Xəbər lenti
"Keçdim dünyanın içindən..." - deyən Namiq Dəlidağlının doğum günüdür
Bu gün “Manevr.az”, “Dalidag.az” və "Sumqayitfakt.az” xəbər saytlarının təsisçisi, “Dəlidağ” Ədəbi Birliyi və Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsinin sədri, şar-jurnalist, filoloq, Namiq Dəlidağlının doğum günüdür.
Manevr.az ailəsi olaraq, bu münasibətlə dəyərli ziyalımızı təbrik edir, sağlam ömür, yeni yaradıcılıq uğurları, işlərində müvəffəqiyyətlər diləyirik.
Qeyd edək ki, Namiq Dəlidağlı 29 sentyabr (01 noyabr)1970-ci ildə Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. Orta təhsilini doğulduğu rayonda alıb. İxtisasca jurnalist-filoloqdur. Namiq Dəlidağlının hələ orta məktəb illərindən şeir və məqalələri Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində və mərkəzi mətbuatda dərc edilib. "Yenilik" qəzetinin ştatdankənar müxbiri olub. 1993-cü ildən dövri mətbuatda çalışır. “Açıq söz”, “Yeni dünya”, “Aydın səma”, “168 saat”, “Vaxt”, “İki sahil” qəzetlərində, o cümlədən bir sıra saytlarda müxbir, parlament müxbiri, şöbə müdiri, baş redaktor müavini işləyib. “168 saat”, ”Hər şey Sizin üçün”, “Gəncliyin səsi”, “Dəlidağ” qəzetlərinin baş redaktoru olub.
Namiq Dəlidağlı ilk gənclik illərindən ədəbi yaradıcılıqla məşğuldur. Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, “Kaspi”, “168 saat”, “Şəhriyar”, “Murovdağ”, “Vaxt”, “Yeni dünya”, “Səhifələr”, "Kredo", “Türküstan”, “Sumqayıt”, “Gəncliyin səsi” və s. qəzetlərdə, o cümlədən, “Xəzər”, “Ulduz”, “Cahan”, “Ali ziyalı”, “Xəzan”, "Ədəbi ovqat" və digər jurnallarda, internet saytlarında dərc edilib. Həmçinin bir çox şeirləri ölkəmizdə və xaricdə nəşr edilən ədəbi toplularda işıq üzü görüb. 5 publisistika kitabının müəllifi, həmmüəllifi, “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, "Əllidə ələnənlər" adlı şeir kitablarının müəllifidir. Şeirlərinə mahnılar bəstələnib.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Namiq Dəlidağlı “Qızıl qələm”, “Müqəddəs qələm” və digər ədəbi və media mükafatlarına layiq görülüb.
Namiq Dəlidağlı eyni zamanda, Qardaş Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” və "Kaya" xəbər portallarının köşə yazarıdır. Azərbaycan Yazıçılar Birliyinin xətti ilə verilən Prezident təqaüdünə layiq görülüb. Ailəlidir, 2 övladı var.
Namiq Dəlidağlının bir neçə yaradıcılıq nümunəsini oxuculara təqdim edirik:
KƏLBƏCƏRDƏ GÖRDÜKLƏRİM...
(Qaracaoğlan sayağı)
Of, içimdə dağ azarı,
üz tutmuşam dağa sarı.
Sərt qayalar - dağ hasarı
zirvələnir yollar boyu.
Qırağında ocaq daşı,-
nə gur yanır, ocaq - daşır.
Çəmən - çiçək ocaqlaşır
zər ələnir yollar boyu.
Misqal-misqal sıxıb balı,
min çiçəkdən sağıb balı,
arıya bax, yığıb balı
şələlənir yollar boyu.
Moruq tutub dərələri,
kim yığa, kim dərə, ləli?!...
Sular axır - dərə ləli
şirələnir yollar boyu.
Bir yol axtar, cığır ara,
bu yol gedib çıxır hara...
Çəhlimlərə, cığırlara
gül ələnir yollar boyu.
Daş ağıllar, qalacıqlar,
mən gedirəm, qalacaqlar.
Cərgə-cərgə alaçıqlar
binələnir yollar boyu.
TƏSƏLLİ
(Ürəyimlə dil tapa bilmədim. Məni əməliyyat masasına qədər apardı)
Səni qınamıram, səni, ürəyim,
dəmir deyilsən ki, daş deyilsən ki?!...
Ağrıyla, acıyla silələnmisən,
necə dözməliydin, boş deyilsən ki?!...
Üstündən bir qoşun dərd ötürmüşəm:
vaxtsız ata dərdi, torpaq itkisi.
Dizini qırmağa bəs elədi, bəs-
adını çəkdiyim dərdin iksi...
Sonra sıralandı itirdiklərim,
sonra nələr oldu, nələr yaşadım...
Əlimi yelləyib ötürdüklərim-
qənimim oldular illər - yaşadım.
...Gözüm görə - görə nuş elədilər,
qanımı içdilər qansız adamlar.
Məni yüz ağrıya tuş elədilər,
bu ruhsuz adamlar, cansız adamlar.
Canımda ağrını daha çoxaltdı,
bir naşı həkimin yazdığı dərman.
Yüz qaysaq yaramı yenə qopartdı,
bir nadan hakimin verdiyi fərman.
...Gözümdə, könlümdə qışlayan ağrı,
həsrətdən sinəmə min "naxış" vurdu:
Dərbənddən, Təbrizdən… başlayan ağrı,
göynəyən ruhumda bir yuva qurdu.
…Ağrı yetişdikcə göynəyir s i n ə,
kədər şirin-şirin yeyir ü r ə y i.
Hərdən də təsəlli verirlər mənə:
-xəstə olmalıdı şair ü r ə y i.
Yanvar 2020
PAYIZ NAĞILI
Elə ki payız gəldi-
yenə soyuq, darıxmaq...
Yenə sözümə baxmır
bu ürək ey, bu "axmaq"...
Yarpaqlar veyillənir
tinində küçələrin.
Payız ömrü uzanır
bu qərib gecələrin.
Yavaş-yavaş çəkilir
arılar öz "evinə".
Payız "soğan doğrayır"
kəpənəyin kefinə.
Göydə köçəri quşlar
buludlarla yarışır-
yuyur göyün üzünü,
yuyur payız yağışı.
Cığırlar mürgü döyür,
yol özünə sığınır.
Gedib qonaq-qarası,
kol özünə sığınır.
Sarı yarpaqdan geyib,
böcəklər qış kürkünü.
Durnaların başlayıb
uzaqlara "sürgünü".
...Uzun payız gecəsi
təşnəsiyəm nələrin...
Boyunu oxşayıram
uzaq xatirələrin...
DEMƏ
Keçdim dünyanın içindən,
boşca qəfəsmiş demə.
Qulaqları batıran,
quruca səsmiş demə.
Baxdım ondan köçən köçə,
baxdım özüm keçə-keçə,
baxdım şərab içə-içə,
bu da bir həvəsmiş demə.
Daha hər şeydən bezmişəm,
məzədən, meydən bezmişəm,
əlimi səndən üzmüşəm,
yaşamaq nə pismiş demə.
BİRNƏFƏSLİK ŞEİR...
Zəng elədim!
İçində
çiling-çiling
olmuş səsini
calayıb
birtəhər
cavab verdi.
Qırıq və
"yamaqlı" səsiylə
“yaxşıyam” və
“sağol”
sözünü dedi.
...İçinin dərinliklərində
nəfəsi kəsilmişdi
darıxan ADAMIN!
ADAM
Bu gidi dünyanın hər üzünə bələddi, “İpinin üstünə odun yığmaq mümkün olmadığını” məndən yaxşı bilir əziz dostum, dəyərli söz adamı Famil Müseyibov. Zaman-zaman həm də bəzi doslarının dönüklüyünü çox görüb. Ona görə də heç nədən, heç kimdən küsüb-incimir. Ancaq özündən gileylənir. Xeyli müddətdi öz iç dünyasına çəkilib, onu sevən dostlarını susmaqla cəzalandırır. Qeyri-standart düşüncələri, fərqli xarakteri, necə deyərlər, öz ölçü-biçi meyarı var. Hər adama yovuşmur, buna can da atmır. Qılıq-zad da onluq deyil.
Ukraynada yaşayan dostumla ara-sıra telefon danışığımız olur. Səhhətində baş verən kiçik problemdən sonra nitqində qüsur yarandığını israrla boynuma qoymaq istəyir və bundan utandığını dilə gətirir. Ancaq dost olaraq mən bunu hiss etmirəm.
Bu kiçik şeirə müqəddimə yazmasaydım, oxucumuz söhbətin nədən getdiyini bilməyəcəkdi. İfadələrimin bəzilərində ərk eləmişəm, Famil müəllim bağışlayar yəqin...
Tanrı duasıyla baş-başa qalan,
ruhu sevdalara köklənən Adam.
Bütün doğmaların-dostun içində-
ancaq öz köçündə təklənən Adam.
Hərdən bu dünyadan bezən, usanan,
əli qürbət yerdən yurda uzanan.
Bəzən öz halından özü “utanan”,
bütün sevgilərdən *şəklənən Adam.
Sözə adaxlanan, şeirə vurulan,
vaxtın axarında axan, durulan.
Ömrü dolaylardan keçib, yorulan
yolu “yoxuşlara” diklənən adam!
Göynək ağrılara ruhu tən olan,
zaman dəyirmandı – günü dən olan.
And yeri bir Tanrı, bir Vətən olan,
dəli duyğularla yüklənən Adam
*Şübhələnmək, inanmamaq…
İKİNCİ ETİRAF
Yenə doyunca vurdum
sənsizliyin sağlığına...
Nə yeyib, nə içdimsə və
nə düşündümsə
geridə izi qaldı:
yarımçıq pivə bakalı,
bir az
saçaqlı pendir,
"cipsi" ovuntuları,
xəyal qırıntıları,
bir də bir udum həsrət.
Sərxoşam indi,
yenə unutdum səni...
Ayılanda...
BİR UDUMLUQ ŞEİR...
Səni payızda sevdim,
“ayrılıqlar ayında”.
Ayrılığın qorxusu
canımdan çıxdı,
“oxay”.
Yəqin biz ayrılanda
başqa aylar olacaq-
“ayrılıqlar ayları”.
Səni payızda sevdim-
ürəklər sevgi barını
ayrılığa satanda:
mənim Payız sevgilim!
KƏLBƏCƏRƏ GETMƏ - ÇAĞIRIŞ
Müqəddəs yerlərimizin otuz ilə yaxın həsrətini çəkdik. Getdik, çöldə əliyinə, çayda balığına qənim kəsildik. Bulaqlarına, oylaqlarına düşmən kimi yanaşdıq. Növbəti ziyarətimdə Kəlbəcərdə gördüklərim məni çox narahat elədi.
Tamahını şişə çəkib,
həsrətini dişə çəkib,
gödənini başa çəkib,
Kəlbəcərə kefə getmə...
Mərd qayıdar, mərd yuvaya-
ac da qalsa Qurd yuvaya.
O müqəddəs yurd-yuvaya-
pis niyyətlə nəfə getmə.
Nə vaxt ora basdın ayaq,
beyninə düşdü kef-damaq.
Məqsədin əlik ovlamaq -
yükün araq, pivə, getmə
Buna görəydi qılığın,
doldumu qarın – tuluğun?!
Çaylarda qızıl balığın
boyun “sevə-sevə” getmə.
Xəlvətdə meydan suladın,
aldatdı şeytan - suladın.
Getdin, dağıdıb taladın,
yaxşısı, bu dəfə getmə!
Sentyabr 2023
İNTİHAR DÜŞÜNCƏLƏRİ (GÖZƏLLƏMƏSİ) 18+
I
Hər kəsin içində
bir intihar
istəyi var.
Və bətnində
bir intihar ağrısı var.
...Ölümə təslim olmaq
istəməyənlərin
qələbəsidi intihar;
öz qanına susayanların
son nidasıdı intihar;
bütün etirazların
haqq səsidi intihar;
dipdiri duyğuların
qəfil nəfəsinin
kəsilməsidi intihar.
Hə, bir də
canına qıyılan arzuların
şərəfinə qaldırılan
eşq badəsidi intihar:
ancaq içilməsi zor...
II
...Əcəlin (fələyin)intihar
edənlərə ölüm borcu qalır.
İnthar ölüm deyil,
intihar ölmək deyil,
sadəcə ayrılıqdı,
ancaq geri dönülməz.
TURAN ŞƏRQİSİ
İndi bütün dualar
üzü qibləyə Turan
eşqinə oxunur.
Tanrı hüzurunda
səcdədədi Türk.
Turan sevdası sınır tanımır-
dünyanın yaxası əlimizdədi.
Ulu bir tarixin silinməz
rəqəmləri üstə ayaqdadı Türk:
zaman Tezliklə, məkan Cahan.
Anaların bətnində qan
yaddaşı yetişir,
qan yaddaşı doğulur.
Yaddaş bağları təzələnir
aşiqlərin könlündə....
Sevinc nəməri paylayırıq,
Turan eşqinə.
Bütün aydın sabahlar
QURD üzünə açılsın.
İçimdə Türk sevdası var,
bütün sevdalardan öncə...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Media
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar