Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün Xankəndi Paradına Onlar da qatılacaq…

Tarix: 08-11-2023 07:56     Baxış: 3484 A- / A+








8 noyabr 2023-cü il. Azərbaycan sevgi saçır, eşq qoxuyur. Tarixi zəfər günümüzdür bu gün - böyüdüyümüz, yüksəldiyimiz gündür. Bir azdan Xankəndidə Qələbə Paradına şahidlik edəcəyik. Azərbaycan əsgəri Xanın kəndində Üçrəngli Bayrağımızın ucalığı altında növbəti tarix yazacaq...

Bu səhnəni - bir azdan öz gözlərinizlə görəcəyiniz o möhtəşəm səhnəni, o xoşbəxtliyi və bəxtəvərliyi bir anlıq xəyalınızda canlandırın, lütfən. Biz azərbaycanlılar - özümüz inana bilirdikmi bu düyünün bu qədər tezliklə çözüləcəyinə? Cəmi 3 il öncə Ermənistan kapitulyasiyaya məcbur ediləndə ortaya atılan “Xankəndini itirdik” iddialarını xatırlayırsınız? İçimizdəki xainlər, sapı özümüzdən olanlar ürəkdən sevinməyə qoymurdular, imkan vermirdilər Şuşa yüksəkliyinə fərəhlənməyə. O narahatlığın, ağırlığın fonunda suverenliyimizin belə qısa müddətdə bərpa ediləcəyini gözləyirdikmi? Qəlbimizin inanmaq istədiyini zehnimizin, şüurumuzun qəbullanması nə qədər zamanımızı alacaqdı?..

Ən optimistlərimiz ən yaxşı halda bunun 5 il sonra – Rusiya sülhməramlılarının missiyasının başa çatacağı dönəmdə mümkün olacağına ümid edirdilər.

Qəbul edirəm, təsəvvür etmək belə çətin idi, Şuşayacan gedib Laçına, hətta İsa bulağına aparan yolun üzümüzə bağlı olduğu bir reallıqda Xankəndini, yaralı Xocalını hiss etmək, onlara toxunmaq, onlara qovuşmaq, onlara sarılmaq... Düşüncəsi də müşkül, mürəkkəb görünürdü.

Amma... Aradan cəmi 3 il vaxt keçib və Xankəndidə dalğalanan Üçrəngli Bayrağımızı görmək də bizə nəsib oldu, o şəhərdə Qələbə paradına hazırlıqları izləmək də. İlk yayılan videolar, fotolar yadınızdadır? Adam inana bilmirdi; inanmağa qorxurdu. Hətta gözümüzü qırpmağa qorxurduq ki, itər, yox olar bu gözəllik, bu xoşbəxtlik. Adam şükr eləməkdən, təşəkkür eləməkdən, dua eləməkdən doymur, yorulmur:

Xankəndi də bizim olarmış!

Xanın ruhu da təskinlik taparmış!

Şuşa həsrəti 30 illik idi, Xankəndi özləminin neçə yaşı var, bilirsiniz? Xankəndi uzun illər idi ki, bizim deyildi, əlimizdən almışdılar, ruhumuzdan, altşüurumuzdan da qoparmağa çalışırdılar...

3 il, cəmi 3 il ərzində nə(lər) baş verdi? 10 noyabr bəyanatı imzalananda Xankəndiyə daxil ola bilməməyimizi şəhidlərimizin, qazilərimizin canıyla, qanıyla əldə edilən qələbəmizi gözdən salmaq üçün "fürsət" kimi görən və ictimai rəyi kirlətməyə çalışanların əksinə, Ali Baş Komandan İlham Əliyev 3 il ərzində bu Qələbəni addım-addım, zərrə-zərrə yaxınlaşdıran siyasət yürüdürdü. Və həmişə olduğu kimi, bu dəfə də “nəyi, nə zaman və necə etmək lazım olduğunu” hər kəsdən yaxşı bildiyini isbat elədi.

“Xankəndini, Xocalını, Xocavəndi itirdik”, “ermənilərə status verəcəklər”, “ərazilərimiz Rusiyaya verildi” və s. məntiqsiz, həm də bir o qədər absurd olan iddialarla 44 günlük Vətən müharibəsindən sonrakı üç il ərzində görülən gözəl işlərin üzərinə kölgə salmağa uğursuz cəhdlərdən başqa heç nə etmədilər. Əslində təsadüfi də deyildi və proseslərə daha dərindən baxdıqda burada osminoqun ayaqlarına bənzər bir şəbəkənin bütün bunları məqsədli şəkildə həyata keçirdiyini görmək mümkündür. İctimai rəyə yeritmək istəyirdilər ki;

- Azərbaycan daxilində siyasi hakimiyyət arzusunda olanlar torpaqların məhz İlham Əliyevin rəhbərliyi altında azad olunmasını qəbul etmir;

- Ermənistan məğlubiyyətini ört-basdır edir və “ermənilərə statusun verilməsi” istəyini Azərbaycanın ictimai rəyində legitimləşdirməyə çalışır;

- Bölgədə maraqları olan və bu maraqlarını Qarabağdakı erməni separatizmi üzərindən həyata keçirməyi planlaşdıran qüvvələr Azərbaycanın Zəfərini “məğlubiyyətə” çevirməyə can atırdı.

Daxili seqmentdə qələbəmizə kölgə salmağa hesablanmış kampaniya fonunda beynəlxalq müstəvidə Azərbaycana qarşı oyunların qurulduğu da açıq-aydın ortadaydı. ATƏT-in “Minsk Qrupu” ideyasının davamlı gündəmdə saxlanılması bu oyunun əsas komponentini təşkil edirdi. Məqsəd bəlli idi: Minsk Qrupunun mövcudluğunu qoruyub saxlamaq, “Qarabağ münaqişəsinin həll edilmədiyini” qəbul etdirmək və erməni separatçılarına “statusun” verilməsini aktuallaşdırmaq...

Bir tərəfdə ABŞ, Fransa və Avropa İttifaqı öz oyununu oynayırdı, digər tərəfdə Rusiya. Və 44 günlük müharibədə torpaqlarımızı azad etsək də, Qarabağ geosiyasi oyunçuların regional mübarizəsində platformaya çevrilirdi. Əslində 44 günlük müharibədən sonra döyüşlərin ikinci mərhələsinin başlandığını deyə bilərik, bizim tam görə bilmədiyimiz, kulislərdə baş verən və daha məkrli, daha çətin olan savaş.
Azərbaycanın bir yolu vardı: bu savaşda ya qalib gəlmək, ya da qalib gəlmək!
Asan deyildi, çünki bütün Qərb cəbhəsi bizə qarşı idi, regional oyunçulardan Rusiya və İran isə öz maraqlarına oynayır və ya ermənilərin üstündə qurulurdu. Amma...

O qüvvələr yəqin ki, İlham Əliyev fenomenini ya hesablamamış, ya da hesaba qatmamışdılar. Və geridə qoyduğumuz üç ildə baş verənlərə - bizi Xankəndiyə aparan yola - çətin və ağır prosesə nəzər salanda İlham Əliyevin bütün dünyaya növbəti bir master-klass keçdiyini əminliklə deyə bilərik. İlk dəfə bu, 44 günlük ildırımsürətli müharibədə baş vermişdi, ikinci dəfə 24 saatdan da az sürən döyüşlərdə...

Bu qəti Qələbəyə necə nail olduq? Azərbaycanın Ali Baş Komandanı suverenliyimizin bərpasına doğru siyasi və hərbi müstəvidə hansı strateji gedişləri etdi?

- Qərb cəbhəsində Brüssel formatını önə çıxarmaqla ATƏT-in Minsk Qrupunu tarixin arxivinə göndərdi;

- Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etdi və beləliklə, Qarabağı de-fakto da daxili məsələmizə çevirdi;

- Həm Qərb cəbhəsini, həm Rusiyanı fakt qarşısında qoydu;

- Qarabağda erməni separatizminin nəfəsliyi olan Laçın dəhlizini ləğv etdi;

- Bölgəyə qanunsuz yolla silah-sursatın daşınmasının qarşısını aldı;

- Erməni əhalisinin reinteqrasiyası məsələsini ön plana çıxardı;

- Laçın yolundan daşımalara qarşı Ağdam-Xankəndi marşrutunu irəli sürməklə erməni separatizminin varlığını davam etdirmək imkanlarını sıfırladı;

- Ordumuzun taktiki əməliyyatları ilə hərbi müstəvidə strateji üstünlüklər əldə edildi;

- Xankəndində gizlənən separatçılar ətrafında çəmbər hər keçən gün daraldı.

Və nəhayət, 20 sentyabr 2023-cü il tarixində son zərbəni endirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində erməni silahlı dəstələri tərk-silah olundu, separatçılar təslim olmağa məcbur edildi. Azərbaycan ordusu İlham Əliyevin komandanlığı ilə 44 günlük müharibədən sonra dünya hərb tarixində daha bir unikal nümunəyə imza atdı: mülki əhaliyə və infrastruktura heç bir zərər vurulmadan bütün legitim hədəflər məhv edildi. Üç ildir gözlədiyimiz an yetişdi və Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə şəhərləri və Şuşanın kəndləri azad edildi. Bu ərazilərdə bayrağımız yüksəldildi...

O torpaqlardan yenə də şəkillər, videolar paylaşılır. İlham Əliyev - Ali Baş Komandan dünəndən Qarabağdadır. Mən o fotoşəkillərə diqqətlə baxıram, o Doğma Adama baxıram və onunla yanaşı Qürur görürəm, Xoşbəxtlik və Əzəmət görürəm...

Bizim qələbəmiz qürurvericidir, əzəmətlidir və adamı xoşbəxtlikdən göylərə qaldırır...

İlham Əliyev 3 il öncə Şuşa zəfərinin xəbərini verəndə "Şuşasız olmaz" demişdi. İndi mən əminliklə bildirirəm ki, o an o, qəlbində də “Xankəndisiz olmaz” deyib. Mütləq deyib və biz o qətiyyətin, o ləyaqətli savaşın məntiqi sonluğunu bu gün seyr edirik.

Bu, ən yeni tariximizdə ən yeni başlanğıcdır.
Bu, suverenliyimizin tam bərpasıyla Beşinci Respublikadır.

İlham Əliyevin arzularının Azərbaycanıdır və ən yeni Azərbaycandır!

Bu gün indiyədək heç görmədiyimiz, hiss etmədiyimiz, yaşamadığımız çox gözəl bir gündür...

Mən əminəm ki, bu gün Şəhidlərimizin ruhu şaddır. Onlar da Xankəndidədir və Paradda sıraya düzləniblər...

Mən əminəm ki, Qazilərimiz də fərəhlidirlər. Yorğunluqları çıxıb, şükr edirlər...

Mən əminəm ki, ən çox, hamıdan çox, hər kəsdən çox İlham Əliyev sevinir. Bir xalqın 200 illik arzusunu gerçəkləşdirmək, gözünə, könlünə işıq olmaq, ordu olmaq, zəfər olmaq necə bir şövqdür, bunu yalnız O bilir...

Bizim bir ömürlük şükranlığımız var bu baş verənlərə, bu Qələbənin müəllifinə: Çox sag olun, Cənab Prezident, çox sag olun...

Xan Zəfərimiz mübarək!

Xankəndimiz mübarək...

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar