıyla bağlıdır. Daxili İşlər Nazirliyi, Respublika Prokurorlugu, Dövlət Sərhət Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Gömrük Komitəsi bu barədə nə düşünür görən? Necə olur ki, hadisə ya örtbasdır olunur, ya da isti izlərlə açılmır? Və ya hadisəni törədən şəxsin kimliyi məlum olduğu halda onun dövlət sərhəddini keçməsi necə mümkün olur? Onun barəsində zamanında beynəlxalq axtarış verilibmi? Yox, iddia olunacaqsa ki, dövlət öncədən xəbərdar olub ki, sözügedən şəxs xarici xəfiyyədir, terror həyata keçirəcək və onun hansı ölkə və qurumlarla əlaqəli olduğunu öyrənmək üçün giriş-çıxışına şərait yaradılıb, o zaman sual olunur, niyə zamanında qarşısını ala bilmədiniz?

Ümumilikdə, motivindən asılı olmayaraq hadisənin baş verməsi nə qədər arzuolunmaz haldırsa, insanların məmurun, dövlət və hakimiyyət nümayəndəsinin ölüm və yaralanmasına sevinməsi üzücüdürsə, eynilə də dövlətin və hakimiyyətin vətəndaşların şikayətlərinə, gileylərinə, mətbuatın gündəmə gətirdiyi məsələlərə zamanında operativ reaksiya verməməsi qəbul olunmazdır. Nəticə göz qabağındadır. Gözümüzü açmağa daha nə yetmir?

Rövşən Rəhimli
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar